Vətən sevgisinin şərəf zirvəsi
CƏMİYYƏT

Vətən sevgisinin şərəf zirvəsi

44 günlük haqq savaşımızda misilsiz qəhrəmanlıq göstərərək tarix yazan Vətənin qeyrətli oğullarından biri də baş leytenant Vüsal Kamran oğlu Kazımovdur. Qarabağımızın azadlığı uğrunda son nəfəsinə qədər döyüşüb yağıya qan udduran igidimiz Lənkəran rayonunun Nüvədi kəndində boya-başa çatmışdı. Vətənə sevgisi ilə dar gündə sinəsini ona sipər edən qəhrəmanlardan olub. 30 yaşında əbədiyyət dünyasına qovuşan Vüsalın qısa ömrü torpağına, el-obasına sonsuz məhəbbət mücəssəməsinə dönüb.

Şərəfli ölümü ilə ürəklərdə özünə əzəmətli abidə ucaldan baş leytenant Vüsal Kazımov dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "İgidliyə görə", Xocavəndin, Füzulinin azad olunmasına görə medallara layiq görülüb. İki qız övladı Vətənə əmanət qalıb.

Lənkəranda Vüsalın şərəfli həyatı örnək olaraq həmişə xatırlanır. Adını indi özündə yaşadan çoxlu yadigarlar vardır. Astara Pedaqoji Kollecinin təcrübə müəllimi Çingiz Rahmanov, kollecin "Mühafizə xidməti" ixtisasının tələbələri, təlimatçı müəllim Cəlal Məmmədov və "Turan 042" mühafizə müəssisəsinin kollektivinin bir qrup üzvləri şəhid Vüsal Kazımovun adına doğma kəndində salınmış abidə kompleksini, ev-muzeyini ziyarət ediblər. Eyni zamanda ziyarətçilər qəhrəman şəhidin uyuduğu torpağa baş çəkib və məzarına gül-çiçək düzüblər.

Zəfər ORUCOĞLU.