Üzlərdə təbəssüm, dillərdə minnətdarlıq
Digər xəbərlər

Üzlərdə təbəssüm, dillərdə minnətdarlıq

Dünyanın söz-sənət adamları, ən böyük mütəfəkkirlər zaman-zaman mənfur erməni xisləti barədə öz dahiyanə fikirlərini bildiriblər. Yaşadığımız bu günlərə qədər bəlkə də həmin fikirləri kimlərsə "köhnəlmiş" hesab edə bilərdi. Amma yox, deyilənlər nəinki köhnəlməyib, əksinə, daha da təzələnib.

Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti sayəsində əldə edilən Zəfər mənfur qonşumuzu çaş-baş saldı. Dəryada boğulan əlini saman çöpünə atdığı kimi, erməni qəsbkarları da dünyada analoqu olmayan cinayətlərə əl atdılar. Mülki insanları raket atəşinə tutub körpələri, ahılları, qadınları qətlə yetirən ermənilər bütün bəşəriyyətə iç üzlərini göstərdilər. Məsələn, Kürdəmir rayonu müharibə bölgəsindən on kilometrlərlə uzaqda yerləşir. Hətta bu rayonun da ərazisinə raket atıldı. Müxtəlif istiqamətə atılan raket zərbəsi nə qədər güclü olsa da, əhali arasında qorxu-vahimə yaratmadı. Çünki ölkəmizdə uşaqdan-böyüyə hamı bu zərbələrin əsl mahiyyətini yaxşı başa düşürdü. Xof yaratmaq, insanları ruh düşkünlüyünə, bədbinliyə düçar etmək... Erməni qəsbkarları ünvanı səhv saldılar. Onlar başa düşmədilər ki, Azərbaycan xalqı ilə dövlət arasında sıx birlik var. Bu birlik şanlı Ordumuzun qələbəsində, bir-birinin ardınca işğaldan azad olunan yurd yerlərimizdə dalğalanan üçrəngli bayrağımızda özünü göstərdi. Ali Baş Komandan necə də gözəl deyib: "Otuz ildə başa sala bilmədiklərimizi biz onlara otuz gündə başa saldıq".

Ölkədə Vətən müharibəsi getdi. Biz haqq işimiz uğrunda vuruşduq. Doğma torpaqlarımızı yağı düşməndən xilas etmək bizim haqqımız idi, haqqımıza çatdıq. Yurdda bu həqiqəti uşaqdan böyüyə hamı dərk etdi. Erməni "başbilənləri" müharibədən keçən 3 il ərzində acı məğlubiyyəti dərk edib sülh müqaviləsi bağlamaq əvəzinə, öz mənfur niyyətlərini davam etdirməkdədilər. Başa düşmək istəmirlər ki, qonşuluq münasibətləri gözlənilmədiyi, düşmənçiliyin davam etdiyi halda "Dəmir yumruq" yenə "öz sözünü deyə bilər". Təbabət elmində belə bir qayda var: müəyyən xəstəlik dava-dərmanla, ev şəraitində müalicə ilə insan bədənindən götürülməsə, xəstə cərrahiyyə əməliyyatına aparılmalıdır. Erməni xislətində sağalmaz xəstəlik var, biz beynəlxalq qanunlar çərçivəsində, insanpərvərlik, humanizm ideyaları əsasında siyasətimizi davam etdiririk. Dünyanın sülhsevər ölkələri bizim siyasətimizi bəyənir və dəstəkləyir. Bədnam ölkənin rəhbərliyi düşdükləri çıxılmaz vəziyyəti dərk edib sülhə imza atmaq əvəzinə, özünə tərəfdaş axtarışındadır. Ermənistanda 44 günlük müharibə dönə-dönə xatırlanmalıdır. Ordusu fərarilik etdi, adamlar rüşvət verib "koronaya tutulduqları" barədə saxta arayış alıb döyüşə getməkdən imtina etdilər. Bu da təbii idi. Həyat hamı üçün şirindir. Heç kəs ucuz ölümlə üz-üzə gəlmək istəmirdi. Erməni xalqı gördü ki, müzəffər Azərbaycan Ordusu dünyada ən güclü ordulardandır. Ordunun gücü mükəmməl silah-sursatla yanaşı, həm də Qələbəyə inamı ilə ölçülür. Ordumuzun gücü Ali Baş Komandanın möhkəm siyasi iradəsi, qətiyyətidir.

Artıq Böyük Qayıdış yurd yerlərimizə öz uğurlu addımlarını atmaqdadır. Qarabağ yenidən qurulur, tikilir, əvvəlki görkəmindən də daha gözəl olur. Bu gün Laçına, Füzuliyə, Ağalıya qayıdan insanların üzlərindəki xoş təbəssüm, dillərindəki minnətdarlıq ifadəsi, gözlərindəki sevgi-xoşbəxtlik əlaməti xalqımızın ən böyük sərvətidir. Bu sərvətə bir daha əl uzatmaq qeyri-mümkündür.

Tofiq HÜSEYN,

"Respublika".