Maraq Dünyamız
Maraqlı

Maraq Dünyamız

Ölümdən sonra insan bədənini dondurmaq və həyata qaytarmaq mümkündürmü?

Ölümdən sonra həyata qayıtmaq arzusu bəlkə də insanın ölümsüz olmaq istəyinin, yaxud da gələcəyə olan böyük marağının nəticəsidir. Bəzi insanlarda bu fikrə inam o qədər güclüdür ki, onların arasında çox yüksək məbləğ qarşılığında öləndən sonra dondurulmasını xüsusi şirkətlərə həvalə edənlər də var. Görəsən bu “bahalı yuxu”nu xəyal etməyə dəyərmi? Bəs elm bu barədə nə deyir?

Elmin hazırda dayandığı məqam belə bir prosesə imkan vermir. Əslində, bu gün bir çox elm adamları bunun gələcəkdə baş verməsinin demək olar ki, mümkün olmadığını düşünür. Bunun səbəbi bioloji quruluşumuz və bədənimizin həddindən artıq soyuğa reaksiyasıdır. Çünki insan bədənindəki hüceyrələr təbii olaraq donmağa çox reaksiya verir. Üstəlik  bədənə enjektə edilə biləcək bir həll bu problemin öhdəsindən gələ bilmir. Alimlərə görə, insan bədənindəki bütün sistemlərin kompleks və hamar şəkildə əriməsi mümkün deyil.

Lakin bu prosesi alimlər bəzi canlılar üzərində sınaqdan keçiriblər. Məsələn, aylarca dondurularaq saxlanılan və sonra yenidən həyata qaytarılan qurbağa növləri var.

Bəlkə də, bu xəyal getdikcə inkişaf edən elm və texnologiyanın köməyi ilə bir gün gerçəkləşə bilər. Əgər bu prosesi həyata keçirmək mümkün olarsa, dondurulduqdan sonra məsələn, 2145-ci ildə həyata qayıtsaydınız, heç kimi tanımadığımız fərqli bir dünyada yaşamaq necə olardı? Belə bir şansınız olsaydı, nə vaxt oyanacağınızı bilmədən “soyuq” bir yuxuya getmək istərdinizmi?

Məqaləni “Science Focus” veb saytı yayıb.

 

Yerin fırlanma sürəti dəyişir, narahat olmalıyıqmı?

Yerin bir dəfə fırlanması üçün lazım olan vaxt gün ərzində 86.400 saniyə və ya 24 saat olaraq təyin edilir. Bununla birlikdə Yer mükəmməl bir şəkildə fırlanmır və getdikcə yavaşlayır. Belə ki, günün uzunluğu orta hesabla hər əsrdə təxminən 1,8 millisaniyə artır. Bu, 600 milyon il əvvəl bir günün cəmi 21 saat davam etdiyi anlamına gəlir.

Günün uzunluğunun dəyişməsi Ayın, Günəşin təsirləri, Yerdəki nüvə-mantiya birləşməsi və planetdəki kütlənin ümumi paylanması da daxil olmaqla bir neçə faktordan qaynaqlanır. Seysmik aktivlik, buzlaşma, hava, okeanlar və Yerin maqnit sahəsi də günün uzunluğuna təsir edə bilər.

2020-ci ildə elm adamları heyrətamiz bir kəşf etdi. Yerin yavaşlamaq əvəzinə daha sürətli fırlanmasını sübut etdilər. İndi son 50 ilin istənilən vaxtından daha sürətli fırlanır. Hələlik elm adamları Yerin fırlanma sürətindəki bu artımın nədən qaynaqlandığına tam əmin deyillər. Ancaq mütəxəssislər bu sürətlənmənin müvəqqəti bir təsir olduğunu və gələcəkdə Yerin yenidən yavaşlamağa başlayacağını proqnozlaşdırırlar. Bəs narahat olmalıyıqmı?

Gündəlik həyatımıza heç bir təsiri olmasa da, GPS peyk, ağıllı telefon, kompüter və rabitə şəbəkələri kimi son dərəcə dəqiq zamanlama sistemlərinə əsaslanan texnologiyaya ciddi təsir edə bilər.

 

Niyə mumiyalar çürümür?

Mumiyalama prosesi, 5000 il əvvəl dəfn edilmiş cəsədi möcüzəvi şəkildə olduğu kimi saxlamağa imkan verir. Mumiyasız bədənin çürümə müddəti olduqca qısadır.

Mumiyalamanın sirri qurutma prosesindədir. Bu o deməkdir ki, bədəndəki bütün nəmli formasiyalar çıxarılır və tamamilə qurudulur. Vücudun çürüməsi nəmli bir mühitdə bakteriyaların çoxalması və yayılması ilə əlaqədardır. Ancaq bakteriyaların susuz bir mühitdə yaşaması qeyri-mümkündür.

Qədim Misir və Cənubi Amerikada aparılan mumiyalaşdırma prosesləri də bu həqiqətə əsaslanırdı. Misirlilər bütün orqanları çıxarıb bədəni içəridən duzlu bir qarışıqla örtürdülər. Qırx gün ərzində duzlama prosesi bütün nəmliyi udurdu. Ayrı bir mühitdə qurudulan orqanlar, adətən bu proses başa çatdıqdan sonra yerinə qaytarılırdı. Ancaq mumiyaların bəzən yonqar ilə doldurulduğu, qatran və kətan ilə sarıldığı faktı da var.

 

Bambuk nə üçün sürətlə böyüyür?

Bambuk Yer üzündə ən sürətli böyüyən bitkidir. Əslində Çin mozaik bambusu bir gündə demək olar ki, bir metrə qədər böyüyə bilir.

Bambuk yerə az işıq düşən və günəş işığına mümkün qədər tez çatmaq üçün güclü təkamül təzyiqi olan sıx meşələrdə böyüyür.

Bambuk tumurcuqları ana bitkisinə rizam adlanan yeraltı bir kök ilə bağlanır. Bu o deməkdir ki, tumurcuq tam hündürlüyə çatana qədər öz yarpaqlarına ehtiyac duymur. Bu bitki daima diametrini dəyişmədən böyüyür. Odunlu bitkilərdən fərqli olaraq bambuk sapı getdikcə qalınlaşan böyümə halqalarına enerji sərf etmir və yalnız gövdəsi uzanır. Bəzi bambuk bitkiləri saatda 0,00003 kilometr sürətlə böyüyə bilir.

 

Niyə yuxuda ölmək üzrəikən birdən oyanırıq?

Yuxularda ölmək üzrəikən hər dəfə qorxudan oyanmamız demək olar ki, hamımızın yaşadığı bir təcrübədir. Bəs niyə hər dəfə o anda gözlərimizi açırıq?

Bu sirrin əsl səbəbini söyləməzdən əvvəl yuxunun mərhələlərini bilməmiz önəmlidir. Yuxunun hər mərhələsində nəyisə görmək mümkün olsa da, yalnız REM yuxusu zamanı görüntüləri xatırlamaq mümkündür. REM yuxusu ingilis dilindən tərcümədə “sürətli göz hərəkəti” ifadəsinin baş hərflərindən ibarətdir. Bu mərhələnin maraqlı xüsusiyyətlərindən biri də beynin yaydığı elektrik siqnallarının oyaq halda yaydığı siqnallara bənzər olmasıdır. Başqa sözlə, beynimiz REM zamanı sanki oyaqmışıq kimi davranır və bu səbəbdən də bu vəziyyətə “paradoksal yuxu” deyilir.

Bu suala “ölümü yaşamamaq və yaxud axirəti bilməmək” kimi səbəblər cavab olaraq irəli sürülsə də, bu sadəcə bir fərziyyədir. Əsas səbəb elmdədir və olduqca sadədir. Belə ki, yuxuda bir it arxamızdan qaçanda qısa müddətdə gözlərimizi açmamız, ölüm anında oyanmağımıza bənzəyir. Hər iki vəziyyət olduqca stressli olduğundan beynimiz yüksək miqdarda adrenalin ifraz etməklə yuxudan oyanmamıza səbəb olur. REM yuxusu zamanı bədənimiz demək olar ki, iflic olur və əzələlərimiz işləmir. Xəyallarımızda ölüm anında ifraz olunan adrenalin sayəsində əzələlərimiz aktivləşir və gözlərimizi açırıq.

Məlumat “Psychology and Neuroscience” veb saytında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.