“Yaşıl enerji”nin dənizdən-dənizə ötürülməsi
İQTİSADİYYAT

“Yaşıl enerji”nin dənizdən-dənizə ötürülməsi

Son illərdə ən çox gündəmdə olan məsələlərdən biri də yaşıl enerjiyə olan maraqdır. Ölkəmiz bütün yeraltı və yerüstü təbii sərvətləri kimi yaşıl enerji sahəsində də zəngin ehtiyatĺara malikdir. Elə bu səbəbdən də bir çox xarici dövlətlərin maraq dairəsindədir.

Ötən il dekabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində dövlət başçımız “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimində iştirak etmişdir. Dördtərəfli hökumətlərarası saziş Rumıniya və Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Enerji mənbələri ilə zəngin ölkəmiz Avropa üçün əvəzolunmaz tərəfdaşdır. Məsələn, Azərbaycanın çox böyük külək və günəş enerjisi potensialına malik olması hazırda  Avropanın diqqət mərkəzindədir. Bu sahədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və “ACWA Power” şirkətləri ilə bağlanan müqaviləyə əsasən Azərbaycanda külək və günəş enerjisi istehsalına böyük həcmdə investisiya qoyulmuşdur. Səudiyyə Ərəbistanında da ölkəmizin enerji, xüsusilə “yaşıl enerji” potensialına maraqlı olan investorlar var. Məlumdur ki, son illər dünyada baş verən böhranlar və müharibələr səbəbindən Avropada və digər ölkələrdə enerjiyə tələbat artmışdır. Bu baxımdan, Azərbaycan həm də dünya ölkələri üçün təhlükəsiz tərəfdaşdır. Xüsusilə, neft və qaz sahəsində çox vacib və mühüm əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan artıq Avropaya artan ehtiyacı ödəmək üçün öz “yaşıl enerjisi”  dialoqu həyata keçirir. Ölkəmiz enerji resursları ilə dünyada enerjiyə artan tələbatı ödəməklə həm də öz sərvətlərinin dəyərini artırır.

Sözügedən enerji kabelinin çəkilməsi Rumıniyanın Qara dəniz sahilində yerləşən Dobrogea bölgəsində enerji sisteminin yenidən balanslaşdırılması üçün son dərəcə vacib rol oynayır. Bağlanan sazişlər və görülən işlər ölkələr arasında strateji münasibətlərə də təsir göstərəcək. O ki, qaldı Rumıniya ilə əlaqələrimizə və əməkdaşlığımıza bunun da möhkəm əsasları var.

Bu gün Azərbaycan Avropanı enerji asılılığından xilas edəcək bir ölkəyə çevrilməkdədir. Buna misal olaraq, daha bir faktı xatırlatmaq yerinə düşər. Belə ki, bu ilin yanvar ayında Bakıda  keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb.

Hazırkı dönəmdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycana enerji təminatı ilə bağlı müraciət edən ölkələrin sayı artmaqdadır. Dənizdən-dənizə prinsipi ilə baş tutacaq bu layihə həm də Azərbaycanın tranzit ölkə kimi də aktuallığını artırır. Bağlanan sazişə əsasən Azərbaycanda alternativ enerji resurslarından əldə olunmuş elektrik enerjisi Qara dənizin dibi ilə çəkilən xətt vasitəsilə  Avropaya çatdırılacaq. Onu da qeyd edək ki, Qara dənizin dibi ilə çəkiləcək xətlə enerji işğaldan azad olunmuş və digər ərazilərimizdə istehsal olunaraq Xəzər dənizi vasitəsilə Avropaya ötürüləcək. Hesablamalara görə, ölkəmiz alternativ enerji mənbələri üzrə 200 geqavatdan artıq potensiala malikdir.

İşğaldan azad edilmiş ərazilərimizdə istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək və bununla da Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək. Xəzər dənizi ilə bərabər, Azərbaycanda əsas enerji mərkəzi “yaşıl enerji” zonası kimi Qarabağ və Şərqi Zəngəzurun payına düşür. Bu ərazilər ölkəmizdə “yaşıl enerji” istehsalı və ixracı mənbələrinin mərkəzidir. İşğaldan azad edilmiş bölgələrimizdə kiçik su elektrik stansiyalarının qurulması, Laçın-Kəlbəcərdə isə külək elektrik stansiyasının inşası hazırda bu sahədə ən vacib məsələlərdən biridir.  Nəzərdə tutulan “yaşıl enerji” zonasının yaradılması layihəsinin həyata keçirilməsi 2022-2026-cı illər üzrə planlaşdırılıb.

Göründüyü kimi, bu gün ölkəmizin “yaşıl enerji” potensialının istehsalı və ixracı istiqamətində olduqca böyük addımlar atılır. Hesablamalara görə, ölkəmizin “yaşıl enerji” potensialı quru ərazilərdə 27 qiqavat, dənizdə isə 157 qiqavatdır. 2027-ci ilə qədər 4 qiqavat külək və günəş enerjisi istehsal olunacaq. 2037-ci ildə isə əlavə olaraq, 7 qiqavat “yaşıl enerji” dövriyyəyə qoşulacaq. İstehsal olunacaq “yaşıl enerji”nin 80 faizinin ixrac edilməsi nəzərdə tutulur. Ölkəmizdə enerji sahəsində “yaşıl enerji”yə keçid iqtisadi inkişafa və yüksəlişə təkan verəcək.

                                       Ramidə YAQUBQIZI,

                                             “Respublika”.