Xalqımızın mədəni sərvəti
Mədəniyyət

Xalqımızın mədəni sərvəti

10 Mart Milli Teatr Günüdür

"Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəni yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Mirzə Fətəli Axundzadənin  1851-ci ildə yazdığı komediya belə adlanırdı: "Sərgüzəşti-vəziri-xani-Lənkəran və ya Lənkəran xanının vəzirinin sərgüzəştləri". Əsər 1853-cü ildə Qafqaz qəzetində "Sərab xanlığının vəzirinin macəraları" adı ilə dərc olunmuşdur. Sonradan müəllifin məsləhəti ilə tərcüməçi  Mirzə Məhəmməd Cəfər əsərin adını dəyişdirmişdir. Bu barədə Mirzə Fətəli Axundzadə publisist Mirzə Yusif xana 17 dekabr 1873-cü ildə göndərdiyi məktubunda yazırdı: "Əziz tərcüməçiyə deyin ki, hər yerdə "Sərab xanlığının vəzirinin macəraları haqqında" adını "Lənkaran xanlığının vəzirinin macəraları haqqında" dəyişsin. Sərab səhv yazılıb, Lənkaran yazmaq lazımdı, çünki Sərabda dəniz yoxdu...". 1800-1801-ci illərdə baş verən hadisələrdən bəhs edən komediya müxtəlif illərdə Tiflisdə səhnəyə qoyulsa da, Bakıda 1873-cü il mart ayının 10-da Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən səhnələşdirilmiş və bu işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun çox böyük əməyi olmuşdur. Və bu tamaşa  ilə Azərbaycanda milli teatr sənətinin əsası qoyulmuşdu.

Zəngin mədəniyyətə sahib olan xalqımızın həyatında hələ uzun illər öncə  müxtəlif meydan, bayram, dini xarakterli tamaşalar mövcud olmuş, müxtəlif dövrlərdə ayrı-ayrı teatr qrupları bölgələri gəzərək tamaşalar göstərmişlər. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması isə mədəniyyət  tariximizdə çox böyük hadisə oldu. Bu vaxtdan etibarən qədim ənənələrə malik olan Azərbaycan teatrı get-gedə inkişaf etməyə başlamışdı. Xeyriyyəçi-mesenat H.Z.Tağıyev milli teatrın inkişafında əvəzsiz xidmət göstərərək Bakıda ilk teatr binasını inşa etdirmiş və  sonrakı dövrlərdə milli teatrımızın səhnəsində Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi  xalq tərəfindən sevilən və sənətinə pərəstiş edilən yüzlərlə  sənətkar yetişmişdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli teatrımız yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Cümhuriyyət dövründə xalqımızın tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər teatrın repertuarına daxil edilmiş, peşəkar teatrın dövlət statusu almasında mühüm addımlar atılmışdı. Beləliklə, Azərbaycan Dövlət Teatrı yaradılmış və teatrın səhnəsində ilk olaraq 1918-ci il noyabr ayının 4-də Nəriman  Nərimanovun "Nadir şah" faciəsinin tamaşası göstərilmişdi.

140 il öncə yaranmış İrəvan  Azərbaycan Teatrının səhnəsi Azərbaycanın ən görkəmli teatr xadimləri, mütəfəkkirləri, ədibləri üçün geniş yaradıcılıq meydanı olmaqla yanaşı, həm də xalqımızın maariflənməsi, savadlanması üçün ən münbit bir məkan olmuş, teatr İrəvanda mədəni mühitin formalaşmasında və inkişaf etməsində mühüm rol oynamışdır. İrəvan Azərbaycan Teatrının bazasında yetişmiş görkəmli sənətkarlardan Əli Zeynalov, Ətayə Əliyeva, İsmayıl Dağıstanlı, Kamil Qubuşov, Kazım Ziya, Rza Əfqanlı, Məmmədsadıq Nuriyev, Həsən Mirzəyev, Yusif Yulduz Azərbaycan teatr səhnələrinin bəzəyinə çevrilmişlər.

Nə az, nə çox - düz 150 il  bundan əvvəl yaranan, çətin və şərəfli yol keçən milli teatrımız  xalqımızın maariflənməsində, onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O zamanlar xalq "teatr çıxaranları" qəbul etmir, tamaşalar demək olar ki, tamaşaçısız keçirdi. Artistlərə pis münasibət, tamaşa oynamağa binaların tapılmaması, qadın rolunda kişilərin çıxış etməsi bu sahədə sənətkarların yetişməməsinə sözün əsl mənasında böyük poblemlər yaradırdı. Zaman ötdükcə  xalqın intibahı, millətin tərəqqisi, milli şüurun formalaşması cəhalətlə mübarizədə ən kəskin silahlardan biri olan teatr sənətinin təşəkkülünə imkan yaratdı və Azərbaycan milli teatrı özünün inkişaf mərhələsinə yüksəldi.

Azərbaycan mədəniyyətinin, incəsənətinin  himayədarı, sənət adamlarının qayğıkeşi ulu öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə Azərbaycan mədəniyyətinin, incəsənətinin, o cümlədən milli teatrımızın inkişafında misilsiz xidmətlər göstərmişdir. Xalqın mədəniyyətinin formalaşmasında, cəmiyyətin  inkişafında teatr sənətinin əhəmiyyətini xüsusi olaraq vurğulayan ulu öndər  bu sahəni hər zaman diqqət mərkəzində saxlamış, dövlət siyasətində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. 1998-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dövlət Musiqili Komediya Teatrının açılış mərasimində öz mövqeyini bir daha səsləndirmişdi: "Bəlkə, kimsə deyə bilər ki, biz ağır vəziyyətdə olduğumuz bir zamanda nə üçün teatr binasının tikintisinə bu qədər xərc qoyulubdur. Ancaq yox, biz Azərbaycan xalqının mədəniyyətinin inkişafını heç vaxt dayandıra bilmərik. Bizim xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq. Müstəqil Azərbaycan dövlətinin  Prezidenti kimi mənim siyasətimin böyük bir qolu bundan ibarətdir. Əmin ola bilərsiz ki, bu siyasəti mən bundan sonra da davam etdirəcəyəm".

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə  2006-cı ildə "Teatr və teatr fəaliyyəti haqqında" qanunun qəbul edilməsi, 2007-ci ildə isə  "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamın imzalanması dövlət tərəfindən milli teatrın inkişafına göstərilən xüsusi qayğının təzahürüdür. 2009-cu ildə dövlət başçısı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə isə hər il mart ayının 10-u  ölkəmizdə Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur. Ölkə başçısının İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd olunması ilə bağlı 2022-ci il 14 iyul tarixli Sərəncamı milli teatrımızın inkişafına göstərilən ən yüksək diqqətdir.

Bu gün respublikamızda İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı,  Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrları, Azərbaycan Dövlət Pantomima Teatrı  kimi bir çox sənət ocaqları fəaliyyət göstərir. Milli teatrımızın, bunun fonunda incəsənətimizin bütün sahələrinin inkişafı hər zaman olduğu kimi, bu gün də  dövlətimizin diqqət mərkəzindədir. Belə ki, mədəniyyət müəssisələrinin təmir edilməsi, yenilərinin tikilib istifadəyə verilməsi, bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi, onların sosial problemlərinin, məişət qayğılarının həll olunması dövlət başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyətində əsas yer tutur. Bu il fevral ayının 3-də ölkə başçımızın Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması xalqımızın mədəni sərvəti olan milli teatrımızın qorunması və inkişaf etdirilməsinə göstərilən dövlət qayğısının təzahürüdür.

Mehparə ƏLİYEVA,

"Respublika".