XOCALILILAR QAYIDIŞA HAZIRLAŞIR
Digər xəbərlər

XOCALILILAR QAYIDIŞA HAZIRLAŞIR

Biz, xocalılılar bu gün sevinc, qürur içindəyik. Bizə candan əziz olan torpaqlarımızda Müzəffər Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük qürurla üçrəngli bayrağımız ucaldılıb. Xocalının meşələrində, düzlərində qətlə yetirilən məzarsız şəhidlərimizin ruhları şaddır. Bu həqiqətdir ki, Xocalı yarası heç bir zaman qaysaq bağlamayacaq. Ancaq bu yaranı, bu ağrını səngitməyin, mənən sakitləşməyin yolu vardı. Vətən müharibəsində Xocalı cəlladlarının məhv edilməsi, torpaqlarımızın işğaldan azad olunması, həmçinin antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizin bərpası, Meşəli, Xocalı qatillərinin qolubağlı məhkəmə qarşısına çıxarılması bizi mənən sakitləşdirdi. Qalib ölkənin qalib vətəndaşı kimi qürur və fəxr hissi keçiririk. Bu qələbənin mahiyyətini düzgün dərk etmək, onu təbliğ etmək hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Xocalılılar həmişə dövlətə və dövlətçiliyə sədaqətlə xidmət ediblər. Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq olan Xocalı sakinləri onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttini daim dəstəkləyir. İnanırdıq ki, qətiyyətli, uzaqgörən, xalqını öz canı qədər sevən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim dədə-baba torpaqlarımıza qayıdacağıq. Bizə bu qələbə sevincini yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu gün Əsgəran qalası üzərində Şanlı Bayrağımız qürurla dalğalanır. Tezliklə Xocalıya, Xankəndiyə Böyük Qayıdış başlayacaq. Artıq Xocalı Rayon Polis Şöbəsi doğma torpaqlarda fəaliyyətini davam etdirir, ictimai asayişi qoruyur. Digər idarə və müəssisələrin də Xocalıya qayıdışı baş tutacaq. Əziz Xocalımız öz sevimli övladlarını gözləyir. Xocalıya doğma övladlarının nəfəsi dəydikcə cənnətə çevriləcək, toylu-büsatlı günlərimiz də olacaq.

Bu illər ərzində xocalılılara mənəvi dəstək olan həmvətənlərimizin bizə olan diqqət və qayğısını da yaddan çıxarmayacağıq. Xocalılılar nə başlarına gətirilən müsibətləri, düşmənin xislətini, nə də ki, onlara kömək edən, mənəvi dəstək olan insanları heç bir zaman unutmayacaq. Gözəl təbiətli, münbit torpaqlı, insanları mehriban, qonaqpərvər olan Xocalıda respublikamızın hər yerindən gələn qonaqları böyük sevinclə qarşılayacağıq. O xoşbəxt günlər uzaqda deyil...

Qalib BƏYMƏMMƏDOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan

Jurnalistlər Birliyinin üzvü, Xocalı sakini.