Yaşı bir əsrdən çox olan hamam
Region

Yaşı bir əsrdən çox olan hamam

Ağdamda tariximizin açılmayan qatları mövcuddur, burada qədim şəhərsalma mədəniyyəti mövcud olub, məqbərə komplekslərinin tikintisi, dulusçuluğun, misgərliyin, boyaçılığın  inkişafı keçmiş sənətkarlıq ənənələri ilə bağlı olub.

Ağdam həm dağlıq, həm aran rayonu olub bu yerlərdə ana təbiətin yaratdığı gözəllik bir-birinə qovuşaraq həmahənglik yaradıb. Rayon ərazisində qədim dövrlərdən xəbər verən günbəzlər, daşdan yonulmuş qoç at fiqurları, məqbərələr, kahalar var idi. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. 30 ilə yaxın davam edən işğal zamanı xalqımıza məxsus tarixi, mədəniyyət dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

Ağdam şəhərindəki mədəniyyət abidələrindən biri qədim hamamdır. Bu hamamın tikilməsi tarixi ilə bağlı müxtəlif fikirlər var. Yerli sakinlər hamamın XIX əsrin sonlarında Xan qızı Xurşidbanu Natəvan tərəfindən tikdirildiyini bildirirlər. Ona görə keçmiş sovet dönəmində Ağdamda bu hamama "Natəvan hamamı" da deyilirdi. Digər versiyaya görə, Ağdamdakı qədim hamam XX əsrin əvvəllərində inşa edilib. Ağdam şəhər sakini Arif Hacıyev hamamın XX əsrin əvvəllərində yerli bəylər tərəfindən tikildiyini deyir:

- Ağdam şəhəri işğal olunana qədər burada 6 hamam olub. Onlardan ən qədimi 3 nömrəli bağçanın həyətindəki hamamdır. Həmin ərazidə Qara bəy, İldırım bəy, Vəli bəy adlı bəylər yaşayıb. Güman olunur ki, hamam da həmin bəylərdən biri tərəfindən tikilib. Hamamın tikintisində kərpic, əhəng gəcdən istifadə olunub. Hamamdan İkinci Dünya müharibəsinə qədər təyinatı üzrə istifadə edilib. Sonrakı dövrdə hamam anbar, daha sonra isə çayxana kimi istifadə olunub. Qeyd edək ki, Ağdam şəhərindəki qədim hamam Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar edilmiş abidə kimi qeydə alınıb.

Salman ALIOĞLU,

"Respublika".