Xalqa, Vətənə sədaqət andı
Sosial həyat

Xalqa, Vətənə sədaqət andı

Vətənə xidmətin, anda sədaqətin nümunəsini yaratmış ümummilli lider Heydər Əliyevin şərəfli yolunu yeni meyarlarla zənginləşdirərək davam etdirən dövlət başçısı İlham Əliyev regionda Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırdı. Prezident İlham Əliyev bütün bu möhtəşəm işlərə 19 il bundan əvvəl - 2003-cü il oktyabrın 31-də təntənəli şəkildə xalqa, Vətənə sədaqət andı içərək başlamış, verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu Liderinə çevrilmişdir.

Bir sıra tanınmış ekspertlər 2003-cü ili taleyüklü məsuliyyət baxımından 1993-cü illə müqayisə edirlər. Xalqın 1993-cü ilin oktyabrında inam və etimad göstərdiyi 30 ildən çox öz xalqına və dövlətinə canı, qanı ilə xidmət etmiş Heydər Əliyevin siyasi dühası təkcə Azərbaycan və Qafqaz reallığı deyil, bütün postsovet məkanının və türk dünyasının reallığı idi.

Heydər Əliyev təcrübəsinə və siyasi məktəbinə ən yaxından bələd olan İlham Əliyevə etimad göstərilməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən idi. "Əsrin müqaviləsi"nin imzalanmasında və 40-50 il üçün nəzərdə tutulmuş yeni neft strategiyasının hazırlanmasında Heydər Əliyevin ən etibarlı silahdaşı məhz İlham Əliyev olmuşdur. 2003-cü ilin oktyabrında xalq doğru seçim etdi və uzunmüddətli inkişafın təməlini qoydu.

Cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün zəruri olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun qələbəsini şəksiz edirdi. Xalq onu şəriksiz lideri kimi görürdü.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə Birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi. Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idi. Məhz cənab İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında azərbaycanlı deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun büro üzvü seçilmişdi.

Seçicilər yaxşı bilirdilər ki, cənab İlham Əliyev həm ARDNŞ-in Birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən bəri), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanmışdır. Cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu.

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən də ölkədə sosial-iqtisadi inkişafa start verildi. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlət başçımızın siyasi fəaliyyətinin əsas qayəsini təşkil etdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı ilk Fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanılmış, minimum əməkhaqqı və pensiyalar artırılmış, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır.

Dünyaya inteqrasiya yolu tutan Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçilməsi də bunun bariz nümunəsi idi. Bu, ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını əks etdirən daha bir əsaslı faktdır. 2011-ci il oktyabrın 24-də Azərbaycan tarixində ilk dəfə möhtəşəm bir uğura imza ataraq 155 dövlətin dəstəyi ilə quruma üzv seçilməsi, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasətin dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənməsi mənasına gəlirdi.

Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevin düzgün müəyyənləşdirilmiş xarici siyasəti Ermənistanı dünyada işğalçı dövlət kimi tanıtdı. BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün digər beynəlxalq təşkilatlar, həmçinin aparıcı dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtilə həll olunmasını tələb edirdilər.

Və əlbəttə ki, bütün bu hərtərəfli inkişafın məntiqi nəticəsi kimi, 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi sayəsində işğal altında olan torpaqlarımız yağı tapdağından azad olundu.

Bütün bu möhtəşəm uğurlara rəğmən, dövlət başçımız İlham Əliyev Azərbaycanı daha da xoşbəxt gələcəyə aparmaq əzmindədir və buna qadirdir. Azərbaycan Prezidenti əmindir ki, ölkəmiz bundan sonra da sürətli inkişafını davam etdirəcək, daha da güclənəcəkdir. Xalqımız isə vədinə əməl edən və Azərbaycanı xoşbəxt gələcəyə aparan böyük Lideri bu yolda həmişə dəstəkləyəcəkdir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.