Zəruri tədbirlər müzakirə olunub
Region

Zəruri tədbirlər müzakirə olunub

Taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi, məhsulun itkisiz yığılması, zəmilərdə, otlaq sahələrində və meşə fondu torpaqlarında yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi ilə bağlı RİH başçısı yanında yaradılmış Xüsusi Qərargahın iclası keçirilib.

İclası Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, Qərargahın sədri Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, hazırda rayon ərazisində taxıl biçini mövsümü başlanıb. Biçinin mütəşəkkil keçirilməsi və taxılın itkisiz yığılması, zəmilərdə, otlaq sahələrində və meşə fondu torpaqlarında yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi çox zəruridir. Bütün ərazilərdə biçinin müvafiq texniki normalara uyğun aparılması və yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülməli, bu məsələlərlə bağlı torpaq mülkiyyətçiləri maarifləndirilməli və biçini aparan texniki heyət ehtiyatlı davranmalıdır.

Sonra RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək qeyd etmişdir ki, cari mövsümdə 9073 hektarı Ceyrançöl ərazisində olmaqla rayon üzrə cəmi 15644 hektar buğda, 2816 hektar arpa əkilmişdir. Hazırda rayonda arpa biçini aparılır və buğda biçininə başlanmışdır. Rayonda taxıl biçini kampaniyasının mütəşəkkil şəkildə təşkil edilməsi və məhsulun itkisiz toplanması üçün bütün tədbirlərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılması, torpaq sahibkarları, yerli mülkiyyətçilərlə qarşılıqlı əlaqəli şəkildə işin qurulması inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrin qarşısında duran əsas vəzifələrdəndir.

Bununla yanaşı, taxıl zəmilərində yanğın təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi Qərargahın vəzifələri kimi müəyyənləşmişdir. Daha sonra Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini Şahlar Əhmədov, "Aqroservis" ASC rayon bölməsinin rəhbəri Aməddin Yusifov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisi Müqalib Muradov, rayon Toxumçuluq İdarəsinin rəisi, Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov, DAİM-in Texniki Nəzarətin təşkili üzrə baş məsləhətçisi Kənan Yusifov çıxış ediblər.

Vəli VƏLİYEV,

"Respublika".