Zəfər Gününün üçüncü ildönümü
Türk dünyası

Zəfər Gününün üçüncü ildönümü

ANKARA

Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbdə Azərbaycanın Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Sonra hər iki ölkənin döv lət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəli Karakuş bu tarixi hadisəni Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb: "Azərbaycan türklərinin Ermənistana qarşı qazandıqları Qarabağ zəfəri Çanaqqala və Malazgirt zəfərləri kimi türk tarixinin böyük zəfərlərindəndir. Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini, türk millətinin gücünü bir daha dünyaya göstərdi. Qarabağ qələbəsi ilə Azərbaycan yeni dastan yazdı. Türk Birliyi xəyalımız indi hər zamankından daha da yaxındır. Bütün dünya gördü ki, bu, artıq bir xəyal deyil".

Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Qarabağ tarixindən, Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan qələbədən danışıb.

Sonra tədbir bədii proqramla davam edib. Qələbə günü münasibətilə məktəbdə keçirilən müsabiqədə birinci yerə layiq görülən tələbə Mert Özdemir "Qanayan yaranın zəfəri" inşasını səsləndirib. Ege Yıldırım isə "Qarabağ" adlı şeirini ifa edib. Tədbirdə "Qafqaz" rəqsi nümayiş olunub, Azərbaycan musiqiləri səsləndirilib, şagirdlərin "Qurtuluş günü" adlı kompozisiyası nümayiş etdirilib. Mərasimin sonunda Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri tərəfindən məktəbin şagirdləri arasında Zəfər Günü münasibətilə keçirilən inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Onu da qeyd edək ki, Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü münasibətilə Ankara küçələrindən birinə "Qarabağ Şəhidləri Bulvarı" adı verilib. Ankara Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən "1419-cu küçə"nin adı dəyişdirilərək, "Qarabağ Şəhidləri Bulvarı" adlandırılıb.

İSTANBUL

8 Noyabr – Zəfər Günü münasibətilə Qafqaz Tarixi Mərkəzi (Azərbaycan) və Halkalı Fənn Elmləri Mərkəzi (Türkiyə) tərəfindən İstanbul şəhərində yerləşən Halkalı Fənn Elmləri Mərkəzində Elmi Konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Halkalı Fənn Elmləri Mərkəzinin rəhbəri Tanər Korhan Azərbaycanın Zəfər Günü barədə ətraflı məlumat verib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri, ehtiyatda olan polkovnik Akif Qasımov "Dəmir Yumruq Əməliyyatı" mövzusunda təqdimatla çıxış edib. Natiq çıxışında 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Qarabağda daxil olmaqla işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib.

Təqdimatda Azərbaycan ordusunun inkişafında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir ordu islahatları barədə ətraflı məlumat verilib.

Konfransda Türkiyənin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurum nümayəndələri, tələbələr və şagirdlər iştirak ediblər. Azərbaycan məktəbinin şagirdləri Azərbaycanla bağlı şeirlər söyləyib və Qarabağ Zəfəri ilə əlaqədar videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü və Dövlət Bayrağı Günü münasibətilə dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən "Fatih Sultan Mehmet" və "15 İyul Şəhidləri" körpüləri gün boyunca Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb. Tarixi Qalata qülləsində isə Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilə yanaşı, Xarıbülbül rəsmləri əks olunub.

İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilib.

BURSA

Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin təşəbbüsü və Bursa Texniki Universitetinin azərbaycanlı tələbələrinin təşkilatçılığı ilə baş tutan tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva xalqımızı və türk dünyasını Zəfər Günü münasibətilə təbrik edib. Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycan diasporunun vətənimiz naminə dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi fəaliyyət istiqamətlərindən ətraflı bəhs edib.

Sonra Tovuz döyüşlərinin iştirakçısı, Bursa şəhərində müalicəsi davam edən qazi Kənan Nəsirov, Azərbaycan əsgərinin qəhrəmanlığı haqqında xatirələrini bölüşüb.

Çıxışlarda Azərbaycanın Qarabağdakı parlaq qələbəsinin Türkiyədə və türk dünyasında böyük qürur və sevinc doğurduğunu, "Bir millət, iki dövlət" olan Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Bursa şəhərindəki general Polad Həşimov adına parkda bayram şənliyi keçirilib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.