Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər
Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər

Nərimanov RİH

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ata vəsiyyətinin təntənəsi" adlı xatirə tədbiri keçirilib.

Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev və digər natiqlər çıxış edərək bildiriblər ki, biz çox xoşbəxt xalq, xoşbəxt millətik. Heydər Əliyev kimi ulu öndərimiz və Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi rəhbərimiz var. Onlar qəlbi daim Vətən sevgisi ilə döyünən, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib. Görüş səmimi xatirələr, maraqlı musiqi kompozisiyaları ilə yadda qalıb.

Bakı Mühəndislik Universiteti

Bakı Mühəndislik Universiteti və Yeni Azərbaycan Partiyası BMU ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov bütün həyatını müstəqil Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib.

Havar Məmmədov ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə onun gərgin fəaliyyəti ilə bağlı əsas məqamlara toxunub. Vurğulayıb ki, ümummilli liderin hakimiyyəti illərində ölkədə tikinti-quruculuq işləri genişlənib, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı, həmçinin mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilib, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin gənclərə həmişə böyük qayğı ilə yanaşmasından danışıb. Azərbaycanda gənclər siyasətinin 1994-cü ildən gerçəkləşdiyini diqqətə çatdıran icra başçısı 1996-cı il 2 fevral tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüsü iləmüstəqilAzərbaycan gənclərinin ilk Forumunun keçirildiyini, bundan sonra gənclər siyasətinin istiqamətlərinin müəyyən olunması çərçivəsində böyük işlər görüldüyünü diqqətə çatdırıb.

İcra başçısı İkinci Qarabağ müharibəsində qazanılan qələbənin kökündə ümummilli lider tərəfindən əsası qoyulmuş siyasətin davam etməsinin, müstəqil Azərbaycanın hərbi bazasının möhkəmliyinin, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dayandığını bildirib.

Sonra BMU və YAP BMU ilk ərazi təşkilatı tərəfindən universitetin ictimai-sosial həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən tələbələr mükafatlandırılıb.

Qazax

Qazaxda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların kollektivləri, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu, memarı dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiyanı təqdim ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçıları adından teatrın əməkdaşlarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov başda olmaqla teatrın kollektivinə Qazaxda ümummilli liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirin keçirilməsinə, ədəbi-bədii kompozisiyanın yüksək səviyyədə təqdim olunmasına görə minnətdarlığını bildirib.

Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov, eləcə də aktyorlar onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Texnologiya Universitetində (UTECA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən elmi konfransda Türkiyə, Bosniya Hersoqovina, İsveç, Hindistan, Almaniya, Cənubi Koreya və MDB ölkələri də olmaqla ümumilikdə 12 ölkənin elm adamı iştirak edib.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, universitetin əsası 50 il əvvəl Heydər Əliyev tərəfindən qoyulub. Rektor inkişaf etmiş ölkələrin geniş texnoloji imkanlarını elmi innovasiyaların elmtutumlu sənayeyə tətbiqi ilə bağlı olduğunu vurğulayaraq tədbirin mövzusunun aktuallığını diqqətə çatdırıb.

Konfransın plenar iclasında İsveçin Linnaeus Universitetinin professoru Alastair Şelmanın, Cənubi Koreyanın Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin eksperti Byung Chang Yullun, Belarusun Vitebsk Dövlət Texnologiya Universitetinin nümayəndəsi Yelena Vankeviçin, Bosniya və Hersoqovinanın Bihac Universitetindən Ajna Jodanoviçin, Azərbaycan Dövlət İqtisad Universtetindən Fazil Vəliyev və Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyevin məruzələri dinlənilib.

Beynəlxalq elmi-praktik konfrans 8 istiqamət üzrə panel iclaslarla davam edib.

"Respublika".