Xankəndi-Laçın yolunda ekoaksiya davam edir
Digər xəbərlər

Xankəndi-Laçın yolunda ekoaksiya davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa səsləyirlər. Onlar istəklərinin həyata keçirilmədiyi təqdirdə, aksiyanı davam etdirəcəklərini bildirirlər.  Gənc könüllülər də dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını qətiyyətlə tələb edirlər. Erməni mediasında yayımlanan saxta xəbərlərə görə, guya etirazçılar Xankəndi-Laçın yolunu blokadaya alıblar. Halbuki təcili yardım maşınları, mülki şəxslər sərbəst şəkildə hərəkət edirlər. Yol məhz Rusiya sülhməramlıları tərəfindən bağlanılıb. Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının, ictimaiyyət nümayəndələrinin tələbləri isə tamamilə qeyri-siyasi məna daşıyır. Onlar sadəcə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən qanunsuz yükdaşımalara, buradan qovulmamış Ermənistan ordusunun tör-töküntülərinə, qeyri-qanuni silahlı dəstələrlə əlbir şəkildə dövlətimizin təbii sərvətlərini talayanlara qarşıdırlar. Bu məqsədlə, aksiyada üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırılır, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” və s. şüarları səsləndirilir. Ekoloji aksiya zamanı mühüm məsələlərdən biri də iştirakçıların təhlükəsizliyi məsələsidir. Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər fəalların təhlükəsizliyini tam təmin edirlər. 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan qaynaqlanan digər məsələlərlə bağlı monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi monitorinqin keçirilməsinin qarşısını almışdır. Bütün bunlara baxmayaraq, aksiya iştirakçıları yorulmadan haqq səslərini dünyaya çatdırırlar. 

Ötən il dekabrın 12-dən etibarən başlayan aksiya artıq 67 gündür ki,  davam edir.

Nəzrin ELDARQIZI,

“Respublika”.