Verdiyi vədlərə sadiq Prezident
Siyasət

Verdiyi vədlərə sadiq Prezident

Suverenliyimizin bərpası, Ağdərə, Xankəndi, Xocalı, Xocavənd, Əsgəranda dövlət bayrağımızın ucaldılması Azərbaycanın 200 illik tarixində əldə etdiyi ən böyük qələbədir. Bu gün hər bir Azərbaycan vətəndaşı bu qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandanımıza, əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə sonsuz minnətdarlığını bildirir.

15 oktyabr 2023-cü ilin Azərbaycan xalqı və dövlətinin milli qürur günlərindən biri kimi yaddaşlarda qalacağına heç kimdə şübhə yoxdur. Antiterror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı, həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu. Ayrı-ayrı ölkələrin mətbu orqanlarında bu hadisəyə geniş yer verilməsi, Prezidentin Xankəndidəki çıxışından sitatlar gətirməsi də təsadüfi deyil. Çünki Azərbaycan öz suverenliyinin bərpası ilə həm də dünyada separatizmə yer olmadığını və separatist düşüncə ilə yaşayan toplumların aqibətinin nə ilə sonlanacağını da göstərmiş oldu.

Prezident 30 ildən artıq bir dövrdə işğal altında olan torpaqlarımızda dövlət bayrağımızı ucaltmaqla həm də bundan 20 il öncə dövlət başçısı seçilən zaman xalqa müraciətində verdiyi vədlərə necə sadiq olduğunu da hər kəsə nümayiş etdirmiş oldu. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Ali Baş Komandanımızın qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycan Bayrağının işğal altında olan bütün ərazilərimizdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasından ibarət idi. Və o gün gəlib çatdı. Prezidentin Xankəndidə xalqa müraciətində qeyd etdiyi kimi, keçən 20 il müddətində Azərbaycan güclənərək dünya miqyasında özünə layiq yerini tuta və bununla da dünyanı onunla hesablaşmağa məcbur edə bildi. Ötən iyirmi il ərzində ölkəmizin mövqeyi nəinki bölgədə, daha geniş coğrafiyada böyük məna daşımağa başladı. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi-hüquqi zəmin, iqtisadiyyat yaradıldı.

Sözsüz ki, güclü iqtisadiyyat qurmadan ordunu formalaşdırmaq mümkün olmazdı. Son 20 il ərzində iqtisadiyyatımızın dörd dəfədən çox artması ordumuzun formalaşmasına və nəticədə ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini əldə etməsinə imkan verdi. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edir. Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməklə, həm də cəmi 23 saat davam edən antiterror tədbirləri ilə hər kəsə gücümüzü göstərdik. Ulu öndərin 100 illik yübileyi ilində, dövlət başçısının Prezident seçilməsinin 20 illiyində bu günləri yaşamaq böyük xoşbəxtlikdir. Bu gün həm Ulu Öndərin, həm də bu günü görməyən bütün həyatdan köçənlərimizin ruhları şaddır.

Prezident qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Həqiqətən də tarixə nəzər salsaq görərik ki, 1969-cu ildən 1982-ci ilə qədər bir dəfə də xoşagəlməz hala rast gəlinməyib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng Su Anbarı, Suqovuşan Su Anbarı inşa edilib. O vaxt böyük investisiyalar qoyuldu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, ali məktəb yaradıldı və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edildi. 1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya da olmayıb. Amma 1987-ci ildən sonra, yəni Ulu Öndərin vəzifədən kənarlaşması və Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarılmasından sonra heç iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar. Həmin illərdə ovaxtkı Azərbaycan rəhbərliyinin qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərməsi nəticəsində vəziyyət tamamilə nəzarətdən çıxdı. Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlməyə başladı və xalqımıza qarşı etnik təmizləmə siyasətinə start verildi.

Prezidentin də dediyi kimi, cəmi altı il Azərbaycanın Heydər Əliyevsiz qaldığı dövr bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışdılar. Xüsusilə, AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində ərazilərimiz işğal altına düşdü. Azərbaycan öz dövlət müstəqilliyini belə itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Bu gün həmin o ağır günlər artıq arxada qalıb. Vaxtilə ərazilərimizdə at oynadan separatçılar indi Bakıda təcridxanadadırlar. Ölkə rəhbərinin dediyi kimi, özünü "prezident" adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının arzuları gerçək oldu.