VƏTƏNİN ŞƏRƏFİNİ QORUYANLAR
Region

VƏTƏNİN ŞƏRƏFİNİ QORUYANLAR

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş, Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilən Tağıyev Eşqin Asif oğlunun anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis şöbəsinin rəisi polkovnik Haxverdi Əkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, rayonun idarə-müəssisə rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub. Daha sonra Göygöl rayonu Üçtəpə kəndində şəhidimizin ailəsi ziyarət olunub. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Eşqin Tağıyevin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq. Allah vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Tağıyev Eşqin Asif oğlu 18 mart 1998-ci ildə Daşkəsən rayonunun Zəylik kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tağıyevlər ailəsi Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşıblar. 2004-cü ildə Göygöl rayonunda yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirib. 2016-cı ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə hərbi xidmətini başa vuran Eşqin Tağıyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixində başlayan müharibədə XTQ-nin dəstəsində Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 2020-ci il oktyabrın 30-da bu döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 1 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları,"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Zabit XƏLİLOV,

“Respublika”.