Türkiyə-Azərbaycan həmrəylik həftəsinin açılışı
Digər xəbərlər

Türkiyə-Azərbaycan həmrəylik həftəsinin açılışı

Aprelin 25-nə qədər davam edəcək Türkiyə-Azərbaycan həmrəylik həftəsi Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə keçirilir.

Tədbirin açılış mərasimində çıxış edən Vəqfin rəhbəri Aygün Attar Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının dünyaya örnək olduğunu bildirib. O, Türkiyənin Qarabağ müharibəsində, Azərbaycanın isə Türkiyədəki yanğın və zəlzələ zamanı göstərdiyi dəstəyi xatırladıb. Həmrəylik həftəsinin məqsədinin bu dostluğu və qardaşlığı daha da möhkəmləndirmək olduğunu deyib, tədbirin Türkiyə Cümhuriyyətinin yaranmasının və Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilməsinə diqqət çəkib.

Ankara Universitetinin rektoru Necdat Ünüvar çıxışında Türkiyə-Azərbaycan dostluğundan söz açıb. Nəriman Nərimanovun Atatürkün yardımla bağlı təşəkkürünə "Qardaşın qardaşa borcu olmaz", - deyə cavabını yada salan Necdat Ünüvar eynilə Azərbaycan Prezidenti İlham Əliyevin Praqada o zamankı Ermənistan rəhbərliyinin Türkiyə əleyhinə çıxışına "Türkiyə burada yoxdur, mən varam", - deyə cavab verdiyini xatırladıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev Qarabağ zəfərində Türkiyənin dəstəyi və Şuşa Bəyannaməsi haqqında danışıb və qeyd edib ki, Türkiyə və Azərbaycanın dostluğu iki ölkə arasında münasibətdən daha artıqdır. O, Azərbaycanın zəlzələdən sonra bölgənin yenidən qurulmasında və inşasında da iştirak edəcəyini bildirib.

 Ermənilərin Qarabağa süni şəkildə gətirilməsi barədə danışan Milli Məclisin komitə sədri Ziyafət Əsgərov Türkiyənin Qarabağ savaşında Azərbaycana dəstəyini vurğulayıb. Komitə sədri "Şuşa Bəyannaməsi bizim qardaşlığımıza müttəfiqlik statusu verdi" deyərək güclü Türkiyənin olmasını istəməyən qüvvələrin mövcudluğunu təəssüflə qeyd edib.

Milli Məclisin digər komitə sədri Hicran Hüseynova da Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərlərini xatırladıb. Zəngəzurla bağlı vaxtilə Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin apardığı işlərdən danışıb.

TED Universitetinin rektoru, professor İhsan Sabuncuoğlu da Qarabağ savaşından sonra ölkələrimiz arasındakı həmrəyliyin işbirliyinə çevrilməsinin vacibliyini vurğulayıb: "Bir neçə ay öncə Azərbaycanda 55 universitetin rektoru ilə görüşdük. Azərbaycan və Türkiyə universitetlərinin təcrübə mübadiləsi vacibdir. Daha çox beynəlxalq layihələr icra etməliyik". Rektor TED Universitetinin Azərbaycandan şəhid və qazi ailəsindən olan 4 tələbəyə burs vermək istədiyini də diqqətə çatdırıb.

Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu bildirib ki, birliyin jurnalının növbəti sayı Türkiyədə baş verən "Əsrin fəlakəti" sayılan zəlzələyə həsr olunub: "Zəlzələ zamanı 123 ölkə Türkiyəyə dəstək oldu, 88 ölkə burada xilasetmə işlərində iştirak etdi. Amma bu zəlzələnin acısını ancaq türk dünyası ədəbiyyatı yazdı. Jurnalımızda 110 şeir dərc olunub".

Tədbirdə Qarabağ qazisi Əhliyət Mehdiyev də Qarabağ savaşından danışıb. O, həmçinin zəlzələ zamanı 1 ay ərzində 200 könüllü gənclə birlikdə zəlzələ bölgəsində çalışdıqlarını xatırladıb: "Biz zəlzələ bölgəsində də Qarabağ müharibəsində olduğu kimi mübarizə apardıq".

Qeyd edək ki, Türkiyə-Azərbaycan həmrəylik həftəsi çərçivəsində Türkiyə Cümhuriyyətinin və ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Mustafa Kamal Atatürk və Heydər Əliyevi anım tədbiri, Nigar Helmi Abbasbəylinin "Qarabağ miras gecəsi" adlı sərgi, elm adamlarının iştirakı ilə "24 aprel 1915-ci ildə nə baş verdi?" adlı konfrans və Ankaradakı Heydər Əliyev parkında Türkiyə-Azərbaycan həmrəylik gecəsinin keçiriləcəyi bildirilir. Həmrəylik həftəsi aprelin 25-də "Türk dünyası gənclərinin birliyi" adlı forumla yekunlaşacaq.

Tədbirlərdə Azərbaycandan iştirak edən nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Adil Əliyev, parlamentin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov, Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qazi Əhliyət Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev və digər şəxslər daxildir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.