Xain Hayastan müxtəlif vasitələrlə sülhdən yayınır
Digər xəbərlər

Xain Hayastan müxtəlif vasitələrlə sülhdən yayınır

Hazırda gündəmdə olan ən aktual məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ölkəmiz bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirməklə yanaşı, siyasi-hüquqi öhdəliklərinə sadiq olduğunu da daim bəlli edir. Rəsmi Bakı həm müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiyası prosesinə hazır olduğunu açıq şəkildə söyləyir. Azərbaycanın qarşı tərəfə qoyduğu şərtlər də aydındır. Belə ki, iki ölkə arasında imzalanacaq sülh sazişinə dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalı, sülh ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Ermənistan məhz Bakının təqdim etdiyi beş baza prinsipi əsasında danışıqlar apararaq ikitərəfli sülh sazişinə nail ola bilər.

Ölkəmiz 44 günlük müharibədə qələbə qazanmaqla regionda yeni mərhələnin başlanğıcının əsasını qoyub. Məhz bu qələbədən sonra yeni strateji yanaşmaların ortaya qoyulması zərurəti yaranıb, ölkəmiz tərəfindən hərtərəfli əməkdaşlıq mühiti formalaşdırılıb. Bütün bunlara baxmayaraq, Ermənistanın mövqeyində ard-arda pozuculuq fəaliyyəti müşahidə olunur.

Sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif formatlarda keçirilən görüşlərə diqqət etsək, Ermənistanın heç də barışığa meyil etmədiyinə şahid olarıq. Belə ki, Paşinyanın Moskva, Soçi, Brüssel, Praqa, ABŞ, Kişineu görüşləri zamanı sərgilədiyi mövqe, eləcə də hayların baş nazirinin sərsəm bəyanatları bunu bir daha təsdiqləyir. Keçirilən hər bir görüş, Paşinyanın mətbuata açıqlamaları Ermənistanın danışıqlar prosesinə mane olmaq məqsədilə hərbi təxribatlara əl ataraq prosesi uzatmaq istəyini açıq-aşkar görürük. Bu isə qarşı tərəfin birbaşa 30 illik işğal dövrünü təkrarlamaqda maraqlı olduğundan xəbər verir. Bir məqamı da qeyd edək ki, Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində atılan addımların uğurlu nəticələri ölkəmizə göstərilən beynəlxalq dəstəkdə özünün aydın ifadəsini tapır. Azərbaycanın sülh təşəbbüslərinin qarşılığında Ermənistanın prosesə əngəl törətmək cəhdləri düşmənin iç üzünü bir daha açır. Çünki rəsmi Bakı tərəfindən irəli sürülən təkliflər beynəlxalq birlik tərəfindən də dəstəklənir. Onlar bu şərtlər daxilində sülh sazişinin imzalanmasını qəbul edirlər. Xain Hayastan əməldə dediyinin tam əksini edir, müxtəlif bəhanələrlə sülhdən yayınır. Paşinyan hakimiyyətinin bu cür qeyri-müəyyənliyi sülhün əldə olunmasına əngəl yaradır. Şübhəsiz, sözügedən qeyri-müəyyənliyin arxasında dayanan səbəblərdən biri də bölgədə marağı olan güclərin "oyunbazlığıdır". Xain düşmənin bölgədə marağı toqquşan güclər arasındakı oyunu Cənubi Qafqazda dayanıqlı sülhə, əməkdaşlığa, inkişafa, sabitliyə təhdid yaradır.

Röya RÜSTƏMLİ,

"Respublika".