Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır
Sosial həyat

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır

İşğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar ölkəmizin reallıqlarını dünyaya çatdırır

Vətən müharibəsindən sonra odlar yurduna maraq bir az da artıb. Beynəlxalq səviyyədə təzyiqlərə, basqılara baxmayaraq, 30 illik işğala son qoyan, torpaqlarını geri qaytaran, dünyada sülhün bərqərar olması üçün çalışan bu xalqı, bu məmləkəti yaxından tanımaq istəyənlərin sayı da çoxalıb.

Bu günlərdə Azərbaycana səfər çərçivəsində bir qrup mərakeşli jurnalist Qarabağ iqtisadi rayonunun Ağdam, Əsgəran və Şuşa şəhərlərinə səfər edib. Ağdamda Pənahəli xanın "İmarət" kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına, Əsgəranda aşkarlanan kütləvi məzarlığa baxış keçirən nümayəndə heyəti gözəl Şuşamızla da tanış olub. Natəvanın, Bülbülün, Üzeyirin güllələnmiş heykəlləri, həmçinin Aşağı Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü, yaxın, uzaq tariximizdən söz açıb qonaqlara...

İşğaldan azad olunmuş ərazilərə belə səfərlərin təşkil olunmasının öz əhəmiyyəti var. Atalar məsəlində deyildiyi kimi: "Yüz eşitməkdənsə, bir görmək yaxşıdır". Ölkəmizə gələnlər də elə bu istəklə qədəm basır bu yerlərə. Bu, adi səfərlər deyil, çünki hər bir ziyarətçinin öz fikri, marağı var. Və onlar gördüklərini yazmaqla həm də Azərbaycan reallıqlarını dünyaya çatdırırlar. Doğrudur, aralarında bəzən: "qaşınmayan yerdən qan çıxarmaq" istəyənlər də olur, ancaq haqqa, ədalətə söykənənlər daha çoxdur.

Ötən il Qarabağ və Şərqi Zəngəzura xarici səyyahların səfərləri daha intensiv olub. Fevral ayında 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarasında olub, üçgünlük səfər çərçivəsində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edib. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, "Nomad Mania" və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətinin bölgəyə 5 dəfə səfəri gerçəkləşib. Onlardan biri 2021-ci, dördü 2022-ci ildə olub. 2023-cü ilin fevralında isə altıncı səfər baş tutub.

Beynəlxalq səyyahlar qrupu Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə baş çəkib. ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət aksiya iştirakçıları ilə görüşüb, onların fikirlərini öyrənib. Böyük Britaniyadan olan səyyah Heyli Kennedi Şuşaya səfərində jurnalistlərə açıqlamasında deyib: "Ecazkar təbiəti görmək üçün mütləq buraya səyahət etmək lazımdır. Bu gözəlliyi görmək üçün buradayam. Azərbaycanın heyrətamiz təbiəti var. Ölkənin gözəl mənzərələrindən başqa tarixi məkanları da var". Xarici səyyah Azərbaycanın dəyərli tarixə, təbii gözəlliyə, xüsusən də neft və digər zənginliklərə sahib olduğunu da vurğulayaraq bildirib ki, bu zənginliklərlə hər bir şey etmək mümkündü: "Şuşa turizm üçün möhtəşəm yerdir. Bura çox möhtəşəmdir". Bu fikirləri isə ingiltərəli səyyah Stuart Pinçin Cıdır düzünə səfərində deyib. Azərbaycan təbiəti haqqında çox oxuduğunu deyən xarici səyyah daha sonra bildirib: "Gözlədiyim gözəlliyi görə bildim. Ölkənin çox tarixi keçmişi var. Burada hər yerdə mədəni abidələrlə rastlaşmaq olar. Bunu görmək istəyən hər bir şəxs Azərbaycana gəlib görə bilər. Turizm üçün hava şəraiti də vacibdir. Şuşada bu gözəlliyi də yaşamaq mümkündür".

Xarici səyyahlar Laçın şəhərində quruculuq işləri ilə tanış olub, inşa edilmiş evlərə baxış keçiriblər. Sonra Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuya gəliblər. Onlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib. Növbəti dayanacaqları Cəbrayıl rayonunda olub. Xudafərin körpüsünə gələn səyyahlara Cəbrayıl rayonu, Xudafərin körpüsü barədə məlumat verilib.

Qonaqlar 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzərkən reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanıblar.

Onu da qeyd edək ki, Zəfər yolu ilə Şuşaya gələn beynəlxalq səyyahlar qrupunun Xankəndi-Laçın yolu üzərində iki aya yaxın fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə görüşləri daha yaddaqalan olub. Səyyah Saşa Heeney jurnalistlərə müsahibəsində deyib: "Azərbaycanlı ekofəallar 55 gündür buradadır. Ekofəallar təbiətin qorunmasını tələb edirlər. Ümid edirəm ki, onlar məqsədlərinə çatacaqlar. Təbiət gözəllikdir və bu, qorunmalıdır".

Ağdamda aparılan tikinti-quruculuq işləri ilə tanışlıq zamanı onlara bildirilib ki, Azərbaycan qısa müddətdə, heç bir xarici maliyyə dəstəyi olmadan xarabalıqlarda cənnət yaradır. Belçikalı səyyah Yves Bouvie deyib: "Ağdamda gördüyümüz dağıntılar bizi çox sarsıtdı. Burada erməni işğalçılarının Azərbaycan mədəniyyətinin necə məhv etdiklərinin şahidi oldum. Sentyabr ayında burada olduğum müddətdən bəri aparılan yenidənqurma və bərpa işləri bizi heyrətləndirir. İnanıram ki, Azərbaycan qarşıdakı bir neçə illər ərzində Qarabağı bərpa etməyə müvəffəq olacaq. Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq mediada qərəzli fikirlər sərgilənir. Azərbaycan beynəlxalq səyyahları bu ərazilərə dəvət etməklə bizə münaqişə barədə reallıqları dünya birliyinə çatdırmaq üçün gözəl imkan yaradır".

Zümrüd QURBANQIZI,

"Respublika".