YUXUNUN DA ÇİN ÇIXANI OLURMUŞ!
Digər xəbərlər

YUXUNUN DA ÇİN ÇIXANI OLURMUŞ!

Qapı döyüldü. Qətibə yuxudan səksəkəli oyandı. Dərhal qalxıb yerinin içində oturdu. Bir qədər qapını dinlədi. Səs-səmir gəlmirdi. Pəncərənin önündəki nar ağacının budaqları küləyin ahəngi ilə aram-aram pəncərəyə dəyib qayıdırdı. "Yəqin pəncərəni döyəcləyən ağacın budaqlarıdır. Səsini qapı tıqqıltısı hesab etmişəm", - deyə düşündü". Bayırda yağış yağır, külək əsirdi. İtlər aramsız hürüşürdü. Onların səsindən vahimələnən pişiklər də miyoldaşırdı. Qətibə yorğanı başına çəkib, yuxuya getməyə çalışdı. Amma yenicə gözlərini yummuşdu ki, qapı yenə döyüldü.

 - "Tıq-tıq", az fasilə ilə yenə, "tıq-tıq, tıq-tıq". Bu, onun oğlunun qapı döyməyinə oxşayırdı. Adındakı hərflərin sayı qədər qapını tıqqıldadar, Qətibə də: "Gəldim, gəldim, ay anan qurban! Şahmal, sənsən, başına dönüm?!", - deyib qapıya qaçardı.

Anasının səsini eşidəndə, Şahmal adını hecalara ayırıb, qapını bərkdən iki dəfə də tıqqıldadardı. Anası qapını açanda onun zərif vücuduna sarılıb, arıqlıqdan sümüyü çıxmış qupquru taxta sinəsini bağrına basar, polad kimi möhkəm qolları arasında sıxar, balaca uşaq kimi, ayaqlarını yerdən üzüb, boyu qədər qaldırar, hər iki yanağından öpüb:

- Bəs kim olacaq, ay ana, yoxsa məndən başqa da oğlun var, həə?! - deyər, əlini boynuna salıb, saçından öpə-öpə anasının ruhunu oxşayardı.

Bu dəfə qapını döyən Şahmal deyildi, çünki qapı onun adındakı hərflərin sayı qədər döyülməmişdi. Şahmal hərbçi idi. 44 günlük Vətən müharibəsinə gedəndə də, anasına xəbər vermədən getmişdi.

Qətibə qorxdu. Yerindən dik atıldı. Beyninə qara-qara fikirlər doldu. Yoxsa, kimsə oğlumdan xəbər gətirib?

O, qapının arxasından sağa-sola boylandı, heç kəs yox idi. Yad adamın qapı döyməməsinə sevindi, deməli, bəd xəbər gətirməmişdilər. Şahmalın gəlməməsinə də kədərləndi. Yenidən cırıldamaması üçün qapını dabanının var gücü ilə qaldıraraq örtdü. Çətinliklə arxasının dəmirini keçirib qonşusu Əjdər kişiyə dua edə-edə evə qayıtdı.

Əjdər kişi tövləsinin qapısını təzələyəndə, köhnəni çıxarıb Şahmala vermişdi ki, qapını yerinə qoysun, çünki o olmayanda anası evdə tək qalırdı. Şahmal müharibədə olanda da Əjdər kişinin uşaqları üçmərtəbəli evlərinin, ya pəncərəsindən, ya da eyvanından boylanıb Qətibənin ehtiyacını soruşurdular. Qətibə həmişə eyni cavabı verirdi:

- Sizin sağlığınız bəsdir, ay bala, Şahmala dua edin, sağ-salamat qayıtsın, məni tək qoymasın.

Əjdər kişinin üç oğlu var idi. Bir-birlərindən 1-2 yaş fərqilə doğulmuşdular.

O, Şahmalın atası ilə bir sinifdə oxumuşdu. Onlar da üç qardaş idilər. Birinci Qarabağ müharibəsi dövründə Əjdərin atası kənd təsərrüfatı kooperativinin sədri idi, oğlanlarının üçünü də Rusiyaya oxumağa göndərmişdi. Uşaqlar orada təhsil alıb qayıtmışdılar.

O vaxtı Şahmalın atası və iki əmisi Ağdamda döyüşürdülər. Qətibənin toyu beş ay idi ki, olmuşdu. O biri qayınları subay idilər. Qaynanası hər sübh namazında dua edəndə deyirdi: "Ya Rəbbim, üçündən birini salamat gətir...".

Allah ananın səsini eşitdi. Üçündən ikisini salamat gətirdi. Amma onlar Şahmalın atası deyildi. Şahmal atasız - şəhid oğlu kimi dünyaya gəldi. Çarpayının baş tərəfində asılan atasının hərbi geyimdə şəkli elə uşaqlıqdan diqqətini cəlb etmişdi. Ayağı yer tutar-tutmaz evdə əlinə keçən əşyaları silah kimi sinəsinə sıxır "ta-ta-ta" deyirdi. Körpəlikdən fikri-zikri hərbçi olmaq idi. Ona görə də Şahmal 15 yaşında Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu və oranı bitirdi.

Həmin vaxtdan təkliyə alışan Qəti

bə Şahmalın atası şəhid olanda çox gənc idi. 19 yaşı ana olandan iki ay sonra tamam olmuşdu. Özü tibb bacısı idi. Amma uşaq körpə olduğu üçün işləyə bilmirdi.

Qətibə ehtiyac içərisində yaşasa da, bunu Şahmala hiss etdirməmək üçün əlindən gələni edirdi. Oturduqları evin bünövrəsini onlar hələ nişanlı olanda Cihad qoymuşdu. Evi qardaşlar birlikdə tikirdilər. Amma bir otağı yenicə bitirmişdilər ki, ermənilər Azərbaycan torpaqlarına qarşı təcavüzə başladılar. Cihadın da, qardaşlarının da əli-qolu işdən soyudu. Cihadın atası xəstə olduğu üçün istədilər ki, tələsik toy eləsinlər, kişi övlad toyu görsün. Kişi övlad toyu gördü, amma ölmədi. Onun əvəzinə əzrail Cihadı seçdi. Hətta kişi o biri iki oğlunun da toylarında qol qaldırıb oynadı.

Qətibə də, Cihadın tikdiyi yarımçıq qalmış yuvasına çəkilib körpəsini böyütməyə başladı. İndi bunları düşünə-düşünə evin qapısına çatdı. Keçib çarpayısında oturdu. Saata baxdı, gecə yarıdan keçmişdi. Təqvimdə tarix dəyişmişdi. 20 sentyabr 2023. Yavaşca yerində uzandı, gözlərini yumdu. Yenicə yuxuya getmişdi ki, qapı yenidən döyüldü. Bu dəfə gözlərini açmadan, səsin harada gəldiyinə qulaq kəsildi. Döyünən ürəyi idi. Qulağına gələn də ürəyinin səsi idi.

Xoruzlar artıq səs-səsə vermişdi. Əslində, gəncliyindən vərdiş olaraq, Qətibə xoruzların ilk banında ayaqda olardı. Yuxudan oyanan kimi çarpayısını sahmana salıb, dəstəmaz alardı. Bu səhər isə ilk dəfə idi ki, xoruz banını, azan səsini eşitsə də, gözünü aça bilmirdi. Daha doğrusu, gördüyü yuxudan ayılmaq istəmirdi.

Röyasında Xankəndidə idi. Hər tərəf saysız-hesabsız böyük üçrəngli bayraqlarımızla bəzədilmişdi. Şanlı ordumuz deyir-gülür, rəqs edir, gerbimiz hansısa böyük bir binanın başında günəşin şüaları altında bərq vururdu. Şahmal sinəsi şaqqalanqatar orden, medal, döş nişanları ilə dolu, əllərini yanlara açaraq, binanın başında vüqarla dayanıb: "Zəfərin mübarək olsun, Vətən! Ruhunuz şad olsun, şəhidlərimiz, qanınız yerdə qalmadı. Biz qayıtmışıq! Qarabağ Azərbaycandır!" - deyirdi.

Qətibə yarıyuxulu gözlərini zorla açdı, yerindən ağır-ağır qalxdı... Tələm-tələsik, çarpayını sahmana saldı, qaçaraq dəstəmazını alıb, namazını qılmağa başladı və aşkarca Allahla söhbət edərək, diləyini dilədi: "Ya Rəbbim, hər gün beş dəfə hüzuruna gəlirəm. Səndən başqa üz tutan yerim yoxdur. Sən diləkləri verən, günahları bağışlayan Allahsan! Sənə agahdır ki, mənim bir madarım var. Ondan və səndən başqa da bir güman yerim, ümid ocağım yoxdur. Yalvarıram sənə, balamı mənə əlsiz də, ayaqsız da, gözsüz də olsa, ağlı üstündə sağ nəfəsi ilə qaytar..".

Qətibə heç nə eşidə bilmirdi. Qulağındakı uğultu, beynindəki qorxulu fikirlər, az qala qabırğalarına dəyib qayıdan ürəyinin döyüntüsü ayıq düşünməyə imkan vermirdi. Televizorun düyməsini basdı, ekrana şəhidlərin fotoları gəldi. Qətibə qeyri-ixtiyari az qala televizorun içinə girəcəkmiş kimi, şəkillərə diqqət etdi. Ekranda səkkiz nəfərin fotosu göstərilirdi.

"Bəs 68 nəfər deyirdilər axı... Bu qədər şəhid varsa yəqin yaralılar da var... Kaş balam yaralıların arasında olsun... Allahım, qıyma balama! Axı həmişə səsimi eşitmisən...". Əlini telefon qarışıq göyə qaldırıb yenə dua etmək istəyirdi ki, telefonu zəng çaldı. Qətibə qorxa-qorxa ekrana baxdı böyük hərflərlə yazılmış "oğlum" sözü ekranda göründü. Qətibə elektrik çarpmış kimi yerindən dik sıçradı. Çaşdığından telefonun cavab vermək düyməsini basmamış xırıltılı səslə: "Oğlum, oğlum, oğlum", - deyə səslədi, amma telefonun davamlı zəng çaldığını görüb, düyməni basdı:

Şahmal gur səslə: "Anaaa, biz Qələbə çaldıq! Qələbəni tam qazandıq! Qarabağ Azərbaycandır!!! Qarabağ bizimdir! 23 saat 43 dəqiqəyə üçrəngli bayrağımızı Xankəndiyə sancdıq. Ana səni öpürəm. Qələbə sevincini sən də yaşa, tezliklə görüşərik".

Qətibənin dili tutulmuşdu, anlaya bilmirdi ki, yuxudadır, yoxsa aşkarda... Gördüyü yuxu eyni ilə təkrar olunurdu. Şahmalın ətrafındakı silahdaşlarının da səsi eşidilirdi.

Bu qarışıq səsləri Qətibə eşidəndə hər şeyin həqiqət olduğuna inandı. Özünü bir təhər toplayıb, dili topuq vura-vura: "Çox şükür, bala!" - dedi.

İki gündən sonra Prezident Xankəndidə əsgərlərlə görüşüb, Qələbə münasibətilə ordumuzu təbrik etdi. Efirdə Xankəndidən canlı yayım gedirdi. Prezidentin qarşısında dayanıb məruzə edən əsgər Şahmal idi. Eyni ilə anası yuxusunda gördüyü kimi. Böyük bir binanın başında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, gerbimiz isə binanın düz ortasında günəşin şüaları altında bərq vururdu.

Şahmalın sinəsində orden, medal, döş nişanları parıldayırdı. Ananın qürurdan sinəsində ürəyi pərvazlanıb uçurdu!..

Qətibə ekrandan gözünü bir an belə yayındırmadan qurumuş dodaqları ilə fasiləsiz "Allaha şükürlər olsun" deyərək bu cümləni təkrar etdi: "Yuxunun da çin çıxanı olurmuş!".

Nüşabə MƏMMƏDLİ,

Yazıçı Qadınlar İctimai Birliyinin sədri.