Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanıb
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanıb

Dekabrın 7-də Hərbi Prokurorluqda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluqdan verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı "Heydər Əliyev guşəsi"ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasətçinin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları böyük şəxsiyyətin, eləcə də bütün şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb. Xanlar Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından söz açan ədliyyə general-leytenantı Xanlar Vəliyev sözügedən Sərəncamın və onun əsasında hazırlanan tədbirlər planlarının müddəalarının aidiyyəti qurumlar, o cümlədən Hərbi Prokurorluq orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə uğurla icra edildiyini, bu müqəddəs missiya ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirildiyini diqqətə çatdırıb.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub.

Prezident İlham Əliyevin dərin zəkası, hərtərəfli bilikləri, mükəmməl rəhbərliyi, sarsılmaz qətiyyəti və gərgin əməyi sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılıq nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi də şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Uğurla həyata keçirilən antiterror əməliyyatları bir daha təsdiq edib ki, "Dəmir yumruq" yerindədir, istənilən təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin "başını əzməyə" qadirdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Milli Məclisin deputatları Cavanşir Feyziyev "Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu", Arzu Nağıyev "Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti", İqbal Məmmədov "Ümummilli Lider Heydər Əliyev və Azərbaycançılıq", Vüqar İsgəndərov "Ulu Öndər Heydər Əliyev irsi, müstəqil dövlətçilik" və Jalə Əhmədova "Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir" mövzularında məruzələr söyləyiblər. Xalq şairi Vahid Əziz Ulu Öndərlə bağlı xatirələri bölüşüb.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki,  Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, böyük tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman dərin ehtiramla yad ediləcək.

“Respublika”.