Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Zaman realdır, yoxsa illüziya?

Əslində bu alimlərin fikir ayrılığına səbəb olan mübahisəli mövzudur. Zaman bütün hadisələrin ardıcıllıqla sıralana və proseslərin ölçülə biləcəyi universal bir fon kimi görünür. Vaxt fasiləsizliyi və hadisələr arasında ölçülə bilən dövr, zamanın nizamını əks etdirir. Zaman əslində gerçək kimi görünür, həmişə var və sanki amansızcasına bir çay kimi axaraq irəliləyir. Görəsən zamanın bütün bu özünəməxsus xüsusiyyətləri fiziki dünya ilə əlaqəlidirmi? Yoxsa insan təfəkkürünün uydurmasıdır?
Qədim Yunan filosoflarından tutmuş, günümüzün bəzi nəzəriyyəçilərinə qədər müxtəlif elm adamları zamanın bir illüziya olduğunu düşünürlər. Eynşteyn də "keçmiş, indiki, gələcək arasındakı fərq yalnız davamlı bir xəyaldır" fikrini irəli sürmüşdür.
Bəzi filosoflara görə, indiki andan bu yana keçən zaman anlayışı psixologiyamızın bir əsəridir. Belə ki, real və ya doğru olan hər şey əbədi olaraq gerçəkdir. Reallıq qavrayışlarımızın bizə göstərdiyi hadisələrin axınına deyil, zamansız bir həqiqət aləmində yerləşən inancın elmi arqumentlərinə əsaslanır.
Kvant nəzəriyyəsini kosmoloji sahəyə yaymaqla, yalnız alt sistemi deyil, bütün kainatı əhatə etmək cəhdləri, zamanın əbədi bir reallıqdan qaynaqlandığını göstərən tənliklər üzərində qurulub. Ancaq bu cəhdlər kvant nəzəriyyəsi ilə müqayisədə həm texniki, həm də konseptual problemlərlə üzləşir. Kvant cazibə qüvvəsinin öyrənilməsindəki irəliləyiş, zamanın gerçək olduğunu ortaya çıxarır. Elə bu baxımdan da müasir alimlər qədim meto-fizik ənənəyə zidd olaraq, “zamanın yalnız real deyil, birbaşa yaşadığımız reallığın yeganə tərəfidir” fikrini irəli sürürlər.

 

Fərqli virus variantları necə yaranır?

Son vaxtlar koronavirus haqqında eşitdiyimiz ən çox yayılmış xəbər virusun daim mutasiyaya uğramasıdır. Yeni növ virusların meydana gəlməsinə variasiya deyilir. Yaranan yeni növləri isə variant adlanır. Məsələn, koronavirusun delta variantı artıq bizə tanış mövzudur. Bəs fərqli virus növləri necə yaranır?
Viruslar genetik materialları DNT və RNT olan, xəstəlik yaradan agentlərdir. Viruslar da hüceyrələr kimi çoxalmaq üçün genetik materiallarını müxtəlif fermentlər vasitəsilə surətini çıxarırlar. Lakin bəzən fermentlər hüceyrələrdəki rentgen, ultrabənövşəyi (UV) şüalar və ya kimyəvi reaksiyalar səbəbiylə genetik materialların surətinin çıxarılması zamanı saxta nüsxələr yarada bilirlər. Məsələn, DNT replikasiyasını təmin edən DNT polimeraz fermenti, sitozinin qarşısına guanini gətirmək əvəzinə adenini gətirə bilər. Bu səhv, bəzi xüsusi fermentlər kimi düzəldici mexanizmlərlə aradan qaldırıla bilər. Ancaq səhv düzəldilməzsə, genetik mutasiyalar meydana gəlir. Bu mutasiyalar virus çoxaldıqca artır.
Mutasiyalar virusun genetik materialının dəyişməsinə səbəb olur. Bu, xüsusilə virusun genlərinə, yəni zülal kodlayan bölgələrinə təsir edir. Genlər dəyişdikcə virusun səthi zülallarında (məsələn, koronavirusun səthindəki sünbül şəkilli zülallarda) və ya onun antigenlərində (antikor bağlayan yerlərdə) dəyişikliklər olur. Virusda meydana gələn bu mutasiyalar bəzən ona təsir göstərmir, bəzən isə daha yoluxucu yeni variantların ortaya çıxmasına, yaxud tamamilə yox olmasına səbəb olur.

Vücudumuz radiasiya yayırmı?

İnsan bədəni də daxil olmaqla, temperaturu sıfırdan yuxarı olan bütün cisimlər elektromaqnit şüaları yayır. Radiasiyanın miqdarı, cismin səth istiliyindən asılıdır.
Bədənimizdəki əsas istilik mənbəyi biokimyəvi reaksiyalar nəticəsində ayrılan enerjidir. 37 dərəcə Selsi ətrafında olan vücudumuz əsasən infraqırmızı dalğa uzunluqlarında parlayır. Radiasiyanın ən sıx dalğa uzunluğu təxminən 10 mikrometrdir. Bu, işığın dalğa uzunluğundan daha artıqdır. İnfraqırmızı işığı təyin edə bilən gecə görmə kameraları insan bədənindən yayılan istilik radiasiyasını alqılayaraq görüntüləyə bilirlər.
Stefan-Boltzmanın tənliyinə görə, insan bədənindən yayılan istilik radiasiyasının gücü təxminən 860Vt-dır. Ancaq dərimizin istiliyi bədən temperaturundan 3-4 dərəcə aşağıdır. Buna görə də temperaturu 20 dərəcə Selsi olan bir mühitdə, udulan və yayılan istilik miqdarı da nəzərə alınmaqla, insan bədəninin şüalanması nəticəsində xalis istilik itkisi təxminən 130Vt təşkil edir.

Rəng korluğuna səbəb nədir?

Rəng korluğu – Daltonizm xəstəliyi bəzi rəngləri düzgün qəbul edə bilməməklə yanaşı, fərqli formalara sahibdir. Rəng korları, müəyyən rəngləri digər insanlardan fərqli qəbul etdiklərinin fərqində olmurlar.
Rəng korluğunun necə meydana gəlməsini anlamaq üçün əvvəlcə, ümumiyyətlə, necə görürük sualına cavab vermək düzgün olardı. Günəşdən və ya süni işıq mənbəyindən gələn şüalar bir cisimlə qarşılıqlı əlaqədə olduqda, bəzi dalğa uzunluqlu işıqlar udulur, digərləri isə əks olunur. Cisimlərdən əks olunan şüalar gözə çatdıqdan sonra buynuz qişaya daxil olur, sonra isə retinaya fokuslanır. Retinada işığa həssas olan sinir hüceyrələrinin (fotoreseptorlar) çubuq və konus adlanan iki növü var. Bu hüceyrələr işığı udduqda quruluşlarında kimyəvi dəyişikliklərə səbəb olan piqmentlərdən ibarətdir. Baş verən dəyişiklik elektrik siqnalının yaranmasına səbəb olur. Bu siqnallar beyinə çatanda rənglər yaranır.
Rəng korluğu fotoreseptor hüceyrələrində piqment çatışmazlığı və bu hüceyrələrin öz funksiyalarını düzgün yerinə yetirməməsi səbəbindən baş verə bilər.
Qırmızı və yaşıl rənglə əlaqəli rəng korluğunda bu rənglə əlaqəli konus hüceyrələrində piqmentlər düzgün işləməyə bilər. Bu vəziyyətdə qırmızı, narıncı və sarı rənglər yaşıl ton kimi qəbul edilir və çox da parlaq olmurlar. Yaşıl konus hüceyrələri düzgün işləmədikdə isə sarı, yaşıl rənglər qırmızı ton kimi qəbul edilir və ümumiyyətlə hər bir konus hüceyrələrində problem varsa, yalnız qara, ağ və boz rənglər görünür.

 

Almazlar necə əmələ gəlir?

Almaz kristalizasiya edilmiş saf karbondan ibarət ən sərt qiymətli daşdır. Bu daşın mənbəyini ilk dəfə fransız kimyaçısı Lavoisier kəşf edib. Belə ki, alim almazı yandırmış və ortaya çıxan qazın karbondioksid olduğunu gördükdən sonra bu qənaətə gəlmişdir.
Almazlar geoloji dəyişikliklər nəticəsində bəzi karbonların həddindən artıq istilik və  təzyiq altında əriyib kristallaşmasından yaranır. Bu nadir tapılan qiymətli daşlar, Yerin mantiyasında təxminən 150-200 kilometr dərinlikdə yaranır. Elm adamları almazların ən dərin zəlzələlər və vulkanik püskürmələrin baş verməsi nəticəsində əmələ gəldiyini düşünürlər.
Almazların kömürün metamorfozu (dəyişmə) nəticəsində əmələ gəlməsi fikri də mövcuddur. Amma bu fikir doğru deyil. Çünki kömürün mənbəyi quru bitkilərdən ibarətdir. Almazlar isə quru bitkilərdən çox qədimdir. Bundan əlavə almazların əmələ gəldiyi dərinlikdə kömür mövcud deyil. Ona görə də, bu daşların kömürdən əmələ gəlməsi fikri qeyri-realdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.