Təmiz ekologiya - sağlam həyat deməkdir
Region

Təmiz ekologiya - sağlam həyat deməkdir

Ekoloji təmizliyə riayət edib, havanın, suyun çirklənməsinin qarşısını almaq, məişət tullantılarının daşınması, yandırılması işində müəyyən olunmuş qaydalara riayət etmək, bütün vətəndaşların, xüsusilə bu işlərə məsul olan aidiyyəti orqanların ümdə vəzifəsidir. Əhali ilə müntəzəm təmasda olan bələdiyyələr bu sahədə daha çox iş görə bilərlər. Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə karantin qaydalarına riayət etməklə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda keçirilən görüş  bu vacib məsələnin müzakirəsinə  həsr olunmuşdu.

Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB-nin məsul şəxsləri, 3 saylı Regional Təbii Sərvətlər İdarəsinin nümayəndələri, şəhər və kənd ərazi dairəsi üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri iştirak edirdilər.

Görüşdə tullantıların düzgün və qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, işin daha səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Çıxış edənlər göstərdilər ki, bələdiyyələrin əhali arasında apardıqları təbliğat ekoloji tarazlığın qorunmasına kömək edə bilər. Tullantıların ətraf mühitə axıdılmasına, atılmasına, yerləşdirilməsinə görə ödəmələrin tətbiqi məsələləri bələdiyyələrin nəzərinə çatdırıldı.

Aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının, ictimaiyyət nümayəndələrinin  bu işdə birgə fəaliyyətinin zəruriliyi qeyd olundu.

Tofiq HÜSEYN,

“Respublika”.