DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ANGELA MERKELIN KANSLER KIMI INGILTƏRƏYƏ VIDA SƏFƏRI

Almaniya və Böyük Britaniya hökumətlərinin rəhbərləri arasında ötən həftəsonu Londonda görüş keçirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Kansler Angela Merkelin Boris Consonla məsləhətləşmələri baş nazirin Londonun şimal-qərbindəki malikanəsində keçirilib və daha sonra mətbuat konfransı təşkil olunub.

Kraliça II Elizabet isə kansler Angela Merkeli Vindzor qəsrində qəbul edib. Almaniya hökumət başçısının dəftərxanasından verilən açıqlamaya görə, A.Merkel 95 yaşlı kraliça ilə görüşü özü üçün şərəf hesab etdiyini və bu görüşün baş tutmasına çox şad olduğunu bildirib.

Almaniya mətbuatı yazıb ki, Angela Merkel üçün bu görüş onun kansler vəzifəsində Böyük Britaniyaya bir növ vida səfəridir. Çünki 16 il hakimiyyətdə olmuş Angela Merkel bu il sentyabr ayında keçiriləcək federal seçkilərdə öz namizədliyini irəli sürməyəcək.

ƏFQANISTANDA “TALIBAN”A QARŞI HÜCUM ƏMƏLIYYATI HAZIRLANIR

Əfqanıstan hökuməti ölkənin şimalında “Taliban” hərəkatının işğal etdiyi bölgələrdə əks-hücum əməliyyatı hazırlayır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu respublika prezidentinin milli təhlükəsizlik müşaviri Həmdullah Mohib bəyan edib.

“ABŞ və başqa əcnəbi qoşunların ölkəni tərk etməsindən sonra yaranan boşluğu fürsət bilən taliblər xəbər vermədən hücuma keçdilər və bu da Əfqanıstan təhlükəsizlik qüvvələri üçün gözlənilməz oldu. Çünki biz müharibə yox, sülh gözləyirdik”, -  deyə hökumət rəsmisi vurğulayıb.

Əfqanıstan xalqının azad olmaq istədiyini dilə gətirən prezidentin müşaviri “Taliban”ın hökumətdə təmsilinə tərəfdar olduqlarını, lakin bütün ölkədə iqtidar sahibi olmasına, xalqın necə yaşadığına qərar verməsinə qarşı olduqlarını qeyd edib.

BMT: KÜTLƏVI VAKSINASIYA BEYNƏLXALQ TURIZMI BƏRPA EDƏCƏK

Əhali arasında kütləvi vaksinasiya səviyyəsi və rəqəmsal texnologiyaların daha geniş tətbiqi beynəlxalq turizmin bərpasına gətirib çıxaracaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, regionlar arasında səfər məhdudiyyətləri ilə bağlı fərqlər qorunub saxlanılır. Belə ki, Asiya-Sakit okean regionunda istiqamətlərin 70 faizi bağlı  olaraq qalmaqdadır. Avropada bu göstərici 13 faiz, Şimali və Cənubi Amerikada 20 faiz, Afrikada isə 31 faizə bərabərdir.

“Əksər hallarda səfər məhdudiyyətləri tam peyvəndlənmiş şəxslərə də tətbiq olunur. Bu vəziyyətin yaxın zamanlarda dəyişəcəyi gözlənilir. Hökumətlər əməkdaşlıq, rəqəmsal texnologiyaların və məlumatların istifadəsi yolu ilə turizmin bərpasında vacib rol oynayır”, - deyə hesabatda vurğulanır.

“EVER GIVEN” GƏMISININ RƏHBƏRLIYI TƏZMINATLA BAĞLI RAZILIĞA GƏLDI

“Ever Given” konteyner daşıyan gəminin sahibləri ilə Süveyş kanalı administrasiyası arasında təzminat ödəməklə bağlı razılıq əldə olunub. “Report”un verdiyi xəbərə görə, bu barədə gəmi sahiblərinin sığorta şirkəti “UK Club” məlumat yayıb.

Bildirilir ki, gəmi tezliklə sərbəst buraxılması üçün hazır olacaq. “Ever Given” konteyner daşıyan gəmi hazırda kanalın ən geniş hissəsindəki Böyük Qorkiy gölü ərazisindədir.

Xatırladaq ki, Süveyş kanalının altı gün ərzində bağlanmasına səbəb olan “Ever Given” gəmisi 900 milyon ABŞ dolları təzminata görə girov saxlanılıb. Təzminata xilasetmə əməliyyatının qiyməti, kanalın fəaliyyətinin dayanması səbəbindən ölkəyə dəyən zərər və itirilən tranzit haqları daxildir.

Məlumat üçün qeyd edək ki, “Ever Given” gəmisi iyulun 7-də Misirin əsas su arteriyasını tərk edəcək.

TÜRKIYƏ UKRAYNA ÜÇÜN MÜASIR HƏRBI GƏMININ INŞASINA BAŞLAYIB

Ukraynanın Türkiyədə inşasına başlanan yeni hərb gəmisi 2023-cü ilə qədər hazır olacaq. “Report” agentliyinin məlumatına görə, bu barədə Odessada ölkənin Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri qarşısında çıxış edən ölkə prezidenti Vladimir Zelenski bəyan edib.

“Bizim türk dostlarımız Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gəmiçiliyinin inkişafını fəal dəstəkləyirlər. Artıq Türkiyədə bizim müasir hərb gəmimizin birinci korpusunun əsası qoyulub və gəminin 2023-cü ilin sonuna kimi Ukraynada inşası davam etdiriləcək”, - deyə Vladimir Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, tezliklə respublikaya Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları da gətiriləcək və Hərbi Dəniz Qüvvələri aviasiyasının heyətinə daxil ediləcək. “Ukrayna ekipajları artıq Türkiyədə pilotsuz uçuş aparatları üçün təlimi yekunlaşdırırlar”, - deyə V.Zelenski əlavə edib.

ƏLCƏZAIR PREZIDENTINDƏN FRANSAYA XƏBƏRDARLIQ

Əlcəzair prezidenti Əbdülməcid Tebbun müstəmləkə dövründə Fransanın törətdiyi cinayətlərlə bağlı milli yaddaş məsələsində bir addım belə geri çəkilməyəcəklərini bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Əlcəzair prezident sarayının sosial media səhifəsində verilən açıqlamada Əbdülməcid Tebbun ölkəsinin 5 iyul 1962-ci ildə Fransa müstəmləkəçiliyindən xilas olmasının 59-cu ildönümü münasibəti ilə xalqına müraciət edib.

Prezident müstəmləkəçilik dövründə törədilən qorxunc faciələrin və cinayətlərin milli yaddaşdan çıxarılmayacağını və Əlcəzairin haqlarının qorunması ilə əlaqədar bu hadisələrin diqqət mərkəzində qalacağını vurğulayıb.

Xatırladaq ki, Əbdülməcid Tebbun ötən il açıqlamasında Fransanın müstəmləkəçiliyi dövründə edilən cinayətlərə görə Əlcəzairdən üzr istənməsini tələb etmişdi.

 

ERMƏNISTAN QURAQLIQ TƏHLÜKƏSIYLƏ ÜZ-ÜZƏ QALIB

Ermənistan bu il quraqlıq təhlükəsi ilə üz-üzə qalıb. Bunu “Sputnik” agentliyinə açıqlamasında ekoloq Karina Danielyan bildirib. Ekoloq Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın qurumlararası komissiyanın yaradılması haqqında qərarını da məhz bununla izah edib.

Xatırladaq ki, bugünlərdə Paşinyanın qərarı ilə Ermənistanda mümkün quraqlıq və su qıtlığı, onların nəticələrinin aradan qaldırılması və azaldılması ilə bağlı koordinasiya işləri üçün qurumlararası komissiya yaradılıb.

Karina Danielyanın sözlərinə görə, Ermənistanın su anbarlarında olan suyun həcmi ciddi narahatlıq doğurur. Su anbalarında suyun az olmasının səbəbi isə müxtəlifdir. Ekoloqun fikrincə, bu, ilk növbədə mövsümün quraq keçməsi ilə bağlıdır.

K.Danielyan həmçinin Ermənistanda su anbarlarının vəziyyətinin acınacaqlı durumda olduğunu da diqqətə çatdırıb.

LITVADA QANUNSUZ MIQRANTLARLA BAĞLI FÖVQƏLADƏ VƏZIYYƏT

Avropa İttifaqı ilə Belarus arasındakı gərginlikdən sonra bu ölkədən Litvaya keçməyə cəhd edən qanunsuz miqrantların sayı artıb. Bu barədə “TRT” telekanalı xəbər verib.

Bildirilir ki, iyulun 2-də Litva sərhədində Əfqanıstan, Suriya və İraq kimi ölkələrdən qaçan daha 150 qanunsuz miqrant Litva sərhədində saxlanıb. Litva isə Belarusla 679 kilometrlik sərhədi boyunca mühacirlərlə əlaqədar təcili qərarlar qəbul etmək üçün fövqəladə vəziyyət elan edib.

Digər tərəfdən, Avropa İttifaqı miqrasiya axınına qarşı “Litvanın yanındayıq” mesajını verib. Avropa Komissiyasının sədri Ursula fon der Layen Litvaya səfəri zamanı miqrant axınının siyasi motivli vəziyyət olduğunu söyləyərək kömək edəcəyi vədini verib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.