VIII GÜN
Siyasət

VIII GÜN

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

17 sentyabr

  • Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb.
  • Qanunsuz erməni silahlılarının Ordumuzun mövqeləri qarşısında mina basdırmaq cəhdi dəf edilib.
  • Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb.

18 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
  • Azərbaycanda Milli Musiqi Günü keçirilib. Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib.
  • Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razılıq verilib.

19 sentyabr

  • Xocavənddə yük avtomobili minaya düşüb, sürücü və sərnişin həlak olub. Baş verən terror aktı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 4 əməkdaşı həlak olub.
  • Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində Azərbaycanın iki hərbi qulluqçusu yaralanıb.
  • Ordumuzun Ağdam istiqamətində mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb.
  • Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Sentyabrın 19-da başlanan lokal antiterror tədbirləri nəticəsində separatçı xunta rejiminin Xankəndi və ətraf ərazilərdəki özbaşınalığının qarşısı qətiyyətlə alındı. Ərazilərimizdə suverenliyimizin tam bərpa edilməsi ölkəmizin daxili məsələlərdəki qətiyyətli mövqeyi, regional təhlükəsizliyin təmin olunması uğurla həyata keçirildi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunması Cənubi Qafqazdakı növbəti mərhələnin başlanğıcı deməkdir. Qeyd edilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq müəyyən şərtlər əsasında tədbirlərə son verilib. İlkin növbədə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərk-silah oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdilər, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Bu, bir daha keçirilən tədbirlərin mahiyyət etibarilə nəyə xidmət etdiyini bariz şəkildə göstərdi.

  • Azərbaycan Müdafiə Nazirliyi Qarabağın erməni sakinlərinə müraciət edib.

20 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət etdi. Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunaraq qeyd etdi ki, erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi ilk terror aktı deyil. Prezident İlham Əliyev, həmçinin İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu, yaxud yaralandığını da diqqətə çatdırdı.

Prezident bir daha qeyd etdi ki, Azərbaycanla heç kim diktə yolu ilə danışa bilməz. Azərbaycan müstəqil siyasət həyata keçirir və öz ərazisində suverenliyini tam bərpa edib. Bu baxımdan, lokal xarakterli antiterror tədbirləri Qarabağdakı erməni əhalisinə, etnik qrupa deyil, terrorçu qruplara qarşı keçirilmişdir. Bu, eyni zamanda ölkəmizin suveren hüququdur.

Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində reinteqrasiyasının həyata keçiriləcəyini də bildirdi. Hazırda Qarabağda yaşayan ermənilər digər etnik qruplar kimi Konstitusiyamızın verdiyi hüquqlardan istifadə etməklə Azərbaycan cəmiyyətinə inteqrasiya oluna bilər. Lokal xarakterli antiterror tədbirləri Azərbaycanın regionda geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

  • Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Vladimir Putin Qarabağ ətrafında vəziyyətin sülh məcrasına yönələcəyinə ümidvar olduğunu bildirib.
  • Qarabağda lokal xarakterli antiterror tədbirləri başa çatıb.
  • Hikmət Hacıyev Ermənistanın Azərbaycan ərazisindəki qondarma rejimə siyasi və hərbi dəstək göstərdiyini bildirib.

21 sentyabr

  • Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti əsasında sentyabrın 21-də Qarabağdakı erməni nümayəndələrinin Yevlax şəhərində Azərbaycan mərkəzi hakimiyyəti ilə müzakirələri baş tutub. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov da iştirakçı qismində qatılıb. Görüş çərçivəsində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar məsələlərin müzakirəsi zamanı əhalinin yanacağa ehtiyacı olduğunu bildirmiş və qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş etmişlər. Onların xahişi nəzərə alınaraq bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin tez bir zamanda yanacaqla təmin olunması nəzərdə tutulur. Görüş zamanı Ramin Məmmədov Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edib. Sonda növbəti görüşün keçirilməsi üçün razılıq əldə olunub. Bütün bunlar isə Qarabağda yaşayan ermənilərin taleyinin məhz Azərbaycanın daxili məsələsi olduğunun əyani sübutudur.

  • Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində təşkil olunan qəbulda iştirak edib.
  • Xarici İşlər Nazirliyi Cozep Borrelin bəyanatına cavab verib.
  • Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın yanında olmaqda davam edəcəklərini bildirib.

22 sentyabr

  • Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə edib.
  • Ceyhun Bayramov "77-lər Qrupu" və JCC-nin xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib.
  • Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbuluna veto qoyub.
  • Azərbaycan DİN Xankəndi şəhərində qəsdən yanğınların törədildiyini bildirib.

23 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya başsağlığı verib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
  • Ermənistanın Azərbaycana vurduğu ekoloji zərbə ilə bağlı BMT-də məsələ qaldırılıb.
  • Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması üçün 1000 nəfərlik çadır düşərgələri qurulub.

“Respublika”.