Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Yumurtanın formasını təsvir edə biləcək riyazi düstur kəşf edilib

Kent Universiteti, Ukrayna Ətraf Mühitin Araşdırması İnstitutunun alimləri, quşların yumurtasını təsvir edə biləcək universal riyazi düstur kəşf ediblər.
Yumurtanın forması analitik baxımdan riyaziyyatçılar, mühəndislər və bioloqların diqqətini çoxdan cəlb edirdi. Hətta yumurtaya “ən mükəmməl forma” adı verilib.

Bütün yumurta formalarının analizində kürə, ellipsoid, oval və piriform (armudabənzər) olmaqla dörd həndəsi fiqurdan istifadə edilmişdir. Lakin piriformun riyazi düsturu indiyə qədər çıxarılmamışdır.
Bu problemi həll etmək üçün tədqiqatçılar oval formuluna əlavə bir funksiya artırmaqla yeni həndəsi forma üçün uyğun ola biləcək  riyazi model hazırlayıblar. Yumurta forması üçün bu yeni universal düstur dörd parametrə əsaslanır. Bu parametrlərə yumurtanın uzunluğu, maksimum eni, şaquli oxunun sürüşməsi və uzunluğun dörddə bir diametri aiddir.
“Uzun müddətdir ki, axtarılan bu universal formul, bioloji və texnoloji tətbiqlərə əhəmiyyətli bir yol aça bilər. Bu formanın riyazi təsviri artıq qida tədqiqatı, maşınqayırma, kənd təsərrüfatı, bioloji elmlər, memarlıq və aeronavtika sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Nümunə olaraq bu düstur  yumurta formalı gəmilərin mühəndislik konstruksiyasında tətbiq oluna bilər. Bu riyazi tənlik, riyaziyyat və biologiya arasındakı fəlsəfi harmoniya anlayışımızı daha dərindən dərk etməyimizə yol açır. Bu düsturun sənətdən texnologiyaya, arxitekturaya, əkinçiliyə qədər bütün sahələrdə tətbiqini səbirsizliklə gözləyirik”-professor Darren Griffin qeyd edib. 

 

Dünyanın ən bahalı əti 3D bioprinterdə çap edilib

Elm adamları 3D çap texnologiyasından istifadə edərək son zamanlar dünyanın ən elit restoranlarında kifayət qədər baha qiymətə (kilosu 1200 dollar) satılan, Yaponiyanın xüsusi inək cinsindən olan Wagyunun süni alternativini istehsal ediblər.
Osaka Universitetinin alimləri laboratoriya şəraitində Wagyu inək cinsinin iki növ kök hüceyrələrindən istifadə edərək əzələ, yağ və qan damarlarını bir-birinə qarışdırmaqla təbii ətəbənzər, üçölçülü quruluşda bioprintinq üsulu ilə çap ediblər.
“Bioprintinq vasitəsilə inteqrasiya edilmiş hüceyrə liflərinin birləşməsi ilə yaradılan ətəbənzər monolitik toxuma” başlıqlı araşdırma “Nature Cummunications” jurnalında dərc edilib.
“Bu texnologiyanın inkişafı, Wagyu mal ətinin dadlı yağ və əzələ komponentlərinin bir arada incə tənzimlənməsi, bu qidanın kompleks şəkildə çoxalmasını təmin edəcək. Gələcəkdə müştərilərin şəxsi zövqünə və sağlamlıq şərtlərinə uyğun olaraq tənzimlənə bilən yağ miqdarı ilə xüsusi ət sifarişi mümkün ola bilər. Bundan əlavə, ətdə olan zərərli bakteriyalarla mübarizə və gələcək epidemiyaların qarşısının alınmasında da mühüm əhəmiyyət kəsb edəcək”-deyə araşdırma müəllifi Michiya Matsusaki izah edib.

 

İnsanları Marsa göndərmək üçün ən uyğun zaman müəyyənləşdirilib

Dünyanın kosmik agentlikləri gələcəkdə Marsa insanlı uçuşlar planlaşdırırlar. Hətta insanların Qırmızı planetdə sığınacaqları üçün bazaların da qurulması hədəflənib. Kaliforniya Universitetinin tədqiqatçıları astronavtları radiasiyadan qorumaq üçün ən uyğun zamanı müəyyənləşdiriblər.
Mövcud texnologiya ilə Marsa insansız kosmik səyahət ən az 7 ay çəkir. İnsanlı bir səfər ilə bu müddət ən az 9 aya qədər artır. Alimlər bu uzun səfərdə astronavtlar üçün beyin zədəsi, mədə-bağırsaq problemləri və xərçəng riski ilə bağlı narahatlıqlarını söyləyirlər. Lakin “Space Weater” akademik jurnalında dərc edilən yeni bir araşdırmaya görə Marsa səyahət etmək üçün ən yaxşı vaxtın seçilməsi bu riskləri azalda bilər. Elm adamlarının fikrincə Günəşin maksimum fazaları astronavtları radiasiyadan qoruyacaq.

İnsanlarla səyahət etmək üçün təhlükə yaradan radiasiya hissəciklərinin iki əsas növü var: Günəş sistemindən gələn enerji hissəcikləri və xaricindən gələn qalaktik kosmik şüalar. Astronavtların bu şüalardan daha az təsirlənməsini təmin etmək məqsədilə tədqiqatçılar Marsa səyahət etmənin ən yaxşı vaxtını təyin etmək üçün kompüter mühitində bir sıra simulyasiyalar ediblər. Belə ki, alimlər Günəşin “günəş maksimumu” fazalarında aktivlik səviyyəsinin ən yüksək olduğu zamanda bu hissəciklərin qarşısının alınmasının daha asan olunduğunu ortaya çıxarıblar.

Hər 11 ildən bir Günəş sakit və fırtınalı bir dövrü tamamlayır və yenisinə başlayır. Bu səbəbdən alimlər uçuşların 2030-cu ildən tez olmayacağını təyin ediblər.
 

Batareya dünyasında yeni qrafen inqilabı

Chalmers Texnologiya Universitetinin tədqiqatçıları xüsusi bir qrafen növündən istifadə edərək  natrium batareyaları üçün yüksək performanslı elektrod materiallar istehsal ediblər. Kəşf edilən yeni qrafen növü  batareya dünyasında inqilab edə bilər.
Əslində litium-ion batareyaları enerji saxlama qabiliyyətinə görə texnologiyanın “təməl daşı” hesab olunur. Amma bu batareyaların ətraf mühitə mənfi təsirini və istehsalında yüksək xərcləri nəzərə alsaq, litium o qədər də səmərəli seçim deyil. Dünyada daha çox tapılan natriumdan istehsal olunan batareyalar litiuma alternativ olsa da, istehsal mərhələsində bəzi problemlər yaşayırdı. Lakin indi elm adamları bu problemin həllini tapıblar.
“Science Advances” jurnalında dərc olunan məqalədə litium batareyalarının hazırlanmasında anod qrafitin (qələmin içindəki material) istifadə olunmasından bəhs olunub. Qrafit qrafen təbəqələrindən ibarətdir. Yeni kəşf edilən Jannus adlı qrafen natrium ionların axmasına imkan verən təbəqələrdə əmələ gəlir.
“Jannus qrafeni hazırda sənaye tətbiqləri üçün lazımi səviyyədə deyil, amma nəticələr göstərir ki, yüksək tutumlu enerjini saxlamaq üçün dizayn edə bilərik. Gələcəkdə ucuz, bol və dayanıqlı metalları özündə cəmləşdirən bir konsepsiyanı təqdim edəcəyimizə ümid edirik”-deyə Chalmers Sənaye və Materialşünaslıq Bölməsinin professoru Vicenzo Palermo qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.