Xalq əmanəti - Azərbaycan xalçası
Mədəniyyət

Xalq əmanəti - Azərbaycan xalçası

Qədim, çoxəsrlik tarixə, zəngin mədəni irsə sahib olan Azərbaycan xalqının mədəniyyətinin, incəsənətinin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində ölkəmizdə hər zaman olduğu kimi, bu gün də mühüm tədbirlər həyata keçirilir, önəmli layihələr reallaşdırılır. 2010-cu ildən "Xalq" Bankı ASC tərəfindən həyata keçirilən "Xalq Əmanəti" layihəsi də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, eyni zamanda dünyaya tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

Artıq 10 ildən çoxdur ki, bu missiyanı uğurla həyata keçirən "Xalq Əmanəti" layihəsi çərçivəsində ötən illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Ələkbər Rzaquliyev, Vəcihə Səmədova kimi bir çox tanınmış rəssamların, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" də layihə çərçivəsində işıq üzü görmüşdür.

Dekabrın 2-də "Xalq" Bankının əsas binasında "Xalq Əmanəti" layihəsinin 22-ci nəşri olan Xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirildi. Mərasimi gecənin aparıcısı, Əməkdar artist Dilarə Səlimova açaraq milli irsimizin qorunmasında "Xalq Əmanəti" layihəsinin oynadığı mühüm roldan, bu illər ərzində işıq üzü görən gözəl, nəfis tərtibatlı nəşrlərdən bəhs edərək layihə çərçivəsində yaradıcılığına müraciət olunan Lətif Kərimovun Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini incəsənətin və elmin ayrıca bir sahəsi olaraq ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olduğunu diqqətə çatdırdı.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov tədqiqatçı alimin yaradıcılığından danışdı və "Xalq" Bankının "Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr olunan "Azərbaycan xalçası" kitabının Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbə olduğunu bildirdi.

Sənətşünaslıq üzrə elmlər doktoru, pofessor Kübra Əliyeva Lətif Kərimovun "Azərbaycan xalçası" kitabının əsasını onun 60 il ərzində Azərbaycan, Türkmənistan, Cənubi Azərbaycan və Əfqanıstan xalçaçılıq məntəqələrində apardığı araşdırmalar və topladığı materialların təşkil etdiyini vurğuladı. K.Əliyeva bildirdi ki, Lətif Kərimov iyirmi ilə yaxın bir dövrdə Cənubi Azərbaycanın bütün xalçaçılıq məntəqələrini gəzərək azərbaycanlı ustalarla təmasda olmuş, xalçaçılıq sənətinin mürəkkəb bədii və texniki cəhətlərinin sirlərini dərindən bilən, nadir sənət əsərləri yaradan bu ustalardan məlumat toplamışdır. Bu məlumatlardan "Azərbaycan xalçası" kitabında istifadə olunmuşdur.

Tanınmış rəssamlar, ziyalılar və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər kitabın xalça sənətinin tədqiqində dəyərli mənbə kimi Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edərək "Xalq Əmanəti" layihəsinin milli irsin qorunmasında əvəzsiz rolundan danışdılar.

Lətif Kərimovun nəticəsi Əfşan Rzayeva Lətif Kərimovun 1950-ci illərdən başlayaraq yaratdığı yüzlərcə portret və ornamental xalçalar, özündən sonra qoyduğu zəngin irsindən danışdı. Həmin əsərlərin Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanıldığını xatırlatdı.

Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin ilk təşəbbüskarı da məhz Lətif Kərimov olmuşdur. 1980-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq xalça şöbəsi açılmış və o, şəxsən bu şöbədə xalça rəssamlarının hazırlanmasına rəhbərlik etmiş və tədris proqramlarının da tərtibçisi olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının yaradıldığı 1945-ci ildən ömrünün axırına kimi Lətif Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda xalça şöbəsinin müdiri işləmişdir. Bununla bərabər, o, xalça elmi sahəsində çoxsaylı mütəxəssislər yetişdirmişdir.

Qeyd edək ki, Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom - "Azərbaycan xalçası" kitabı Lətif Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş "Azərbaycan xəlçəsi" kitabının əsasında yenidən dərc edilmişdir. Ensiklopedik xarakter daşıyan kitab milli naxışların zənginliyi və dolğunluğu baxımından bütün xalça mütəxəssisləri, o cümlədən bədii metal, keramika, tikmə, xalça, divar boyakarlığı ilə məşğul olan rəssamlar, xalq ustaları və həvəskarlar üçün əvəzsiz vəsaitdir.

Mehparə ƏLİYEVA,

"Respublika".