Qarabağda rahat yaşayış təmin edilir
Sosial həyat

Qarabağda rahat yaşayış təmin edilir

Olduqca möhtəşəm, şərəfli bir dövrdə yaşayırıq. İllərlə gözlədiyimiz tarixi hadisələrin uğurlu nəticələrinin şahidi oluruq. Yüz illərin, bəlkə də minilliyin ən yüksək bir məqamındayıq. Azərbaycan dövləti suverenliyini, ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, son iki yüz ilin haqsız qaydalarını da dəyişmiş oldu. İlk dəfədir ki, ölkəmiz yüz illər ərzində itirilmiş torpaqlarını, ərazilərini düşmən istilasından, işğalından xilas etdi. Dünyada, beynəlxalq aləmdə haqqı, ədaləti diktə edən və əməli ilə həmin haqqı sübut edən Azərbaycan oldu.

Tarixən ölkəmiz istər iqtisadi, istərsə də ərazi baxımdan bir çox dövlətlərin maraq dairəsində olub. Belə ki, təbii ehtiyatlarla zəngin olan Azərbaycana qarşı hər zaman ərazi iddiaları olub. Bu əsasən son yüzilliklər ərzində məqsədli şəkildə ərazilərimizə yerləşdirilən ermənilər tərəfindən həyata keçirilib. Dəfələrlə ermənilərin xain planları ilə bağlı münaqişələr, toqquşmalar olub. Ötən əsrin sonlarında isə münasibətlərin gərginliyi öz kulminasiya səviyyəsinə çatıb. Nəticədə tarixi İrəvan əraziləri kimi, Qarabağ torpaqları da Ermənistan tərəfindən işğal edilib. 20 faiz ərazimiz işğal edilməklə bərabər, bir milyon vətəndaşımız da məcburi köçkün kimi ata-baba yurdundan didərgin düşüb. 30 il torpaq itkisinin həsrətini, ağrı-acısını çəkmişik. Birinci Qarabağ müharibəsi zamanı itirdiyimiz torpaqları İkinci Qarabağ müharibəsində Şanlı Qələbəmizlə azad etmişik. Vətən müharibəsindən sonra vəziyyət köklü şəkildə dəyişdi.

Beləcə, Azərbaycan 44 günlük əks-hücum əməliyyatı nəticəsində işğal altında olan ərazilərini azad etdi. Lakin ərazilərimizdə hələ də qanunsuz erməni silahlı dəstələri və separatçı qüvvələr vardı, Azərbaycan hökuməti onlara silahları təhvil verib, Qarabağı tərk etmək üçün vaxt verdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Bəyanat imzalandı. Kapitulyasiya aktına əsasən əlavə insan tələfatının olmaması üçün düşmənə ərazilərin boşaldılmasına vaxt verildi. Lakin Qarabağda olan separatçı qüvvələr ərazidə qalmaqla bərabər, gizli mina basdırılmasına və silah-sursat daşınmasına davam edirdilər.

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin 3 il ərzində Qarabağ ərazisində qanunsuz yerləşən separatçılar ərazilərimizi tərk etmədi, əksinə, davamlı olaraq təxribatlar törətdi.

19 sentyabr tarixində başlayan bir günlük lokal antiterror tədbirləri nəticəsində bölgədəki silahlı dəstələr və onları himayə edən separatçı qüvvələr təslim oldu. Artıq bütün Qarabağa Azərbaycan dövləti özü nəzarət edir. Bölgədə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə dialoq aparılır. Onların Azərbaycana inteqrasiya olmaq, yaşamaq istəyən ermənilərə hər cür köməklik göstərilir.

Qarabağda qalmaq istəyən erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul edərək ərazimizdə yaşaya biləcəklər.

Ramidə YAQUBQIZI,

"Respublika".