Tarix

"Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"

Cavid əfəndi qadın gülüşlərini, cəmi bəşəriyyətin sevinci kimi qiymətləndirib. Çünki bir qadını xoşbəxt etmək üçün adi bir söz də kifayət edir. Onun xoşbəxtliyindən isə cəmiyyət güc, qüvvə alır. Ülvilik, zəriflik, gözəllik rəmzi olan xanımlar haqqında "qadın böyük  qüvvədir" deyənlər də haqlıdır. O qüvvə həm də anadır, bacıdır, həyat yoldaşıdır. Azərbaycan qadını, anası tarix boyu nəcibliyi, xeyirxahlığı, fədakarlığı, mərdliyi, işgüzarlığı ilə seçilib. Bu keyfiyyətlərə xas olmaqla yanaşı, xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Dövlətimiz hər zaman qadına layiq olduğu dəyəri verərək adını, şərəfini uca tutub. Bu, həm də bizim milli-mənəvi, əxlaqi dəyərlərimiz, adətimizdir. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də böyük tarixi hadisədir.

Qadın həm də insanda vətənpərvərlik hissini aşılayan anadır, çünki ana da bir vətəndir. Bu mənada ana Vətən deyilən bir məfhum var. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə analar üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Biz bunun 44 günlük Vətən müharibəsi zamanı şahidi olduq. Böyüdüb, tərbiyə etdiyi övladını torpaqlarımızın azadlığı uğrunda döyüşlərə yola salan analar özləri də arxa cəbhədə ruhən, mənən onların yanında oldular. Həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Vətənpərvərlik ali, müqəddəs duyğudur, insanın cəmiyyətdə tutduğu mövqe məhz onun vətənpərvərliyi ilə müəyyənləşdirilir. Vətənpərvərlik insana qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə sevgi, hədəflərə inam aşılayır. Qadınlarımız tarixən yüksək mənəvi-əxlaqi xüsusiyyətləri özündə birləşdirərək cəmiyyət üçün faydalı, sağlam, milli-mənəvi dəyərlərə sadiq və ən əsası vətənpərvər nəsil yetişdirmişdir.

Eyni zamanda qadınlarımız bütün dövrlərdə dövlətə sədaqəti və fədakarlığı ilə seçilmiş, tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmışdır. Çünki onun cəmiyyətdə ən böyük missiyası sağlam, ağıllı, tərbiyəli övladlar böyütməkdir. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Həyatımızın bütün sahələrində əvəzsiz rolu olan qadınlarımız böyük hörmət və ehtirama layiqdirlər. Onlar təhsil, elm, mədəniyyət və incəsənət sahələrində böyük uğurlara imza atırlar. Elə bir sahə yoxdur ki, orada qadınlarımızın zəhməti hiss olunmasın. Tarix boyu Vətənimizin çətin günlərində də qadınlar kişilərlə yanaşı, çiyin-çiyinə çalışmış, onlara arxa-dayaq olmuşlar. İgid oğullar yetişdirən Azərbaycan anası özü ən böyük qəhrəmandır. Xalqımız daim bu analara, xanımlara böyük hörmət və ehtiramla davranır.

Bu gün qadınların günüdür, kimliyindən, hansı sahədə çalışmağından asılı olmayaraq bütün dünya qadınlarının bayramıdır. Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixi işçi qadınların haqlarının qorunması, onların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayrama çevrilib. İlk dəfə 1857-ci il martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə tarixə düşüb və 1910-cu ildə Kopenhagendə (Danimarka) qadınların beynəlxalq konfransında alman sosialisti Klara Setkinin təşəbbüsü ilə bu tarixin "Beynəlxalq qadınlar günü" kimi qeyd edilməsi qərara alınıb.

Azərbaycanda 8 Martın qeyd edilməsi ənənəsi sovetlər dövründə, ötən əsrin 20-ci illərində yaranıb. 1966-cı ildən keçmiş SSRİ-də, o cümlədən respublikamızda bu gün rəsmi bayram kimi qeyd olunmağa başlanıb. Bayram 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmiləşdirilib.

Ramidə YAQUBQIZI,

"Respublika".