Veteran tankçılar Birinci Qarabağ müharibəsində şəhid olan döyüşçü yoldaşlarının məzarlarını ziyarət ediblər
Digər xəbərlər

Veteran tankçılar Birinci Qarabağ müharibəsində şəhid olan döyüşçü yoldaşlarının məzarlarını ziyarət ediblər

Veteran tankçılar 26 İyun –Silahlı Qüvvələr Günü ilə əlaqədar Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan döyüşçü yoldaşlarının məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüblər. Şəhid tankçıların ruhuna dualar oxunub.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında dəfn edilmiş Silahlı Qüvvələrin ilk tankçıları - Milli qəhrəmanlar Albert Aqarunov, Şövqiyar Abdullayev, Əsəd Əhmədov, “Azərbaycan Bayrağı” ordenli Əhməd Mehbalıyev, Qabil Süleymanov və digər şəhid tankçıların məzarları ziyarət olunub.

Veteran tankçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra veteran tankçılar iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını, eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini də ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.