“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
Mədəniyyət

“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqəyə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və İrandan da iştirakçılar qatılıb: “Qalib olan əsərlərlə tanış oldum. Hiss etdim ki, indiyə qədər bu mövzuda yazılan əsərlərdə həsrət, kədər, nisgil elementləri daha çox idi. İndi isə şücaət və qürurlu yazıların şahidi oldum”.

Nazir İkinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan ordusunun şücaətindən, Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarından danışıb: “Vətən müharibəsindəki qələbə Azərbaycan dövlətinin güclü siyasi iradəsinin, Azərbaycan xalqının xarakterinin, milli maraqlarımız naminə dünya azərbaycanlılarının həmrəyliyinin, ordumuzun döyüş rəşadətinin, canından əziz tutduğu vətən sevgisinin və Ali Baş Komandanın bu proseslərdə siyasi iradəsinin nəticəsi idi. Bildiyiniz kimi, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu, onun göstərir ki, dövlət başçımız mədəniyyətimizə xüsusi önəm verir. Bir ay öncə Şuşada “Xarıbülbül” festivalı keçirildi. Bu festival mütəmadi olaraq hər il keçiriləcək”.

Bildirib ki, Qarabağda mədəniyyətimizin inkişafı ilə bağlı həyata keçirilən işlər uğurla davam etdirilir. O, Mədəniyyət Nazirliyinin bu proseslərdə xüsusi olaraq iştirakını böyük fəxarətlə qeyd edib. Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirmək məqsədilə filmlərin, seriyaların çəkiləcəyini deyən nazir bildirib ki, belə filmlər nə qədər çox olsa Azərbaycan xalqı öz qəhrəman övladları ilə fəxr edəcək: “Həqiqətən 44 gün ərzində döyüş meydanında oğullarımız qəhrəmanlıq dastanı yazdı və bu qəhrəmanları bədii mətnlərə çevirmək yazarların üzərinə düşür. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif istiqamətlərdə iş aparılır. Bunlardan biri də bədii yaradıcılıq sahəsidir”.

Tədbirdə iştirak edən “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Mədəniyyət paytaxtı olan Şuşadan, Şuşada keçirilən “Xarıbülbül” festivalından danışıb. O, esselərdə, ədəbiyyat nümunələrindən artıq kədərin, nisgilin deyil, nikbin notların olduğunu bildirib: “Müsabiqədə elə şeirlər var idi ki, budan sonra onlar dillər əzbəri olacaq, hətta sözlərinə mahnı da bəstələnəcək”.

Tədbirdə müsabiqədə təqdim edilən bədii nümunələr qiraətçilər tərəfindən səsləndirilib.

Sonda isə müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

AZƏRTAC