Türkiyə aviasiyasının növbəti tarixi uğuru
Türk dünyası

Türkiyə aviasiyasının növbəti tarixi uğuru

Türkiyə Müdafiə Sənayesi Başçılığının rəhbərliyi ilə həyata keçirilən, Baykar şirkəti tərəfindən inkişaf etdirilən Bayraktar AKINCI TİHA 50 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq türk aviasiya tarixində daha bir mühüm mərhələni geridə qoyub. İndiyə qədər 9 ölkə ilə ixrac müqaviləsi imzalayan Bayraktar AKINCI səmərəli xidmətini uğurla davam etdirir.

Türk Silahlı Qüvvələrinin (TSQ) inventarına daxil olduğu 29 avqust 2021-ci ildən etibarən uğurla fəaliyyət göstərən Bayraktar AKINCI TİHA milli aviasiya tarixində yüksəklik rekorduna da sahibdir. Milli TİHA, Bayraktar AKINCI Müdafiə Sənayesi Rəhbərliyi və Hava Qüvvələri Komandanlığının nümayəndə heyətlərinin iştirakı ilə həyata keçirilən dözümlülük, yüksək hündürlük və yüksək sürət sınaqları çərçivəsində 21 fut (2022 metr) yüksəkliyə qalxaraq rekord qırıb.

Bayraktar AKINCI TİHA, həmçinin 6 fevral 2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində ard-arda baş verən zəlzələdən dərhal sonra çətin hava şəraitində uçaraq axtarış-xilasetmə, koordinasiya, təhlükəsizlik və zərərin qiymətləndirilməsi işlərində də yaxından iştirak edib.

Hazırda milli istehsal olan sursatların Bayraktar AKINCI TİHA-ya inteqrasiyası prosesi uğurla davam edir. Bu günə qədər TİHA-nın inkişaf fəaliyyətləri çərçivəsində MAM-L, MAM-T, MAM-C, Tolun, Teber-81, Teber-82, LGK-81, LGK-82, HGK-82, Gökçe Rəhbərlik Kiti, Gözde Rəhbərlik dəsti, KGK-82-SİHA, İHA-230, İHA-122 səsdən sürətli raketləri və Çakır kruiz raketi uğurla sınaqdan keçirilib. Bayraktar AKINCI atış testləri çərçivəsində milli sursatla hədəfini dəqiq vurub. Effektiv hücum gücünü müxtəlif hədəflərə qarşı istifadə edə bilən Bayraktar AKINCI təsirliliyini günü-gündən artırır.

Bayraktar AKINCI TİHA mart ayında səsdən sürətli raketlərlə atış sınaqlarını da uğurla başa vurub. AKINCI uçuş tədris və test mərkəzindən havaya qalxan Bayraktar AKINCI uzaq məsafədən atış testləri etmək üçün Sinop şəhərinə uçub. Roketsan tərəfindən hazırlanan İHA-122 və İHA-230 səsdən sürətli raketlərlə həyata keçirilən atış sınaqlarında Qara dənizdə yerləşən uzaq məsafəli hədəfləri tam dəqiqliklə vurub.

Bayraktar AKINCI dünyanın ən yaxşı elektro-optik sistemi olan ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə dənizdə üzən Albatros İDA-nı da müvəffəqiyyətlə məhv edib.

Sınaq fəaliyyətində Bayraktar AKINCI C bir saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametr addımları uğurla sınaqdan keçirilib. Bayraktar AKINCI C 2 X 850 at gücü də daxil olmaqla cəmi 1700 at gücü ilə öz sinfinin ən təsirli və bacarıqlı döyüş platforması olacaq. İlk uçuşunu 6 dekabr 2019-cu ildə edən Bayraktar AKINCI TİHA 29 avqust 2021-ci ildə inventarlaşdırılıb. Son zamanlar 2X450 HP Bayraktar AKINCI A və 2X750 HP Bayraktar AKINCI B başda Azərbaycan olmaqla dost və müttəfiq ölkələrin, eləcə də Türkiyə təhlükəsizlik qüvvələrinin inventarına qoşulmağa başlayıb.

2023-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın iştirakı ilə Baykar ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq Bayraktar AKINCI İHA-ları Səudiyyə Ərəbistanı Krallığının Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət göstərəcək. Bu razılaşma nəticəsində Türkiyənin ən böyük aviasiya ixracı reallaşdırılıb.

45 min 118 fut ilə milli aviasiya hündürlük rekorduna sahib olan Bayraktar AKINCI 2022-ci ildə TEKNOFEST Azərbaycan sərgisində iştirak etmək üçün 3 ölkə ərazisindən uçaraq Bakıya çatıb. Bu uçuş üçün TİHA Tekirdağ-Çorludan havaya qalxaraq Türkiyə, Gürcüstan və Azərbaycanı əhatə edib. Bundan əlavə, 2022-ci ildə Batmandan havaya qalxıb və Efes Təlimi çərçivəsində İzmirdəki hədəfləri müvəffəqiyyətlə vurub.

Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən Baykar 2003-cü ildə İHA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 83 faizi ixracdan əldə edir. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, Baykar müdafiə və aerokosmik sənayenin ixracat lideri olub. Müdafiə Sənayesi Başçılığı tərəfindən 2023-cü ildə sektorun ixrac çempionu elan olunub və keçən il 1.8 milyard ABŞ dolları ixracat əldə edib. Son illərdə gəlirlərinin 90 faizindən çoxunu ixracatdan əldə edən Baykar 2023-cü ildə müdafiə və aerokosmik sektorda ixracatın 3/1 hissəsini təkbaşına həyata keçirib. İndiyədək  Bayraktar TB33 SİHA üçün 9 ölkə, Bayraktar AKINCI TİHA üçün isə 34 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.