Utanmasan, oynamağa nə var və yaxud Fransanın istəyi nədir?
Siyasət

Utanmasan, oynamağa nə var və yaxud Fransanın istəyi nədir?

Şanlı qələbə ilə başa çatan Vətən müharibəsi və 23 saat davam edən antiterror əməliyyatlarından sonra bir neçə ermənipərəst ölkənin siyasilərinin, senatorların, deputatların, hətta prezident səlahiyyətlərini daşıyanların necə deyərlər, aşlarına su qatılıb, yuxuları ərşə çəkilib, öz problemlərini unudaraq Azərbaycanın haqq işinə, döyüş meydanında qazanılan şərəfli zəfərə müdaxilə etməyə cəhdlər edirlər. Fransa daha çox fəallıq göstərir, haqsız qətnamələr qəbul etdirməyə çalışır, münasibətləri pozmaq üçün ən düşük səviyyədə addımlar atır və təbii ki, layiqli cavabı da alır.

Fransa haqqında danışanda ilk əvvəl böyük Azərbaycan ədibi M.F.Axundovun XIX əsrdə qələmə aldığı "Hekayəti müsyo Jordan və Dərviş Məstəli şah" əsərində çox dəqiq ifadə edilən bir məqam yadıma düşür. Qarabağ bəyi Hatəmxan ağa Fransadan bu diyara dərman bitkiləri toplamağa gəlmiş müsyo Jordanın qonaqlıqdakı çıxışına qulaq asaraq fransız dilini az-çox bilən Şahbaz bəydən soruşur ki, o, nə qırıldayır. İndiki zamanda isə sələfi müsyo Jordan kimi qırıldayan Fransa prezidenti Makron bu ölkənin tarixində ən rüsvayçı, sifətinə yumurta çırpılan, şəkilləri yandırılan, alçaldılan bir məxluq kimi qalacaq. Bu yaxınlarda rus mətbuatına müsahibə verən Rusiyanın keçmiş Prezidenti D.Medvedev Fransa haqqında danışarkən bildirdi ki, mən onlardan iyrənirəm, çünki qurbağa əti yeyənlərdən ağıllı nəsə gözləmək sadəlövhlük olar. Bu haqlı sözlərə əlavə edək ki, məlum olduğu kimi, qurbağa bir yerdə dayana bilməyən, ordan-ora hoppanan bir canlıdır və daha çox quruldamağı ilə yadda qalır. Bax, belə.

Diplomatiyada, siyasi müstəvidə uduzduğunu yaxşı anlayan Makron daşıdığı vəzifəyə uyğun gəlməyən formada Parisdə ucalan Xan qızı Natəvanın heykəlindən qisas alması onun hansı əxlaqın sahibi olduğunu açıq şəkildə göstərir. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən dövlətimizin başçısı İlham Əliyev "Paris Bakıdan nə istəyir?" sualına cavab verərkən bildirib ki, balans Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar - populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var.

Azərbaycanda çox yaxşı bilirlər ki, Fransa Prezidenti E.Makronun əlləri bu ölkədəki və digər yerlərdəki erməni lobbisinin ciblərindədir. Sifarişi erməni milyonçuları verir, Makron sadəcə onu dilə gətirir, ermənidən çox ermənilik edir. Rüsvay olduqca, siyasət meydanında uduzduqca daha da aqressivləşir, nə danışdığının fərqində olmur. Yaxşı bir məsəl var, sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq. Tiranların, imperialistlərin, işğalçıların acı sonluğu qocaman tarixin səhifələrində daha aydın görünür. Ermənistan və Fransa imperiya xislətinə, işğalçılıq siyasətinə, başqa xalqlara qarşı irqi ayrı-seçkiliyə, insan hüquqlarını tapdalamağa görə bir-birinə daha yaxın və daha çox bağlıdırlar. Bir müddət əvvəl Fransada pensiya islahatlarına etiraz edən xalqın Parisin küçələrində və digər ərazilərdə keçirdikləri aksiyalar polis tərəfindən qəddarlıqla dağıdıldı, insanların üzərinə qaz bombaları atıldı, su şırnağı ilə təzyiq göstərildi, polis dəyənəyi altında qalan etirazçıları küçə boyu yerdə sürüdülər, təpiklədilər. Bütün bu rüsvayçılığın qarşısında Avropanın göbəyində başda Makron olmaqla dövlət rəsmiləri utanmadan Fransada demokratiyadan, insan haqlarından, başqa dəyərlərdən danışırlar. Bu, onu göstərir ki, Fransa iqtidarı riyakarlığa, eqoizmə, yalan və böhtana adətkar olub. Halbuki bu ağızdolusu danışıqlar heç bir demokratiyaya və əxlaqa sığışmır. Öz gözündə tiri görməyən Fransa hökuməti başqalarının gözündə tük axtarır, özlərini deyil, özgələri günahlandırmağa cəhd edir.

Nəzərə alaq ki, bəzi fransalı siyasətçilər Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış ediblər, otuz ilə yaxın Qarabağda münaqişənin həllini üzərinə götürən ATƏT-in keçmiş Minsk qrupunun fransalı həmsədri daha çox ermənipərəst mövqe nümayiş etdirib. Yəni Fransanın bir çox siyasilərinin Azərbaycana qarşı qərəzi və kini onların çürük mənəviyyatının göstəricisidir. Yaxşı bilirik ki, Fransa öz adını dünya tarixinə müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazıb.

Fransanın ikili siyasəti və tərəfkeşliyi, ermənipərəstliyi, ermənilərin pul kisəsindən asılılığı məcbur edir ki, bu dövlət hər vasitə ilə Azərbaycanın daxili işlərinə müdaxilə etsin. Lakin unudurlar ki, Azərbaycan müstəqil siyasət aparan, güclü, qalib və demokratik bir dövlət olduğunu dəfələrlə sübut edib. Sadəcə onu görmək və anlamaq lazımdır. Polis dəyənəyinə, üzərlərinə atılan qaz bombalarına, başqa alçaldıcı hərəkətlərə baxmayaraq, etirazçılar prezident Makronun şəkilləri olan plakatları eybəcər hala salır, mağazalara daxil olaraq oranı dağıdır, hakimiyyətə qarşı aqressivlik nümayiş etdirirlər. Öz vətəndaşlarının narazılığına biganə yanaşan Makron iqtidarı nədənsə, erməniləri hər vəchlə müdafiə edir, ancaq Fransadakı korsikalılara qarşı ayrı-seçkilikdən, aşağılamaqdan, siyasi təqibdən əl çəkmir, Korsika adasında açıq şəkildə insan hüquq və azadlıqlarını boğur. Korsikalıları separatizmdə, ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti Azərbaycanın erməni vətəndaşlarını separatizmə, ayrı-seçkiliyə, revanşizmə həvəsləndirir, yaralarını sarmaqla məşğul olan bu bölgəyə kobud şəkildə müdaxilə edir.

Azərbaycan Cənubi Qafqazda, türk dünyasında ətri, rayihəsi, gözəlliyi ilə könülləri oxşayan qızılgülə bənzəyir, həm də tikanları ona toxunmaq istəyənlərin əllərini qanadar. Üç il bundan əvvəl Azərbaycan öz gücünü, hərbi qüdrətini, ordusunun peşəkarlığını, milli iradəsini bütün dünyaya nümayiş etdirdi, iki yüz illik erməni işğalına son qoyuldu, Qarabağda erməni separatizminin kökünü kəsdi, bu laləzar torpaqlar ermənilərin murdar nəfəsindən azad edildi.

Qarabağ zəfəri təkcə Türkiyə ilə Azərbaycanda yox, bütün türk dünyasında, Mərkəzi Asiyada səmimi-qəlbdən, qürurla qeyd olunur. Qarabağ Zəfəri türk dünyasının nələri bacara bildiyinə dair inam yaradıb. Kədərdə və sevincdə bir yumruq, bir ürək olduğumuz qardaş Türkiyə ilə Azərbaycanın həmrəyliyi əbədi olacaq.

Siyasi şərhçilərin qənaətinə görə, Azərbaycana qarşı baş verən təhdidlərin, mənfi münasibətin kökündə onun müstəqil siyasət yürütməsi, heç bir ölkədən asılılığı olmaması dayanır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı layihələrin reallaşması ölkəmizin iqtisadi gücüdür.

Salman ALIOĞLU,

"Respublika".