Türkiyədə meşə yanğınları səngimir
Dünya xəbərləri

Türkiyədə meşə yanğınları səngimir

Son günlər Türkiyədə davam edən və yüzlərlə hektar sahəyə yayılan meşə yanğınları ölkənin İzmir, Balıkesir, Aydın, Silivri, Hatay  bölgələrində nəzarət altına alınsa da.  Çanakkaledə baş verən yanğının söndürülməsi hələlik mümkün olmayıb. Şam ağaclarının yerləşdiyi dağlıq ərazilərdə baş verən yanğınların  səbəbləri, güclü küləyin təsiri və havanın çox isti olmasıdır.

Ölkənin şimal-qərbində yerləşən Çanakkaledə yanğının söndürülməsi günlərdir  davam edir. Yanğınsöndürmə əməliyyatına 8 təyyarə, 26 helikopter, 240 ədəd suçiləyici, 71 su tankeri və 330 ədəd digər vasitələr cəlb edilib. Yanğın zonasına yaxın olan 10 kənddə ümumilikdə 337 təsərrüfat və  1251 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib. O cümlədən Sarıcaeli kəndinin qocalar evindən 72 vətəndaş təxliyə olunaraq yataqxanaya yerləşdirilib. Bölgədə meşə yanğınına qarşı mübarizə tədbirləri aramsız olaraq davam edir. Bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, bölgəyə AFAD, Meşə İdarəsi, Türk Polis Təşkilatı, Jandarma, Milli Müdafiə Nazirliyi, bələdiyyələr və özəl idarələrdən ibarət 2.659 işçinin cəlb olunduğunu bildirib. Nazir  həmçinin vurğulayıb ki,  Çanakkale-Çan şosesi mülki nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanılıb, Çannakkale-Kepez bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanakkale boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti tək istiqamətdə həyata keçirilir.  Gəmilər müvəqqəti olaraq Egey dənizindən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər. Hadisə bölgəsinə həkimlər və jandarma qüvvələrinin əlavə hissələri də göndərilib. Kayadere və Terzioğlu kənd sakinləri də müvəqqəti olaraq evlərini tərk etmələrinin mümkünlüyü ilə bağlı xəbərdarlıq edilib. Yanğın zamanı onlarla  heyvan xəsarət alıb. Yerli sakinlər səlahiyyətlilərin köməyi ilə iribuynuzlu və xırdabuynuzlu mal-qaranı təhlükəsiz ərazilərə çıxarmağa çalışırlar.

Yanğın nəticəsində  7 evin yanaraq külə döndüyünü, 54 nəfərin tüstüdən zərər çəkdiyini  və müalicə aldığını bildirən Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yanğınla əlaqədar 23 təcili tibbi yardım maşınının və 4 UMKE qrupu ilə birlikdə ümumilikdə 85 səhiyyə işçisinin yanğın bölgəsinə ezam olunduğunu vurğulayıb.

Onu da qeyd edək ki, Yunanıstanda baş vermiş yanğınla əlaqədar olaraq Türkiyə-Yunanıstan arasındakı ''İPSALA'' sərhəd qapısı müvəqqəti olaraq bağlanıb. Səbəb Yunanıstanda hazırda davam edən yanğınla bağlı bütün yolların tıxacla dolu olması göstərilir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.