Yüksəliş strategiyasının müəllifi
Siyasət

Yüksəliş strategiyasının müəllifi

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev mənalı ömrünü müasir, dünyəvi, qüdrətli, demokratik Azərbaycanın qurulmasına həsr etmişdir. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin gərgin əməyi və müdrik rəhbərliyi əsasında yaranmışdır. Ölkəmizin reallıqlarını dərk etmək üçün ilk növbədə Heydər Əliyev şəxsiyyətini və onun Vətənimiz qarşısındakı xidmətlərini dərk etməliyik. Bu dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyəti barədə yüzlərlə əsərlər yazılmış, monoqrafiyalar dərc edilmişdir. Tam qətiyyətlə demək olar ki, nüfuzu və şöhrəti Azərbaycanın sərhədlərini aşmış bu görkəmli siyasətçi və dövlət xadiminin fəaliyyəti, nəsillərə örnək qoyduğu siyasi məktəbi hələ çox-çox illər bundan sonra da yeni araşdırmalar, yeni fikirlər mövzusu olacaqdır.

Heydər Əliyevin hələ sovetlər dövründə misilsiz xidmətlərini - ölkəmizi çiçəklənən bir respublikaya çevirməsini, o illərdə müstəqilliyimizin bünövrəsini qoymasını, milli kadrların hazırlanmasında o dövr üçün analoqu olmayan tədbirlər həyata keçirməsini bu gün iftixar hissi ilə xatırlayırıq.

Müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ən mürəkkəb və çətin vəziyyətlərdə xalqına düzgün yol göstərən tarixi xidmətləri, sədaqəti, əməli fəaliyyəti ilə xalqına bağlılığını təsdiqləyən qətiyyətli dahi lider idi.

Ötən əsrin 70-ci illərində Azərbaycana ilk rəhbərliyi dövründə digər müttəfiq respublikalar kimi sovetlər birliyinin tərkibində olan, Moskvadan idarə edilən Azərbaycanda milli hərbi kadrların hazırlanması ulu öndərin ən böyük arzusu idi.

Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olmuşdur. 1991-ci ildən 1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürizm və anarxiya dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin illərdə yeni yaradılan müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi siyasi-iqtisadi vəziyyətdə nə etmək lazım olduğunu bilməyən şəxslərin rəhbərlik etməsi ilə əlaqədar idi.

Belə ki, 1993-cü ilin yazında Ermənistan ordusunun işğal siyasəti genişlənmiş və gücsüz, silahsız Azərbaycan ordusu mövqelərindən geri çəkilmişdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi də başlamış, qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Təbii ki, belə bir zamanda yalnız hamının inandığı və müdrikliyinə güvəndiyi görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycanı xilas etmək iqtidarında idi. Xalqın təkidli xahişləri ilə öz liderinin hakimiyyətə qayıdışını böyük səbirsizliklə gözləyirdi. Çünki Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi.

Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da ölkəni vətəndaş müharibəsindən xilas etmək üçün Bakıya qayıtdı. Bu, xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq gətirdi, ölkənin xilas olacağına əminliyini yaratdı. Beləliklə, ulu öndərin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçildiyi gün -15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi, separatçı qüvvələr zərərsizləşdirildi. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Bütün bunun kökündə isə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini əhatə edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması nəticəsində Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı.

Təbii ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoludur. Bu yolla gedən Azərbaycan davamlı surətdə yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə ulu öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən məqsədyönlü, düşünülmüş şəkildə davam etdirilməsi və son nəticədə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə bir daha göstərdi ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir.

Rəsul BAYRAMOV,

"Səyyar-A" MMC-nin direktoru.