“Türkiyə-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli
Türk dünyası

“Türkiyə-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli" adlı konfrans

Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, "Türkiyə-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli" adlı konfrans keçirilib.  Konfrans Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə "Şeraton" oteldə baş tutub.  Tədbirdə ilk öncə  Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər  iki ölkənin  şəhidlərinin  ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra təşkilatçılar tərəfindən hazırlanmış Heydər Əliyevin 100 və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Türk Ağsaqqalları Birliyi - TAİB-in sədri, professor Sudeif İmamverdiyev, Türkiyədə Azərbaycan İş Adamları Birliyinin rəhbəri Elşən Quliyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Efkan Ala, Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydın,  Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, "SOCAR-Türkiye"nin baş direktoru Elçin İbadov və başqaları çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edərək Prezident İlham Əliyev və Prezident  Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı münasibətlərin taclandırıldığını vurğulayıb. Türkiyə parlamentinin sədri  qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ürəkaçan səviyyəsi, Türkiyə yüz ilinə böyük töhfədir, həmçinin türk dünyasının yeni yüz ilinin başlanmasının da təməlini qoyur. Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycana yox, bütün türk dünyasına böyük miras qoyub. O, həmçinin vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələrdə inkişaf edir: "Bunun bütün türk dünyasına nümunə olacağına inanırıq". N.Kurtulmuş sonda deyib ki, Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Türkiyənin mənəvi dəstəyi ilə 30 illik erməni işğalına son qoyulub. Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə Qarabağ abad olacaq.

Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Efkan Ala iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etdirilməsindən söz açaraq mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb.

Konfransda çıxış edən Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydın  iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edib və iki ölkə arasındakı əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib.

Azərbaycan parlamentinin Səhiyyə Komissiyasının sədr müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov deyib ki, Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin prezidentlik dövründə daim diqqət mərkəzində saxlanılıb, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirilib. Bu gün fəxrlə deyə bilərik ki, türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb.

Konfransda SETA  Akademiyasının direktoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, "SOCAR-Türkiye"nin baş direktoru Elçin İbadov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin bütün türk dünyasına nümunə olduğunu qeyd edərək prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər.

Tədbirin sonunda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa, AK Parti sədrinin birinci müavini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydına, Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.

Esmira Yazkan Aslanova,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.