Üzgüçülük Federasiyasında yeni planlar müzakirə olunub
İdman

Üzgüçülük Federasiyasında yeni planlar müzakirə olunub

Azərbaycan Üzgüçülük Federasiyasında ölkəmizdə su idman növlərinin, o cümlədən də üzgüçülüyün inkişaf konsepsiyası müzakirə olunub.

"Respublika" xəbər verir ki, müzakirələrdə federasiya rəhbərliyi, mütəxəssislər və milli komandanın məşqçiləri iştirak ediblər.

Federasiyanın Prezidenti Xanlar Fətiyev son illər üzgüçülüyün Azərbaycanda inkişaf etdiyini, bu idman növünə uşaq və gənclərin marağının xeyli artdığını vurğulayıb. Qeyd edib ki, bu gün üzgüçülük üzrə milli komandamızın yerli idmançılardan təşkil olunması və onların beynəlxalq yarışlarda yüksək yerlər uğrunda mübarizə aparmaları, vətənimizə medallarla qayıtmaları artıq ondan xəbər verir ki, federasiya işini yüksələn xətt üzrə qurub: “Bu gün Azərbaycanın bütün bölgələrində üzgüçülüklə aktiv məşğul olan yeniyetmələrimiz var. Gənclər və İdman Nazirliyi də bu idman növünə marağın və kütləviliyin artırılması istiqamətində federasiya ilə birgə müxtəlif yarışlar təşkil edir. Bütün bu atılan addımlar üzgüçülüyün inkişafında müsbət tendensiyanın formalaşmasına imkan verib”.

Bildirilib ki, macar mütəxəssis İvan Petrovun federasiyaya idman direktoru təyin olunduqdan sonra görülən işlər öz bəhrəsini verir.

Çıxışlarda gənc, qabiliyyətli və bacarıqlı idmançıların kəşf edilməsində, onların yerlərdə, eləcə də regionlarda araşdırılaraq müəyyən edilməsində, milli komandanın tərkibinin peşəkar idmançılardan formalaşdırılmasında işlərin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.