16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib
İQTİSADİYYAT

16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib

İyulun 29-da ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), "BP Azerbaijan", "Kolin", "Masdar" və "TotalEnergies" şirkətlərinin birgə təşkilatçılığı, o cümlədən ADA Universiteti Fondunun (Azərbaycan) dəstəyi ilə təşkil olunan 16-cı Bakı Yay Enerji Məktəbinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.

Proqram çərçivəsində iştirakçılara həm enerji, həm də ətraf mühitlə bağlı geniş məlumat təqdim olunub. Bunlar enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla geniş mövzuları əhatə edir. Bakı Yay Enerji Məktəbinin müəllim və məruzəçiləri akademiya, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləridir.

Builki Bakı Yay Enerji Məktəbinə 13 ölkəni təmsil edən 43 iştirakçı seçilib. Proqramda enerji şirkətlərinin kiçik və orta mütəxəssisləri, müxtəlif dövlət qurumlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri və dövlət qulluqçuları, habelə enerji və ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və aspirantlar iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş qədim Şuşa şəhərini və paytaxt Bakının bir çox görməli yerlərini ziyarət ediblər.

Proqramı bitirən iştirakçılara ADA Universitetinin rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunub.

AZƏRTAC