MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Dünyanın ən qeyri-adi yeni il adətləri

Yeni ilin gəlişinə artıq sayılı günlər qalır. Bu bayram dünya ölkələrində bir-birindən fərqli qeyd olunur.  İtaliyada dekabrın 31-də sakinlər yerli Şaxta baba - Bobbi Natale kimi  qırmızı rəngə bürünür, süfrələrini isə müxtəlif cür üzüm növləri ilə bəzəyirlər.

Argentinalılar isə  bayram günü mənzillərində olan bütün lazımsız sənədləri,  qəzet-jurnalları və kitabları pəncərədən çölə atırlar. Sakinlər bununla stres atdıqlarına inanırlar. Almaniyada da yeni il gecəsi maraqlı qarşılanır. Ölkənin bütün nişanlı oğlanları sevdikləri qızın evinin yanında göyə atəş açırlar. Hesab olunur ki, onlar göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələri bir o qədər möhkəm olacaq.

Afrika ölkəsində isə yeni il sentyabrın ortalarına təsadüf edir. Yerli sakinlər odun və kolları bir yerə toplayaraq tonqal qalayırlar. Sonra isə tonqalın ətrafında rəqs edərək,  mahnı oxumaqla yeni ilə çağırış edirlər. Monqolustanda isə yeni il maldarlıq bayramı ilə üst-üstə düşdüyündən atçılıq yarışları keçirilir. Avropa xalqlarında olduğu kimi, bu ölkədə  də insanlar küknar ağacının başına toplaşır və Uvlin Uvqun (Şaxta baba) ilə qarşılaşırlar. Dünyanın hegemon ölkəsi olan ABŞ-da da yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar.

Ekvadorda isə yerli sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayır və onları yaşadıqları məhlədə, yaxud meydançalarda yandırırlar. Bu adət orada növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edir. İrlandlılar ən içkisevən millət olduqları üçün demək olar ki, yeni ili ayıq başla qarşılamırlar. Yeni ilə az qalmış ölkənin bütün sakinləri şəhərin baş meydanına toplaşaraq içki içir, rəqs edir və əylənirlər. Çilidə isə sakinlər yeni ilin gəlişinə az qalmış itirdikləri yaxınlarının qəbri üstünə gedib gecəni onlarla keçirirlər.

Gözü qara olanlar oxusun

Aparılan araşdırmalar zamanı məlum olub ki, insanların göz rənginin tamamilə qara olması mümkün deyil. Bu barədə məlumat "Journal of Human Genetics" jurnalında  dərc olunub.

Elm adamları müəyyən ediblər ki, göz rəngindən məsul olan təxminən 16 fərqli gen var. Bunların arasında HERC2 və OCA2 adlı genlər insanların göz rənginin müəyyən edilməsində mühüm rol oynayır. Bu genlərdə olan melaninin miqdarı  gözün rəngini tənzimləyir. Araşdırmanın nəticələri göstərib ki, qara rəng  melaninin əmələ gətirdiyi rənglər arasında deyil.

Alimlər izah edir ki, tünd rənglər açıq rənglərdən daha çox UV (ultrabənövşəyi) şüaları udur. Bu isə  onların tərkibində işığı uda bilən daha çox piqmentin mövcud olması ilə əlaqəlidir. Bundan əlavə, oftalmoloqların fikrincə, ultrabənövşəyi şüalara uzun müddət məruz qalma göz sağlamlığına zərər verə bilər. Məsələn, göz qapaqlarının ətrafında katarakt və ya dəri xərçəngi kimi problemlərə yol aça bilər. "Rumıniya Oftalmologiya Jurnalı"nda dərc edilən araşdırmaya görə, melanin udduğu ultrabənövşəyi şüaların 99,9 faizdan çoxunu yox edə bilir və gözləri günəşə məruz qalmaqdan qoruyur.

Artıq onlarla "söhbət" edə biləcəyik

Elm adamları Cənub-Şərqi Alyaskada yaşayan zolaqlı balinalar fəsiləsinə aid olan qozbel balina növü ilə ünsiyyət qurublar. Tədqiqatçılar bu qarşılıqlı əlaqənin gələcəkdə yadplanetlilərlə ünsiyyət qurmaq üçün alətlərin hazırlanmasında faydalı ola biləcəyinə ümid edirlər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, 38 yaşlı Tven adlı balina ilə 20 dəqiqə ünsiyyət quran elm adamları sualtı dinamiklər vasitəsilə "whup/throp" adlı salamlaşma zəngi yayımlayıblar. Suda çağırış səslənəndə Tven qayığa yaxınlaşıb və özünəməxsus şəkildə  salam verib.

Ən maraqlısı isə odur ki, tədqiqatçılar göndərilən siqnallara cavab olaraq Tvenin öz səs tezliyini dəyişdirdiyini aşkar ediblər. Mütəxəssislərin fikrincə, balinanın bu davranışı onun qeydə alınmış zəng səsi ilə bir növ söhbət etdiyini göstərir. Elm adamları bunun insanlar və donqar balinalar arasında qurulan ilk "donqar dilində" ünsiyyət olduğunu hesab edirlər. Bundan əlavə, onlar bu nailiyyətin gələcəkdə yadplanetlilərlə ünsiyyət qurmağa kömək edəcəyinə inanırlar. Belə ki, son dərəcə yüksək intellekt və ünsiyyət qura bilmə bacarığına malik olan donqar balinalar indiyə qədər tədqiq edilməyən yadplanetlilərin "təmsilçisi" kimi qəbul edilir.

Niyə bu rəqəmdən ehtiyat edirik?

Bəzi insanlar 13 rəqəmindən ehtiyat edirlər. Hətta bu təqvimdə toy etmək, səfərə çıxmaq, ciddi işlər görməkdən çəkinənlər, bütün planlarını təxirə salanlar, həmin gün evdən çölə çıxmayanlar da var. Maraqlıdır, bəs bu rəqəmə qarşı  olan xof nədən qaynaqlanır?

Əslində heç bir rəqəmin xüsusi mənası yoxdur.  Lakin 13 rəqəmini eşitdikdə istər-istəməz ehtiyatlanırıq. Bu da orta əsrlərdə 13 rəqəmini dilə gətirməyin qadağan olunması ilə bağlıdır. Deyilənə görə, hər ayın 13-də cadugərlər bir yerə yığışırmış. Onların 12-si cadugər,  biri isə iblis olurmuş. Ona görə də uğursuz hesab edilən bu rəqəmə "İblisin rəqəmi" də deyilir. Rəvayətə görə, ayın 13-ü cümə günü İblis Adəmlə Həvvanı yoldan çıxardığı üçün onlar cənnətdən qovulub. Bu rəqəmin nəhs adlandırılmasını xristianlıq dini ilə əlaqələndirənlər də var. İddialara görə, İsa Peyğəmbər ayın 13-ü, cümə günü çarmıxa çəkilib. Bundan başqa, xristianlıqda 13 rəqəmi satqınçılıq kimi də qəbul edilib.

Britaniyada həkimlər məhz cümə günü ayın 13-nə təsadüf edəndə həmin gün  aparılan əməliyyatların uğursuz olacağına inanırlar. Bu səbəbdən də çalışırlar ki, həmin günə əməliyyat salmasınlar. Yəhudilərin əlifba sırasındakı 13-cü hərf "m"dir. Bu hərf isə "mavet" (ölüm) sözünün baş hərfidir.

Lakin bütün bunlarla yanaşı, 13 rəqəminin uğur rəmzi olduğuna inananlar da var. Qədim misirlilər bu rəqəmin xoşbəxtlik rəqəmi olduğuna inanırdılar. İtaliya, Meksika və Çində də 13 rəqəminin xoşbəxtlik gətirəcəyinə ümid edirlər. Onların fikrincə, bu rəqəm gücün, bərəkətin simvoludur. Hətta 13 Çin dilində müvəffəqiyyət qazanmaq mənasını verir. Hind panteonunda isə 13 Budda var.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".