Xalqının hürriyyəti arzusu ilə yaşamış istiqlal mücahidi
Tarixi şəxsiyyətlər

Xalqının hürriyyəti arzusu ilə yaşamış istiqlal mücahidi

Xalqımızın müstəqillik idealının gerçəkləşməsində böyük xidmətləri olan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı  kəndində axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlmişdir. İbtidai sinfi Sultan Məcid Qənizadənin  ikinci rus-tatar məktəbində bitirdikdən sonra Bakı Texniki Məktəbinə daxil olsa da, təhsilini yarımçıq qoymuş, o  illərdə inqilabi hərəkata qoşularaq gənclərə milli hissləri aşılamaq, xalq kütlələri arasında istiqlaliyyət, hürriyyət fikirlərini yaymaq məqsədilə 1903-cü ildə tələbə yoldaşları ilə birgə "Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi"ni yaratmışdır.

Həmin il "Şərqi-Rus" qəzetində "Öz müxbirlərimizdən. Bakı" adlı ilk məqaləsi dərc olunduqdan sonra  "Həyat", "İrşad", "Tərəqqi" qəzetlərində mütəmadi olaraq çıxışlar etmiş, həmvətənlərini azadlıq, müstəqillik uğrunda mübariz olmağa çağırmışdı. Milli azadlıq hərəkatının öncüllərindən olan Məhəmməd Əmin xalqı savadlandırmaq, maarifləndirmək, kasıb ailələrə uşaqlarını oxutmağa  kömək etmək, maddi yardım göstərmək  məqsədilə yaradılan və Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski, Sidqi Ruhullanın da üzv olduqları "Nicat" mədəni-maarif cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişdir. "Müsəlman Sosial Demokrat Hümmət Təşkilatı"nın yaradıcılarından olan, gənc yaşlarından xalqın istiqlaliyyəti yolunda usanmadan mübarizə aparan istiqlal mücahidi  ona söz, ifadə, ittifaq yaratmaq azadlıqlarının verilməsi, millətin maariflənməsi üçün  bütün  çətinliklərə qatlaşmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin milli dövlət quruculuğu yolunda və xalqımız qarşısında əvəzsiz xidmətləri hazırda dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısının 30 dekabr 2023-cü il tarixdə imzaladığı M.Ə.Rəsulzadənin anadan olmasının bu il 140 illiyinin qeyd olunması haqqında Sərəncam bunu bir daha təsdiq edir. Sərəncamda deyilir: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur".

Ötən əsrin əvvəllərində rus inqilabı zamanı ölkədə baş verən proseslər, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi siyasətə qarşı mübarizələri Məhəmməd Əmin Rəsulzadənin  siyasi fəaliyyətinə böyük təsir göstərmişdi. O, "türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyasını rəhbər tutaraq "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı  ilə xalqın milli oyanışı yolunda dönmədən mücadilə aparmış, həyatını mübarizələr meydanında - Türkiyədə, İranda, Avropanın təlatümlərlə çalxalanan şəhərlərində keçirmişdi. 1905-1907-ci illər inqilabının yatırılmasından sonra İrana mühacirət edən Məhəmməd Əmin Rəsulzadə 1908-1911-ci illərdə İran inqilabında, İran Demokrat Partiyasının yaradılmasında yaxından iştirak etmiş və partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdir. İran inqilabından sonra Türkiyəyə gedərək burada  Əli bəy Hüseynzadə və Əhməd  bəy Ağaoğlu ilə görüşmüş, "Türk ocağı" təşkilatına  üzv olmuş, "Türk yurdu" jurnalında dərc etdirdiyi məqalələrində Cənubi azərbaycanlıların  hüquqlarını müdafiə etmişdir.

1913-cü ildə Bakıya  qayıdan Məhəmməd Əmin   "Müsavat" partiyasına rəhbərlik etmiş, 1914-cü ildə "İqbal" qəzetinin baş redaktoru olmuş, 1915-ci ildə türk ədəbi dilində  çap edilən ilk mətbuat orqanı - "Açıq söz" qəzeti onun redaktorluğu ilə nəşrə başlamışdı. Ana dilinin saflığının qorunması uğrunda mübarizə aparan, əsərlərində milli istiqlal ideyalarını təbliğ edən Məhəmməd Əminin "Dirilik" jurnalında "Dirilik nədir?", "Milli dirilik" başlıqlı silsilə yazıları dərc edilmiş, o illərdə "Cəmaət idarəsi" və "Bizə hansı hökumət faydalıdır?" kitabları çap  olunmuşdur. 1917-ci ildə M.Ə.Rəsulzadənin də redaksiya heyətinə daxil olduğu "Qardaş köməyi" jurnalı işıq üzü görmüşdür. Tanınmış filoloq Vaqif Sultanlı Məhəmməd Əmin Rəsulzadə haqqında yazırdı: "Məhəmməd Əmin bəyin fəaliyyətində onun nəşr etdirdiyi "Yeni Qafqasiya" (1923-1928), "Azəri-türk" (1928-1931), "Odlu yurd" (1929-1930) dərgiləri və həftədə bir dəfə çıxan "Bildiriş" (1929-1931) qəzeti  xüsusi yer tutur. Bu nəşrlərdə o, Türkiyədə Azərbaycan milli mətbuatının əsasını qoymuşdur".

1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziya Seymi yaradılmış və   fevralın 23-də keçirilən ilk iclasında Məhəmməd Əmin Rəsulzadə Seymin müsəlman fraksiyasının ən çox üzvü olan "Müsəlman və demokratik bitərəflər qrupu"nun və  fraksiyanın sədri seçilmişdir. Seymin fəaliyyətində Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi məsələsi əsas yer tuturdu. M.Ə.Rəsulzadə bu barədə yazırdı: "Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlman ölkələrinin də mənafeyinə uyğun idi". 1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edilmiş, həmin il may ayının 27-də Seymin Azərbaycan nümayəndələrinin fövqəladə iclasında Azərbaycan Müvəqqəti Milli Şurası elan olunmuş, Məhəmməd Əmin Rəsulzadə  Şuranın sədri seçilmişdir. 1918-ci il may  ayının 28-də Milli Şura  Azərbaycanın istiqlalını elan etmiş və altı maddədən ibarət İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Dünyəvi, demokratik dövlət kimi tarixə düşən, İstiqlal Bəyannaməsinin elan olunması ilə yaranan  Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb bir  ictimai-siyasi şəraitdə fəaliyyət göstərərək  dövrünün  mütərəqqi  dövlət təsisatlarının yaradılmasına nail olmuş, cəmi 23 ay yaşasa da, xalqın qəlbində azadlıq və istiqlal duyğularını oyatmış,  onun müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu sübut etmişdi. 1918-ci il noyabrın 19-da Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul  etmiş və həmin ilin  7 dekabr tarixində  Parlamentin açılış mərasimi olmuşdur. Mərasimdəki  tarixi çıxışında "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadə  bütün ömrü boyu  xalqının,  millətinin hürriyyəti, dövlətinin  müstəqilliyi  arzusu ilə yaşayıb mübarizə aparmışdır.

Mehparə ƏLİYEVA,

"Respublika".