Xatirələr dilə gəlir
Sosial həyat

Xatirələr dilə gəlir

Bu günlərdə Vətən müharibəsi şəhidi Namiq İlyas oğlun Xəlilovun anım günü mərasimi keçirildi. Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı önünə tər güllər düzdülər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd etdi.

Çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları ilə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışdılar.

Xatirələr dilə gəldi. Namiq Xəlilov 1992-ci il iyunun 15-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 nömrəli tam orta məktəbi bitirib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Aprel döyüşlərində və Vətən müharibəsi zamanı Füzuli, Kəlbəcər, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Namiq Xəlilov "Azərbaycan Bayrağı" ordeni, 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Hərbi xidmətlərə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Vətən uğrunda", "Şücaətə görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Tofiq HÜSEYN,

"Respublika".