UNUDULMAZLAR
Region

UNUDULMAZLAR

Azərbaycan xalqı öz tarixinin ən qürurverici səhifələrindən birini yaşayır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə  düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu.

Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə burun-buruna dayanaraq, canlarıyla sipər oldular ana torpağa... Qarabağda qanlarıyla Azərbaycanın qürurverici zəfər tarixini yazdılar. Yevlaxda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Quliyev Fəhmin Yunis oğlunun ad günü anadan olduğu Yevlax rayonu Qaramanlı  kənd qəbiristanlığındakı məzarı başında qeyd edilib. Yaşasaydı 23 yaşı olacaqdı… Anım mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər Təhsil Şöbəsinin əməkdaşları şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi və  qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı  ilə qazanılan misilsiz qələbədən, şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan ətraflı söhbət açaraq, onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını qürurla bildiriblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhunu böyük ehtiramla yad ediblər.

Sonra Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin keçirdiyi şəhidin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə  Fəxri fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib. Şəhidin təhsil aldığı Qaramanlı kənd tam orta məktəbinin şagirdlərinin şəhidin xatirəsinə hazırladıqları bədii kompozisiya dinlənilib.

Fəhmin Quliyev 22.11.1998-ci ildə Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. Vətən müharibəsində qismən səfərbərlik çağırışçısı  kimi iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayonu Qaramanlı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhid Fəhmin Quliyevin valideynləri övladları ilə fəxr etdiklərini söyləyərək, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".