Vüsal şəhidliyi şərəf bilirdi
Sosial həyat

Vüsal şəhidliyi şərəf bilirdi

Vüsal Dəmirov 10 sentyabr 1993-cü ildə İsmayıllı şəhərində anadan olub. 7 yaşından atasız böyüyüb. Arzusu hərbçi olmaq idi. Hərbi xidmətdən sonra bu arzusunu reallaşdırdı. İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə oxuyub. 2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman Liseyini bitirərək Göyçay rayon 106 saylı Peşə Liseyinə daxil olub. Təhsilini və hərbi xidmətini başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. "Azərbaycan-Türkiyə birgə taktiki təlimi"ndə, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərman və mükafatlara layiq görülmüşdü.

Anası Nüşabə xanım Vüsalla bağlı xatirələrini bizimlə bölüşdü. Qeyd etdi ki, uşaq vaxtlarından evimizin bütün problemlərini həll etməyə çalışırdı. İmkan verməzdi ki, mən və bacısı hansısa çətin bir iş görək. Həmişə deyirdi ki, narahat olmayın, mən böyüyən kimi evimizin heç bir çətinliyi olmayacaq. Ağır günləri arxada qoyub xoşbəxt bir ömür yaşayacağıq. Həmişə mənə toxtaqlıq verirdi. Aprel döyüşlərində iştirak edərək yaralanmışdı. Amma mənə deməmişdi. Sağalandan sonra danışdı. Özü də həmin vaxt məzuniyyətdə idi, rayona gəlmişdi. Birdən təcili xəbər gəldi və getməli olduğunu dedi.

Vüsal Tovuz döyüşlərində də iştirak etmişdi. Xeyli fəxri fərmanlar və təşəkkürnamələr almışdı. Bacısı oğlu Röyalın xətrini son dərəcə istəyirdi. Evə gələn kimi onunla oynayırdı, vətənpərvər və igid böyüməsini arzulayırdı. Mənə isə arxa idi. Heç vaxt imkan verməzdi ki, darıxam, narahat olam. Vətən müharibəsində iştirakını da məndən gizlədirdi. Deyirdi ki, işğal altında olan torpaqlarımızı azad edib, evə qəhrəman kimi qayıdacam. Müharibə vaxtı imkan olan kimi hərdən danışırdı və həmişə də narahat olmamağımı deyirdi. 2020-ci ilin oktyabrın 3-də isə bacısı ilə danışdı, hər şeyin yaxşı olduğunu dedi və mənə özümdən muğayat olmağımı, Röyalın isə problemsiz böyüməsini xahiş etdi... İki gün sonra isə qohum-əqrəba, rayon rəhbərliyi və yaxınlar bizə axışdı... Bu vaxt Vüsalın cənazəsi gəldi.

Nüşabə xanım deyir ki, Vüsalı bir oğul kimi yola salmışdım, qəhrəman kimi qəbul etdim. Dostları gələn kimi igidimin son arzusunu çatdırdı. Məlum oldu ki, Vüsal dostu Pərvinə və xalası oğluna deyib ki, gərgin döyüşlər gedir, gələ bilməsəm məni bağışlayın. Ya torpaqlarımızı azad etməliyəm, ya da şəhid kimi gələcəm.

Döyüş yoldaşı Tahir Səlimov qeyd edib ki, sentyabrın 28-də döyüşə atıldıq. Vüsal da bizimlə birlikdə idi. Məqsədimiz düşməni darmadağın etmək idi. Vüsalın maşını düşmən tərəfindən vurulmağına, özünün isə yaralanmağına baxmayaraq əlinə silah götürüb bizimlə birlikdə irəlilədi. Oktyabrın 4-də düşmənin snayperinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı və son sözü isə belə oldu: "Anama deyərsiniz ağlamasın, başını dik tutsun. Mən ona bu haqqı qazandırmışam".

İsmayıllı rayonundakı Şəhidlər xiyabanında Vüsal Dəmirovun sentyabrın 9-da doğum günü qeyd olundu. Nüşabə xanım şəhid oğlunun vəsiyyətinə uyğun olaraq göz yaşı tökmədi və qəhrəman oğul böyütdüyünə görə başını qürur hissi ilə dik tutdu.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

M.NƏRİMANOĞLU,

"Respublika".