Ulu Öndər Heydər Əliyevin çağırışlarının Qayıdış Konsepsiyasında təsbiti
Siyasət

Ulu Öndər Heydər Əliyevin çağırışlarının Qayıdış Konsepsiyasında təsbiti

XX əsrin əvvəlindən etibarən Ermənistanın zaman-zaman Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürməsi və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları və deportasiyalar nəticəsində yüz minlərlə soydaşımız tarixi-etnik torpaqlarından didərgin düşmüşlər.

1993-cü ildə xilaskarlıq missiyası ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev qaçqın və məcburi köçkünlərin faciəsini öz şəxsi faciəsi kimi qəbul edirdi. Çünki on minlərlə azərbaycanlı ailəsi kimi, onun qohum-əqrəbası da 1918-1920-ci illərdə erməni təcavüzünün qurbanına çevrilmişdi. Hələ 1905-ci ilin noyabr ayında Heydər Əliyevin atasının yaşadığı Zəngəzur qəzasının Comərdli kəndi erməni quldur dəstələrinin silahlı hücumuna məruz qalmışdı. Həmin vaxt comərdlilər erməni quldurlarına ciddi müqavimət göstərmişdilər. Lakin silah-sursat çatışmadığından əhali müvəqqəti olaraq kəndi tərk etmək məcburiyyətində qalmışdı. Ara sakitləşəndən sonra comərdlilər yenidən öz doğma kəndlərinə qayıtmışdılar.

1918-1920-ci illər qırğınları daha dəhşətli olmuşdu. 1918-ci ilin yayında quldurbaşı Andranikin qoşunu Zəngəzura soxuldu. Comərdlilər silaha sarılıb müqavimət göstərsələr də, erməni quldurlarının top-tüfəngi qarşısında duruş gətirə bilmədilər. Kənd əhalisini uşaq, qoca, qadın demədən hamısını öldürdülər, çox az bir qisim əhali qaçaraq canlarını qurtara bildi. Yalnız yaylaqda olan comərdlilər ermənilərin hücumundan öncədən xəbər tutduqları üçün qonşuluqdakı Naxçıvanın kəndlərinə qaçaraq canlarını qurtara bilmişdilər. Həmin vaxt ermənilər Heydər Əliyevin babası Kərbəlayi Cəfəri, nənəsi Güllücahan xanımı, əmisi Qafarı və onun ailəsini, digər əmisi Ərsuvarı da qətlə yetirmişdilər. Heydər Əliyevin atası Əlirza kişi həmin vaxt Bakıda neft mədənlərində işləyirdi və qırğınlardan çox gec xəbər tutmuşdu. Heydər Əliyevin anası İzzət xanımın 7 qardaşını da ermənilər vəhşicəsinə qətlə yetirmişdilər. Heydər adını ona ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dayısı Heydərin xatirəsini yaşatmaq üçün qoymuşdular.

Ermənilərin törətdikləri vəhşiliklər barədə Heydər Əliyevin ətraflı məlumatı var idi və sovet rejimi olmasına baxmayaraq, ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı xəyanətkar niyyətlərindən xəbərdar idi. Bunu ermənilər də gözəl bilirdilər. Heydər Əliyevin Sovet Azərbaycanının rəhbəri olduğu dövrdə və SSRİ-nin rəhbərliyində təmsil olunduğu illərdə erməni separatizminin qarşısı qətiyyətlə alınmışdı.

Heydər Əliyev öz çıxışlarında və müsahibələrində Ermənistan dövlətinin tarixi Azərbaycan ərazisində qurulduğunu, Sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin hissə-hissə Ermənistana verildiyini və oradan azərbaycanlıların SSRİ hökumətinin qərarları ilə deportasiya edildiyini, azərbaycanlıların öz doğma yurdlarına qayıdacaqlarına inamını dəfələrlə ifadə etmişdir. İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi məsələsinə Ulu Öndər dəfələrlə toxunmuşdur. Heydər Əliyev 14 yanvar 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Konstitusiya komissiyasının iclasında demişdir: "Məlumdur ki, o vaxtlar Azərbaycan Demokratik Respublikasını yaradanlar Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən İrəvanın Ermənistana verilməsinə razı olmuşlar. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Həsən Hacınskiyə teleqramı bizim arxivlərimizdə vardır. O, eyni zamanda xəbər verir ki, biz artıq ermənilərlə mübahisələri sona çatdırdıq, çünki biz İrəvanı ermənilərə verməyə razılaşdıq. Teleqram rus dilində yazılıb. Orada deyilir: "Mı ustupili Yerevan armyanam". Nitqinin sonunda Ulu Öndər demişdir: "Bunları bilmək lazımdır. Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Xalqımız da daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxtsa əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar. Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir. Mən bu torpaqlarla əlaqədar məsələni dedim. 50 il bundan əvvəl, 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunublar. O, Azərbaycan torpaqları idi də. Həmin torpaqlardan, hansılar ki, o vaxtlar - 1918, 1919, 1920-ci illərdə mübahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra - 40-50 il yaşayandan sonra - 1948-ci ildə hesab elədilər ki, azərbaycanlıları oradan tamamilə çıxarmaq lazımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olubdur".

Ümummilli Lider 26 may 1996-cı ildə Milli bayram - Respublika Günü münasibətilə təntənəli yığıncaqda demişdir: "Keçmiş zamanlarda Azərbaycanın torpaqlarının bir qismi əlindən gedibdir. Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır".

Ulu Öndər xarici ölkələrə səfərləri zamanı və xaricdən gələn qonaqları qəbul edərkən Qərbi Azərbaycan məsələsini qabardır, indiki Ermənistanın tarixi Azərbaycan torpağı olmasını diqqətə çatdırırdı. O, 21 iyun 1996-cı ildə Türkiyənin İğdır vilayətinin nümayəndələri ilə görüşündə demişdi: "Bilirsiniz ki, keçmiş zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İğdırın qarşısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İğdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü-beşi deyəcək ki, ya Zəngibasardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncədəndir, Naxçıvandandır".

1998-ci il iyun ayının 27-də Heydər Əliyevin sədrliyi ilə Respublika sarayında qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirildi. Müşavirədəki nitqində Ümummilli Lider demişdi: "1988-ci ildə ermənilər özləri törətdikləri bütün cinayətlərdən, təxribatlardan və Azərbaycana qarşı təcavüzkar hərəkətlərindən istifadə edərək, Ermənistanda yaşayan azərbaycanlıların zorla çıxarılmasına, onların qaçqın vəziyyətinə düşməsinə nail oldular. Azərbaycan tərəfi, rəhbərliyi yenə də buna qarşı adekvat addımlar ata, tədbirlər görə bilmədi, ən azı passiv müdafiə mövqeyini tutdu. Beləliklə, Ermənistanda, öz doğma torpaqlarında, diyarlarında yaşayan azərbaycanlılar Ermənistandan kütləvi surətdə çıxarıldılar, qaçqın oldular. Siz bu barədə bilirsiniz ki, XX əsrdə Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və qədim Azərbaycan torpaqlarında vaxtilə yaranmış Ermənistan dövlətinin azərbaycanlıları öz doğma torpaqlarından tədricən çıxarması, onları deportasiya etməsi haqqında məlumatlar, faktlar bizim qərarlarımızda, fərmanlarımızda, sənədlərimizdə öz əksini tapıbdır. Ermənistan hakimiyyəti əsrin əvvəlindən başladığı bu siyasətə 1988-ci ildə demək olar ki, son nöqtəni qoymağa nail oldu və azərbaycanlılar öz doğma yurdlarından, torpaqlarından zorla çıxarıldılar, qaçqın oldular. Onların bir qismi o vaxtkı Sovetlər İttifaqının respublikalarında, Rusiyada, tam əksəriyyəti isə gəlib Azərbaycanda yerləşdilər".

Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz yer-yurdlarına qayıdacaqlarına inandığını bildirirdi. O, 10 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarının bir qrupu ilə görüşündə demişdi: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir... Mən güman etmirəm ki, o torpaqlardan islam əbədi olaraq silinibdir, - mən belə hesab etmirəm. İslam harada olubsa, ora bir də gələcəkdir. Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri - müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar. Ona görə o yerləri islamın xəritəsindən heç vaxt silmək olmaz".

Ümummilli Lider Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistan Respublikasından olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində iştirak etdi. Bu, Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə son görüşü idi. Həmin görüşdə Ümummilli Lider demişdi: "1918-ci ildə onlar azərbaycanlılarla ermənilər arasında qanlı vuruşlara şərait yaratdılar. Azərbaycanlıları Ermənistan ərazisində və başqa yerlərdə qırmağa başladılar və qırğın yaratdılar. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar, demək olar ki, o vaxtdan öz doğma torpaqlarını tərk etməyə məcbur oldular. Hər il tədricən Ermənistandan qədim ata-baba torpaqlarını tərk edib Azərbaycanın ərazisinə köçmək məcburiyyətində oldular. Beləliklə, getdikcə ermənilər azərbaycanlılara məxsus olan torpağı, Ermənistan adlanan yeri zəbt edəndən sonra orada özlərinə dövlət yaratmağa, əhalinin çoxluğunu təmin etməyə çalışdılar. Buna da nail oldular. Sonrakı dövrdə də Azərbaycana Ermənistan ərazisindən azərbaycanlıların axını davam edibdir.

Ancaq 1948-ci ildə SSRİ hökumətinin qərarı ilə təəssüflər olsun ki, o vaxtkı Azərbaycan hökumətinin də razılığı ilə - azərbaycanlıları kütləvi olaraq Ermənistan ərazisindən deportasiya etdilər. Özü də çox ağır şəraitdə - insanlara öz mal-mülklərini də yığışdırmağa imkan vermədilər. Dağlıq yerdə yaşayan adamları yük vaqonlarına doldurub, dəmir yolu ilə gətirib Azərbaycanın Muğan, Mil zonasına - çöllərə tökdülər. Məlumdur ki, deportasiya olunanların bəzisi orada qırıldı, bəzisi sonra yenə də müəyyən yollarla öz torpaqlarına, öz evlərinə qayıtdı. Çünki ürəkləri davam gətirə bilmirdi. Böyük bir qismi də Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına qoşuldu və Azərbaycanda yaşadı.

Beləliklə, get-gedə Ermənistan ərazisində azərbaycanlıların sayı azaldı, azaldı, azaldı. Nəhayət, ermənilər 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsini başlayaraq, dərhal azərbaycanlıları Ermənistan ərazisindən tamamilə çıxardılar. O cümlədən siz də, əziz qardaşlar, bacılar, həmin o vaxt ermənilərin azərbaycanlılara qarşı bu sonuncu qəddar, düşmənçilik siyasətinin və terrorçuluq hərəkətlərinin qurbanı oldunuz. Evinizi-eşiyinizi, varınızı-dövlətinizi itirdiniz, ata-baba yurdlarını tərk etdiniz, ulu babalarınızın qəbirlərindən ayrıldınız və Azərbaycana gəldiniz. O vaxt sizin məskunlaşmağınız üçün bəzi tədbirlər görülmüşdür. Ancaq bunlar lazımi qədər olmamışdır. Açıq deyək, o qədər imkan da yox idi, müharibə gedirdi. Ancaq get-gedə, ilbəil biz sizin məskunlaşmağınızla məşğul olduq.

Mən adıçəkilən fərmanlarda 1988-ci ildə Ermənistan ərazisindən Azərbaycana zorla köçürülmüş, qaçqın düşmüş insanların, soydaşlarımızın məskunlaşması məsələsini həll etmək qərarına gəldim. Mən əvvəlki illərdə də bunu istəyirdim. Ancaq bilin, imkan, vəsait yox idi. Bunun üçün biz yaşamalı idik, iqtisadiyyatı inkişaf etdirməli, neft strategiyasını həyata keçirməli idik. Beləliklə, gəlirlərimizi artırmalı idik ki, bu cür böyük layihələrin həyata keçirilməsinə başlaya bilək.

Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam".

Ulu Öndərin Qərbi Azərbaycanla bağlı çağırışları bu gün Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz təzahürünü tapmışdır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə Ermənistan hərbi birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarının 2020-ci ilin payızında 44 gün ərzində azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasından sonra gündəliyə gəlmişdir.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə dövlətimizin başçısı istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.

Dövlət başçısı tarixə müraciət edərək bu gün Ermənistan Respublikası adlanan dövlətin əzəli Azərbaycan torpaqlarında mövcudluğunu, bunu təsdiqləyən sənədlərin və xəritələrin əlimizin altında olduğunu və dünya ictimaiyyətinin bütün bunları bilməli olduğunu bildirdi və öz çıxışında dedi: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq".

Prezident İlham Əliyev ata vəsiyyətinə sadiqliyini ifadə edərək Qərbi Azərbaycana Qayıdışın baş tutacağına inamını ifadə edir. İrəvan ana babamın, Zəngəzur isə ata babamın yurdudur - deyən, doğum gününü Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birgə qeyd edən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Prezident İlham Əliyev görüşün sonunda dedi: "Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq".

Dövlət başçısı Qarabağ münaqişəsi həll olunandan sonra qarşıda duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu bildirdi. Artıq bu istiqamətdə İcma tərəfindən konkret addımlar atılıb. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiq edilib. Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən deportasiya edilən azərbaycanlı əhalinin dinc şəraitdə tarixi-etnik torpaqlarına qayıtmaları üçün BMT-yə və digər beynəlxalq təşkilatlara və Ermənistan Respublikasına müraciətlər etmişdir.

16 iyun 2022-ci ildə keçirilən IX Qlobal Bakı Forumunda Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət və ictimai xadimlərin qarşısında çıxış edərək dedi: "Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".

16 mart 2023-cü ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev bəyan etdi: "Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir".

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinə köçmüş sakinlərlə görüşündə Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur və Zəngəzurun timsalında tarixi torpaqlarımıza sülh yolu ilə, tanklarla yox, minik maşınları ilə qayıdacağımıza əminliyini ifadə etdi.

Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bəzi beynəlxalq və regional təşkilatların, ermənipərəst dövlətlərin ikili standartlarına və təzyiqlərinə baxmayaraq, öz ədalətli tələblərini qəbul etdirmək gücündədir.

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır. Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə Qayıdış Konsepsiyası hazırlanmışdır. Bu məqsədlə, həm Ermənistan hökumətinə, həm də beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır.

Bir halda ki, multikultural Azərbaycan dövləti Qarabağ bölgəsində yaşamış dinc erməni əhalisinin öz vətəndaşları kimi hüquqlarının qorunmasına və sosial-mədəni inkişafına təminat verir, onda Ermənistan dövləti də öz tarixi-etnik torpaqlarından deportasiya edilmiş azərbaycanlıların da kompakt şəkildə öz yurdlarına qayıtmalarına və təhlükəsiz şəkildə yaşamalarına təminat verməlidir. Bu zaman xalqımıza qarşı edilmiş tarixi ədalətsizlik aradan qaldırıla, beynəlxalq humanitar hüquq öz təsdiqini tapa bilər.

Nazim MUSTAFA,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin üzvü,

tarix üzrə fəlsəfə doktoru.