Məndə sığar iki cahan,
mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm,
kövnü məkanə sığmazam!..
Nəsimi əzəmətinə bir cahan sığarkən, özü bu cahana sığmadı, sığa bilmədi. Dünyada olduğu zaman, dünya da onun içində, daxilində oldu. Şairin yaşadığı müddətdə bir şüarı oldu - Ənəlhəq! Həq mənəm, həq məndədi dedi. Nəsimiyə görə hər nə varsa, kiçikdən başlayıb, böyüməyə, aliləşməyə doğru gedir. Ona görə də hər bir varlıq özlüyündə böyük dünya, kainatdır. Nəsimi öz düşüncə və təfəkkürünə görə yaşadığı mühitə, onu əhatə edən aləmə sığa, qərarlaşa bilmirdi. Onun üçün insan olduğundan və göründüyündən daha böyük məfhum idi. Özünün də dediyi kimi, kamil insan bəşəri məna daşıyırdı.
Nəsimi üçün ən ilahi varlıq insan idi. Onun azadlığı, kamilliyi idi. Elə dünyanın gözəlliyini də bunda görürdü. İnsanın ağlı, təfəkkürü onun gözəlliyini, üstünlüyünü ifadə edirdi. Sufi şair olan Nəsimi üçün Tanrı da, insan da bir idi, vəhdətdə idi. Və bu birlikdən cahan qüvvət, qüdrət alırdı. Onun təfəkküründə və düşüncəsində insan ali varlıq olmaqla bərabər, həm də kainatın yönəldicisi, hərəkətverici qüvvəsi idi. Nəsimiyə görə, Allah insanı təkcə canlı varlıq kimi yaratmamışdı, dünyada hər şey insan zəkasına, iradəsinə bağlıdır. Və cəmi bəşər də insanın əmrinə tabe, düşüncəsinə yönəlirdi. Nəsimi poeziyasının ana xəttini, qayəsini kamil insan və onun təfəkkürü təşkil edirdi. Şair öz şeirlərində insanı bəşəriyyət üçün ən qiymətli varlıq kimi təsvir edir.
Hürufiliyin ən böyük təbliğatçısı sufi şair olduğu üçün bütün varlıqlara fərqli yöndən baxırdı. Onun üçün bir amal, məqsəd olub. İnsan və onun varlığı. Geridə qalan zəif təfəkkürün məhsulu idi. Nəsimiyə görə, güclü, gücsüz insan olmayıb. Kamil və cahil insan olub. Onun düşüncəsinə görə isə kamil insan bütün alilərin fövqündə dayanıb. Əgər Nəimi böyük alim və filosof kimi hürufiliyin nəzəriyyəsini yaratmışdısa, Nəsimi qüdrəti sufi şair kimi onun möhtəşəm poeziyasını canlandırıb insanlara sevdirmişdi. Onun şeirləri dövrünün insanları arasında nə qədər sevilirdisə, bir o qədər də laməkan dərvişlərin dillər əzbəri idi. Dərvişlər diyar-diyar gəzərək Nəsimi qəzəllərini təbliğ edir, yayırdılar.
Nəsimi təfəkkür və düşüncəsi ilə bütün dünyanı zəbt etmək iqtidarında olan, ən qorxulu hökumdarlardan olan Əmir Teymurun qarşısında belə, təmkinini pozmamış, onu öz zəka gücünün təsiri qarşısında aciz vəziyyətə salmışdır. Tarixdən də məlumdur ki, hürufilər Əmir Teymuru qəddar əməllərinə görə cahil adlandırıblar. Elə buna görə də, Teymurilər tərəfindən hər zaman təqib olunublar. Şairin müəllimi Nəimi Naxçıvanda, Əlincə qalasının yaxınlığında Miranşah tərəfindən edam edilir. Müəlliminin ölümü Nəsimiyə əzab verir, o, bu hadisədən sonra böyük sarsıntı keçirsə də öz düşüncə və təfəkküründə daha da mətin olur. Hətta, böyük Nəimiyə olan sevgisini "Ayrılıq" qəzəli ilə gözəl bir şəkildə ifadə edir:
Ey müsəlmanlar,
mədəd ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim,
çün gövdədən can ayrılır.
Bu qəzəl Nəsiminin daxili üsyanı, hayqırtısı idi. Nəiminin ölümünü heç cür qəbul edə bilməyən Nəsimi onun davamçısı kimi ustadın dini-fəlsəfi fikirlərini yaymaq məqsədilə laməkan həyat yaşayır. Müxtəlif vaxtlarda Təbriz, İraq, Anadolu və digər ölkələr də yaşayaraq Nəimi ideologiyasını dünyaya yaymağa çalışır. Ömrünün sonlarını isə Suriyanın Hələb şəhərində yaşayır.
Nəsimi Azərbaycan dilinin zənginliyindən bacarıqla istifadə edir, onu öz oxucularına sevdirirdi. Onun dili zəngin olduğu qədər də gözəl, ahəngdar idi.
Nəsimi böyük şair idi. Yerlə göyü birləşdirib, yerin göyə, göyün də ərşi ümmana sevgisində qərar tuturdu şairin xəyalı. Nəsimi nə yerdə idi, nə də göydə. O ruh şairi idi. Onun ilhamlandığı sevgisi ilahi sevgi idi. İnsanın, hüsnü-cəmalına yox, kamalına, ağlına, təfəkkürünə olan sevgi idi.
Səni bu hüsni camal ilə,
kamal ilə görüb,
Qorxdular həq deməyə,
döndülər insan dedilər.
Nəsiminin təxəyyül və düşüncəsində ən böyük həqiqət insanın özü idi. Şairin dərisini diri-diri soymaqla onu öz əqidəsindən döndərməyə çalışsalar da, əksinə, Nəsimi fikirlərinin daha fövqəlbəşər zirvəsində dillənir. Ölüm ayağında ona istehza ilə "nə üçün saralmısan?" - deyərkən, belə cavab verir:
- Mən əbədiyyət üfüqündə doğan bir günəşəm. Günəş isə qürub edərkən saralır.
Təəssüflər olsun ki, Nəsiminin həyatı haqqında geniş məlumata rast gəlmirik. Yazılı mənbələrdə onun əsl adının Əli, Ömər olduğu göstərilir. Şair 1369-cu ildə Azərbaycanın qədim Şamaxı şəhərində dünyaya gəlib. Atası Seyid Məhəmməd Şirvanda tanınmış şəxsiyyətlərdən olub. Nəsiminin qardaşı da Şah Xəndan təxəllüsü ilə şeirlər yazıb. Həmin dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə çoxlu məktəb, mədrəsə, Şərq dünyasında məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi. Eyni zamanda, zəngin kitabxanalar da var idi. Bütün bunlar Nəsiminin elm, təhsil almasında və dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, riyaziyyat və astranomiya elminə maraq göstərmişdir. Şamaxıda dövrünün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil almışdı. Klassik Şərq və qədim yunan fəlsəfəsini, İslam və xristian dinlərini, ədəbiyyatı dərindən öyrənmişdir. Azərbaycan, ərəb və fars dillərində gözəl şeirlər yazmışdır. Şair təhsil aldığı müddətdə böyük alimlərdən bəhrələnsə də onun daha mükəmməl yetişməsində əvəzsiz rolu, hürufi Fəzlullah Nəimi oynamışdır. Səfərlərində şeyx mürşudi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə ailə həyatı qurmuşdur. Şairin poeziya dili çox zəngin olmuşdur. Əsasən, əruz vəznində yazdığı şeirləri Orta Asiya, Türkiyə, İran və bir çox ölkələrdə yayılaraq sevilmişdir. Nəsimi divan ədəbiyyatının banisi hesab edilir. Şairin əlyazma nüsxələri dövrümüzə qədər gəlib çatmış və dünyanın bir çox kitabxana və muzeylərində qorunub saxlanır. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir.
Ramidə YAQUBQIZI,
"Respublika".