Xəzərsahili dövlətlər: tarixi anlaşma
Siyasət

Xəzərsahili dövlətlər: tarixi anlaşma

2018-ci il avqustun 12-də Aktau şəhərində  Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb

2018 -ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərsahili dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov rəsmiləşdirib.

Qeyd etmək lazımdır ki, uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkənin Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı imzaladığı sənəd çox mühüm əhəmiyyət daşıyır. Bu hadisəyə o zaman bir sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş verənlərə böyük maraq göstərdilər. Azərbaycan tərəfi isə o dövrdə bu Konsepsiyanın imzalanmasında böyük pay sahibi idi. Prezident İlham Əliyev çıxışlarında bu faktoru qeyd edib. Bildirib ki, Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin stabil vəziyyətinin qorunub saxlanılması, yarana biləcək hər hansı bir qarşıdurmanın önünə keçəcək əhəmiyyətə malik ola bilməsi baxımından əsas prioritetdir. Xəzərin göl, yoxsa dəniz olması mövzusu da müzakirə edilmiş, yekunda ona xüsusi status verilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq 12 fevral 2019-cu ildə "Xəzər dənizinin hüquqi statusu haqqında" 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyanı təsdiq edib.

 Bu Konvensiyanın imzalanması Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Tərəflər arasında əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitini, eləcə də mehriban qonşuluq münasibətlərini dərinləşdirmək və genişləndirmək istəyini özündə ehtiva edir. Konvensiyaya uyğun olaraq beş ölkə - Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və İran Xəzər dənizində suverenliklərini, suveren və müstəsna hüquqlarını, eləcə də yurisdiksiyalarını həyata keçirə bilər, həmçinin dənizin suyu, dibi, təki, təbii resursları və onun üzərindəki hava məkanı da daxil olmaqla, Xəzər dənizinin istifadəsinə münasibətdə tərəflərin hüquq və öhdəlikləri müəyyən olunur və tənzimlənir.

Azərbaycan və digər dörd ölkə Xəzər dənizindəki fəaliyyəti müəyyən prinsiplər əsasında həyata keçirməyi razılaşdırıblar. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq, Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll olunması, Xəzər regionunda təhlükəsizlik və sabitliyin, Xəzər dənizində tərəflərin sabit silahlanma balansının təmin edilməsi, bir-birinin təhlükəsizliyinə xələl yetirilməməsi və digər müddəalar Konvensiyada razılaşdırılmış əsas prinsiplərdir.

Bundan əlavə, 2018-ci il avqustun 12-də Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol da imzalanıb.

Musa BAĞIRLI,

"Respublika".