Türkiyə bələdiyyə seçkilərinə hazırlaşır
Türk dünyası

Türkiyə bələdiyyə seçkilərinə hazırlaşır

Mart ayının 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək.  Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzan Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Ötən ilki prezident və parlament seçkilərində qalib gələn hakim partiya bu seçkilərdə də üstünlük qazanmaq niyyətindədir.

Türkiyə Ali Seçki Şurası (YSK) seçkilərin keçirilməsi ilə bağlı qərarı 2023-cü ilin oktyabr ayında qəbul edib. "Resmi Gazete"də dərc olunan yenilənmiş seçki təqviminə əsasən, ölkədə seçki kampaniyası yanvarın 1-dən martın 30-dək davam edəcək. YSK artıq  31 mart 2024-cü il tarixində keçiriləcək yerli özünüidarəetmə orqanlarına, ümumi seçkilərdə iştirak edəcək 36 siyasi partiyanın iştirakına icazə verib.

2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək. Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si,  yerli vaxtla saat 18:00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək. Martın 21-də qadağalar başlayacaq və səsvermə günü martın 31-də keçiriləcək.

Seçkilərdə əsas mübarizənin İstanbul və Ankara bələdiyyə sədrləri postları uğrunda gedəcəyi gözlənilir.

Artıq partiyalar, seçkilərdə iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.  Prezident Rəcəb Tayyib Ərdoğan 11-i böyük şəhər olmaqla 26 şəhər üzrə partiyasının namizədlərinin  adını ictimaiyyətə elan edib. Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinə "Yenidən İstanbul, yenidən AK Parti" şüarı ilə qatılır. Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyəsinin sədri vəzifəsinə sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurumun namizədliyini irəli sürdüyünü açıqlayıb. Ölkə başçısı AK Partinin namizədlərinin məsləhətləşmə, araşdırma və qiymətləndirmədən sonra müəyyən edildiyini vurğulayıb.

Murat Kurum 2018-2023-cü illərdə ölkənin ətraf mühit və şəhərsalma naziri olub. CHP-dən olan hazırkı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da vəzifəsini qorumaq üçün mübarizəyə növbəti dəfə davam edir.

Ankara Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə isə Turqut Altınokun namizədliyi irəli sürülüb. Altınok seçkilərdə hazırkı bələdiyyə sədri, CHP-nin namizədi Mansur Yavaşa rəqib olacaq. Əsas peşəsi hüquqşünas olan Altınokun siyasi həyatı Ülkü Ocaklarında başlayıb. O, 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində MHP-dən, 1999-cu ildə Fəzilət Partiyasından, 2019-cu ildə isə AKP-dən Keçiören Bələdiyyəsinin sədri  seçilib.

Türkiyədə bələdiyyələrin geniş səlahiyyətləri fonunda qarşıdakı seçkilərə də maraq yüksəkdir. Siyasi analitiklərin qənaətinə görə, Türkiyə müxalifəti İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə məğlub olsa, siyasi təsir imkanlarını tamamilə itirəcək.

Mövzuyla bağlı açıqlama verən siyasi ekspert Volkan Aydemir Ankara və İstanbul Böyükşəhər bələdiyyələri uğrunda AKP ilə CHP arasında gərgin rəqabət olacağını vurğulayıb: "Hakim partiya 5 dəfə ardıcıl qələbədən sonra İstanbulda Binəli Yıldırımın timsalında Əkrəm İmamoğluna məğlub oldu.  Əsas diqqət şübhəsiz ki, İstanbul və Ankaraya yönələcək. Çünki biri paytaxt şəhəridir, digəri də Türkiyənin iqtisadi mərkəzi, dünyanın isə aparıcı şəhərlərindən biridir. Xüsusən ötən seçkilərdə İmamoğlu və Yavaşın timsalında AKP-nin məğlub olması hakim partiyanı bu seçkilərdə fəallığa təşviq edir. Onlar qələbə qazanmaq üçün maksimum səy göstərəcəklər. Son günlərə qədər AKP-nin İstanbuldakı namizədi barədə müxtəlif adlar çəkilsə də, sonda Murat Kurumun üzərində dayanıldı.

Artıq Ərdoğan Kurumla bağlı mesajını da ictimaiyyətə çatdırıb. Onun beş il Türkiyənin ətraf mühit və şəhərsalma naziri olmasını əsas gətirib və İstanbulu inkişaf etdirəcəyini bəyan edib. Daha bir maraqlı məqam isə AKP-nin Ankarada millətçi namizədi önə çıxarmasıdır. Bu da hazırda Ankara Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edən millətçi Mansur Yavaşın səslərini parçalamağa xidmət edir. Hətta CHP-nin namizədləri İstanbul və Ankarada yenidən qalib gəlsələr belə bu, Türkiyənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olmayacaq. Çünki AKP və "Cümhur İttifaqı" həm prezident, həm də parlament seçkilərində qələbə qazanıb. Bu seçkilər müxalifətin, xüsusən ana müxalifət partiyası CHP-nin fəaliyyətində həlledici məqam olacaq".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.