Uzaq sahillərin əfsanəvi Mixaylosu
Sosial həyat

Uzaq sahillərin əfsanəvi Mixaylosu

Mehdi Hənifə oğlu Hüseynzadə və ya Mixaylo 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov (1881-1922) milis orqanlarında çalışmış, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmışdır. Mehdi Hüseynzadə erkən yaşlarında atasını itirmiş, anasının, sonra isə bibisinin himayəsində böyümüşdür.

1925-ci ildə yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbdə (sonradan 19 saylı orta məktəb) təhsil almışdır. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov olmuşdur. 1932-ci ildə məktəbi bitirib Bakı Rəssamlıq Məktəbinə daxil olmuş, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxumuşdur. 1936-cı ildə Rəssamlıq məktəbini bitirən Mehdi Qırmızı Ordu əsgərlərinə  həsr etdiyi diplom işini "Qırmızı Ordu əsgərləri düşərgələrdə" adlandırmışdır. Təhsilini başa vurandan sonra Suraxanı rayonunda ibtidai məktəblərdən birində bir neçə ay müəllim, eyni zamanda,  Abbas Səhhət adına kitabxananın oxu zalının rəhbəri işləmişdir. İncəsənət Akademiyasına qəbul olmaq üçün Leninqrada gedən Mehdi Hüseynzadə istədiyinə nail ola bilmir və Bakıya qayıdır. Bir il sonra təkrar Leninqrada gedən Mehdi yenə də akademiyaya qəbul oluna bilmir və Leninqrad Xarici Dillər İnstitutunda Fransız dili fakültəsinə qəbul olur. 1940-cı ildə isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülür. Onun bu instituta keçməsinin səbəbi isə poeziyaya və ədəbiyyata olan sevgisindən irəli gəlirdi.

1941-ci il 22 iyun tarixində Almaniyanın SSRİ-yə hücumu nəticəsində müharibə başlayır. Həmin vaxt Mehdi Hüseynzadə ailəsi ilə birgə Şüvəlandakı bağlarında dincəlirdi. Kiçik bacısı Hürriyət Əzizbəyovanın xatirələrində oxuyuruq ki, bibisi Mehdini bağda qalmağa məcbur etsə də o, buna etiraz edərək deyir: "Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr və mən isə evdə olmaram. Mən Komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir".

Şəhərə qayıdan Mehdi avqustun 9-da hərbiyə  yola düşür. Qırmızı Ordu sıralarında olarkən K(b)P-ə qoşulur. Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra, 1942-ci ildə Mehdi Hüseynzadəni cəbhəyə göndərirlər. Stalinqrad döyüşlərində minaatanlar taqımının komandiri kimi döyüşən Mehdi 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı döyüşlərin birində ağır yaralanaraq, almanlara əsir düşür, Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salınır. 1943-cü ilin ortalarında almanlar Ştrans (Almaniya) hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisinə böyük miqdarda hərbi əsir gətirirlər. Hələ Almaniyada olarkən Sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratmışdılar. Mehdi Hüseynzadə də bu təşkilatın fəal üzvlərindən idi.

Mehdi Hüseynzadə 1944-cü ildə bir qrup yoldaşı ilə İtaliyadakı düşərgədən qaçır. Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. O, ərazidəki partizan hərəkatının "Mixaylo" ləqəbli fəal iştirakçısı olur. Sloveniya partizanı, hərbi tarixçi Stanko Petelin onu bütün 9-cu korpusdakı ən yaxşı diversantlardan biri adlandırırdı. Partizan Məhər Məmmədov isə öz xatirələrində yazırdı: "Bu, 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq".

Mehdi Hüseynzadənin qəhrəmanlıqlarından çox yazmaq olar. O, partizan kimi alman faşizminə qarşı müharibədə misilsiz qəhrəmanlıq, şücaət göstərmişdir. Onun döyüş yolu, qəhrəmanlığı almanları çaşdırır, lərzəyə salırdı. Hətta, almanlar çox vaxt onu öz aralarında belə tanıya bilmirdilər. Bu cəsarətli qafqazlı partizan, ləyaqətli, igid Azərbaycan oğlu almanların canına elə bir xof salmışdı ki, bəzən öz hərbçilərindən, əsgərlərindən belə şübhələnir,  onu Mixayloya bənzədirdilər. Mehdi Hüseynzadə rahat şəkildə alman texniki xidmət zabiti formasında düşmən aerodromuna daxil olaraq yavaş sürətli minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partladır. Aksiyaların birində isə Mixaylo banka girərək 1 milyon italyan lirəsi götürərək,  partizan qərargahına təhvil verir. Şair ruhlu, poeziya vurğunu Mehdi Hüseynzadə uzaq sahillərdə döyüşərkən doğma Azərbaycanı xatırlayar, şeirlərdə yazar, Vətəninə olan sevgisini izhar edərdi.

Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edərək alman dilini öyrənmişdir. O, alman zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzərmiş. Mehdi Hüseynzadə faşistlərə xidmət edən "II Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini,  Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmışdır. Cavad Həkimlinin xatirələrində deyilir: "Mehdi elə qorxu yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular və onlara elə gəlirdi ki, Mixaylo nəhəng bir dəstənin adıdır və ona pəhləvan rəhbərlik edir". Almanlar onun başına 400 min lirə mükafat təyin etmələrinə baxmayaraq, heç cür ələ keçirə bilmirdilər. Yuqoslaviyada tapılan sənədlərin birində deyilirdi: "Hesab etmək olar ki, onun fəaliyyəti zamanı 1000-ə yaxın alman öldürülmüşdü və bunların çoxu zabitlər idi".  Mixaylonun qəhrəmanlığı,  keçdiyi döyüş yolu kimi, həlak olması da olduqca maraqlı və qürurvericidir. Hətta, ölümü ilə bağlı bir çox fərziyyələr də var. Bəzi mülahizələrə görə, Mixaylonun gizləndiyi evi mühasirəyə alan almanlar onu yaralayır. Almanlara əsir düşməmək üçün özü-özünə atəş açaraq öldürür. Bəzilərində isə deyilir ki, almanlarla gərgin döyüşdə öldürülür. Başqa bir məlumata görə isə almanlarla döyüşdə ağır yaralanan Mixaylo kənddən çıxmağı bacarır. Lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. Elə oradaca dünyasını dəyişir. Almanlar çox axtarsalar da, onun cəsədini tapa bilmirlər. Deyilənə görə, onun cəsədini 4 yaşlı bir qız tapır. Vitovil kəndindəki arxın kənarında cəsədi görən qız ifadəsində bildirmişdir ki, "Yolun kənarında kiçik su saxlancı vardı. Mixaylonun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi,  yağış yağırdı və Mixaylonun saçının boyasının rəngi çıxmışdı. O almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayırdı". Mehdi Hüseynzadənin nəşi əvvəlcə yerli əhali tərəfindən dəfn olunur, sonra isə 18-ci Sloveniya zərbəçi Bazovitsk briqadasının 2-ci rus batalyonunun partizanları tərəfindən Çenovan kəndinin qəbiristanlığında dəfn edilir. Qəbri üstə isə bu sözlər yazılır: "Burada Mehdi Hüseynov (Mixaylo) dəfn olunmuşdur... 2.XI.1944-cü ildə Vipavedə qəhrəmancasına həlak olmuşdur".

Mehdi Hüseynzadənin həyat yolu, qəhrəmanlığı 100 illər keçsə də gələcək nəsillər üçün örnəkdir.

O, alman, fransız və italyan dillərində sərbəst danışıb. Müharibə vaxtı belə rəssamlıqla məşğul olub. Hətta bir dəfə gestapo mayoru Şultsun dəstəsi Sejanda kəndli formasında olan Mixaylonu tuturlar. Mehdi Hüseynzadə özünü rəssam kimi qələmə verərək, "Müsyo,  mən rəssamam" deyə alman zabitlərini çaşdırmışdır. Kəşfiyyat zamanı rəssamlıq bacarığından və dil biliklərindən məharətlə yararlanar, yeri gələndə özünü italyalı hərbçi, rəssam, həm də sloveniyalı kəndli kimi təqdim  edərmiş. 

İkinci Dünya müharibəsinin unudulmaz qəhrəmanı, əfsanəvi partizan, igid Azərbaycan oğlu Mehdi Hüseynzadə layiq olduğu adı çox gec almışdır. 1957-ci il aprel ayının 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 

Ramidə YAQUBQIZI,

"Respublika".