Qısa, şərəfli ömür
Sosial həyat

Qısa, şərəfli ömür

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. Bu haqq savaşında qələbə qazandığımıza görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qazi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik  xalqımızın mənliyində yaşayan  yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Zaman-zaman igidlərimizi itirdik, Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. 

Qarabağda, eləcə də Vətənimizin digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizə müharibə mərhələsinə keçəndə igid oğullarımız hünər və qeyrətini silaha çevirib döyüşlərə yollandılar. 

Azərbaycanın İkinci Qarabağ savaşında mənfur düşmən Ermənistan üzərində qələbə çalmasında və torpaqlarımızın işğaldan azad edilməsində son damla qanlarına kimi döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın böyük xidmətləri olub. Düşmənlə döyüşlərdə böyük şücaətlər göstərən və qəhrəmancasına şəhid olan Pənahov Ülvi Nizami oğlunun da torpaqlarımıza azadlıq gətirənlərin simasında imzası var. Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi. Canından artıq sevdiyi Vətən, torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə ucaldı... 

Ülvi Pənahov 2001-ci il martın 4-də Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətdə olan Ülvi  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabrın 3-də qəhrəmancasına şəhid olmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli sərəncamları ilə Ülvi Pənahov ölümündən sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da, əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında  19 yaşlı bir gənc kimi yaşayacaq.

M.MİRZƏ,

“Respublika”.