Siyasət

"Türkiyə olan yerdə Azərbaycan var"

Dövlət başçımızın qardaş ölkə liderinin iştirak etmədiyi Avropa Siyasi Birliyinin sammitinə qatılmaması sarsılmaz birliyin təsdiqidir

44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan 3 ildir ki, düşmən ölkə ilə münasibətləri normallaşdırmaq, 30 illik işğalçılıq səhifəsini çevirməklə mehriban qonşuluq şəraitində yaşamaq və iki region ölkəsi olaraq bölgədə reallaşdırılan layihələrdə birgə iştirak etmək üçün ciddi səy göstərir. Lakin bu addımları dəyərləndirməyən Ermənistan Azərbaycanın təklif etdiyi beş baza prinsipindən ibarət sülh sazişini hələ də imzalamayıb.

Müharibədə qalib tərəf olmasına baxmayaraq, məğlub ölkəyə sülh təklif edən ölkəmizin bu səylərini dəstəkləyən dövlətlər Azərbaycanla çoxtərəfli əməkdaşlıq həyata keçirmək üçün sözsüz ki, ilk növbədə, regionda təhlükəsizliyin, əmin-amanlığın bərqərar olmasında maraqlıdırlar. Bu mənada, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Avropa İttifaqı dəfələrlə iki ölkə liderinin görüşməsinə və sülh prosesi istiqamətində uğurlu addımların atılmasına vasitəçilik etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel görüşlərində münasibətlərin normallaşmasına, sülhün əldə olunmasına ciddi səy göstərilmişdir. İkitərəfli görüşlər Moskvada, Soçidə də keçirilmiş və ölkə başçımız sülh müqaviləsinin imzalanması üçün təklif olunan bütün görüşlərdə iştirak etmişdir. Eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin rəhbərləri səviyyəsində Cenevrədə və Vaşinqtonda da görüşlər baş tutmuşdur. Ötən il oktyabrın 6-da ölkə başçımız Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri zamanı Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanın Brüssel formatını dəstəklədiyini vurğulamışdır.

Avropa Siyasi Birliyinin növbəti 3-cü sammitinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində beşli formatda - Ermənistan, Azərbaycan, Fransa, Almaniya, Avropa İttifaqı çərçivəsində keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan bu görüşdə Türkiyənin də iştirakını təklif etsə də, Fransa məqsədyönlü şəkildə buna razılıq vermədi. İlk olaraq qeyd edək ki, ötən il siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilatın yaradılmasında əsas məqsəd Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı olsa da, Birliyin tərkibinə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir. Türkiyənin təşkilatın tərkibində olması ilə yanaşı, region ölkəsi kimi Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyinə dair strateji söhbətlər aparmaq üçün təşkil olunan danışıqlara qatılmağa digər dövlətlərdən daha çox haqqı çatır. Həmçinin Türkiyə Avropa Siyasi Birliyinin bundan əvvəl keçirilən hər iki sammitində iştirak etmişdir. Bu dəfə isə Rusiya XİN-in başçısı Sergey Lavrovun dediyi kimi, "ayaqüstü görüş"ə Aİ prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tərəflərlə yanaşı, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts qatıldığı halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakına etiraz edilməsi həm də Azərbaycan əleyhinə atılmış addım idi. Xüsusilə, Fransanın bu mövqeyi Azərbaycan-Türkiyə birliyini həzm edə bilməməsinin, eyni zamanda bu iki dost, qardaş ölkənin birliyinə qərəzli münasibətinin təzahürüdür. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib: "Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil".

Bütün dünyaya məlumdur ki, bir millətin iki dövləti olan bu qardaş ölkələr çətin gündə də, yaxşı gündə də sarsılmaz birlik nümayiş etdiriblər və hər iki dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycan-Türkiyə birliyinin əbədiliyinə hesablanıb. Əslində, Azərbaycanın Türkiyənin iştirakını həm region ölkəsi kimi, həm də görüşün iştirakçılarının sayının artırılması baxımından istəməsi anlaşılandır. Lakin ölkə başçımızın bu istəyi yerinə yetirilmədiyindən "beşli format"ın görüşü alınmadı. Prezident İlham Əliyev Avropanın 50-yə yaxın ölkəsinin liderlərinin, onların köməkçilərinin və digər rəhbər şəxslərinin, həmçinin yüzlərlə jurnalistin qatıldığı Avropa Siyasi Birliyinin növbəti sammitində iştirakdan imtina etdi. Bu isə bir daha dost, qardaş, müttəfiq olan Türkiyə-Azərbaycan birliyinin örnək nümunəsidir. Həmçinin Prezident İlham Əliyevin "Türkiyə olan yerdə Azərbaycan var" sözləri iki ölkə arasında birliyin, liderlər arasında münasibətlərin ümumi maraqlara xidmət etdiyinin təsdiqidir.

Mehparə ƏLİYEVA,

"Respublika".