QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 və 31 oktyabr, 2 və 3 noyabr tarixli saylarımızda)

4 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE İnformasiya agentliyinə müsahibə verib. Müxbirin: "Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlardan istifadə edirsiniz?" - sualına cavab olaraq deyib: "Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik...".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirib: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Ermənistan Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

***

Rusiya Cənubi Qafqazda münaqişənin daha tez başa çatmasından ötrü ondan asılı olan hər şeyi edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin dini icmaların nümayəndələri ilə görüşdə bəyan edib. RF prezidenti deyib: "Bilirsinizmi, Rusiya Cənubi Qafqazda münaqişənin mümkün qədər tez başa çatması, qarşı-qarşıya duran və təəssüf ki, indiyədək bir-birini avtomat, tüfəng nişangahından görən, bir-birinə qarşı silah qaldıran insanların həyatını qorumaqdan ötrü ondan asılı olan hər şeyi edir".

Rusiya lideri onu da deyib ki: "Hər halda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümidvaram ki, biz regionda yaşayan insanları qane edən şərtlər daxilində nəticəyə nail ola biləcəyik".

(davamı növbəti saylarımızda)