DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİN DANIŞIQLARIN UZANMASINDA RƏSMİ KİYEVİ İTTİHAM EDİB

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev “yeni real olmayan təkliflər” irəli sürməklə danışıqların keçirilməsini uzatmağa cəhd göstərir. “Report” agentliyinin Kremlin saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Almaniya kansleri Olaf Şoltsla martın 18-dəki telefon danışığı zamanı bildirib.

Məlumata əsasən, Putinin Şoltsa Moskvanın məqbul saydığı prinsipial yanaşmalar üzərində böhranın həll yollarının tapılmasına hazır olduğu vurğulanıb.

Bununla yanaşı, Vladimir Putin kanslerlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Makeyevka şəhərlərində yaşayış binalarını atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, həmin şəhərlərin atəşə tutulması nəticəsində çox sayda dinc sakin həlak olub.

Prezident həmçinin martın 17-də Ukraynanın Mariupol şəhərindən 43 min nəfəri təxliyə etdiklərini bildirib. Vladimir Putin Rusiya və Ukrayna nümayəndə heyətlərinin videoformatda keçirilən danışıqları ilə bağlı materialları da Olaf Şoltsa təqdim edib.

 

DÖRD AVROPA ÖLKƏSI RUSİYA DİPLOMATLARINI ÖLKƏDƏN ÇIXARIR

Bolqarıstanın ardınca Litva, Latviya və Estoniya da Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar verib. “APA”nın xəbərinə görə, bu barədə həmin ölkələrin Xarici İşlər nazirlikləri məlumat yayıb.

Bildirilir ki, Rusiya səfiri Aleksey İsakov Litva XİN-ə çağırılıb və ona səfirliyin dörd əməkdaşının “persona non qrata” elan olunması ilə bağlı nota verilib. “Diplomatik statusa zidd fəaliyyətdə” ittiham olunan diplomatlar dərhal ölkəni tərk etməlidir.

Estoniya da Rusiya səfirliyinin üç əməkdaşını “təbliğat yaymaq və təhlükəsizliyə təhdid törətmək” ittihamı ilə “arzuolunmaz şəxs” elan edib.

Bununla yanaşı, Latviya da “diplomatik statusa zidd fəaliyyətə görə” Rusiya səfirliyinin daha üç əməkdaşını ölkədən çıxarır.

Qeyd edək ki, martın 18-də Bolqarıstan Xarici İşlər Nazirliyi 10 rusiyalı diplomatını “persona non qrata” elan edib və onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

 

UKRAYNA PAYTAXTI RAKET HÜCUMUNA MƏRUZ QALIB

Martın 18-də səhər saatlarında Rusiya hərbi hava qüvvələrinin Ukrayna paytaxtı Kiyevə raket zərbəsi endirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna müdafiə qüvvələri buraxılan raketi havada zərərsizləşdirə biliblər.

Məlumata görə, Kiyevin Podolsk rayonunda vurulan raketin qalıqlarının düşməsi nəticəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Xilasedicilərin sözlərinə görə, birinci və üçüncü mərtəbələrdəki mənzillər yanıb. İlkin məlumata görə, bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

Eyni zamanda, Kiyev şəhər dövlət administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik brifinqdə çıxışı zamanı bildirib ki, Rusiya qoşunlarının paytaxta genişmiqyaslı hücumu başlayandan indiyədək 60-ı dinc sakin olmaqla 222 nəfər həlak olub. Onların arasında dörd uşaq da var.

 

ÇİNDƏ KORONAVİRUSA YOLUXMA HALLARININ SAYI ARTMAĞA BAŞLAYIB

Çində koronavirusa 2461 kəskin formalı yoluxma halı qeydə alınıb. “Report”un “Interfaks” agentliyinə istinadən  verdiyi xəbərə görə, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, daha 1226 nəfərdə simptomsuz yoluxma müəyyən olunub. Qeyd edilir ki, Çində kəskin formalı və simptomsuz yoluxma halları ayrıca hesablanır.

Hökumətin qapanma da daxil olmaqla sərt tədbirlər görməsinə baxmayaraq, ölkədə yoluxma halları artmaqdadır.

Xatırladaq ki, pandemiya başlayandan sonra Çində 126324 yoluxma halı qeydə alınıb. Virusa yoluxmuş 4636 nəfər vəfat edib.

 

VOLODIMIR ZELENSKİNİN NOBEL SÜLH MÜKAFATINA NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

Avropanın sabiq və hazırkı siyasətçiləri və Avropa Parlamentinin üzvləri Ukrayna prezidenti Volodimir Zelenskinin 2022-ci il üçün Nobel Sülh mükafatı ilə təltif edilməsi təşəbbüsünü irəli sürüblər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, ərizə qəbulu başa çatdığı üçün təşəbbüsün müəllifləri Norveçin Nobel Komitəsini namizədlərin irəli sürülməsi proseduruna yenidən baxmağa çağırıb.

Müraciətdə deyilir: “Prezident Volodimir Zelenskinin və Ukrayna xalqının Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi üçün namizədlik prosesini 2022-ci il martın 31-dək uzatmağı xahiş edirik”.

Bununla yanaşı, Norveç Nobel Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu il mükafata 251 şəxs və 92 təşkilat iddia edir.

 

AVROPA ITTIFAQI RUSİYA ENERJİ DAŞIYICILARINDAN İMTİNA EDƏ BİLƏR

Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibənin uzanacağı təqdirdə Rusiyadan enerji daşıyıcıları idxalına son qoymaq məsələsini araşdırır. “Report” agentliyinin “El Pais” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu diplomatik mənbələr bildirib.

Belə ki, Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar zərfi sonrakı fəndlər imkanını az qala sıfıra endirərək Moskva ilə enerji əlaqələrinin tam kəsilməsini gündəmə gətirəcək.

Aİ-nin Almaniya və bir sıra başqa üzv ölkələri bunu dəstəkləməsə də, müharibənin uzanması halında həmin ölkələrə Rusiyadan qaz, neft, kömür idxalını tam dayandırmaları üçün təzyiqlər arta bilər.

Eyni zamanda, Avropa İttifaqının martın 24-25-də keçiriləcək zirvə görüşündə iştirak edəcək ABŞ prezidenti Cozef Baydenə qarşı Rusiya enerji daşıyıcılarından imtina olunması müqabilində ABŞ-dan LNG idxalı ilə bağlı daha əlverişli şərtlər tətbiqi üçün təzyiqlər göstəriləcəyi də qeyd olunur.

 

YAPONİYADAN ÇİNƏ XƏBƏRDARLIQ

Çinə məxsus dörd sahil mühafizə gəmisinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olduğu bildirilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Yaponiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumatda Çin gəmilərinin Yaponiyanın ərazi sularını pozduğu qeyd olunur. Bildirilir ki, gəmilər Tayşo adalarına yaxınlaşıb və iki saata yaxın Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə qalıblar. Gəmilər daha sonra Kubasima adasından 25 kilometr şimal-şərqə üzüblər. Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra Çinə məxsus gəmilər bölgəni tərk ediblər.

Şərqi Çin dənizində Yaponiyanın Senkaku və Çinin Diaoyu adlandırdığı arxipelaq beş adadan ibarətdir. Heç kimin yaşamadığı arxipelaq uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur.

 

İRAN URANDAN DƏRMAN İSTEHSAL ETMƏYƏ BAŞLAYIB

İran 60 faizə qədər zənginləşdirdiyi uranının bir hissəsindən radiodərman istehsal etməyə başlayıb. “APA”nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Atom Enerji Təşkilatı məlumat yayıb.

Verilən xəbərə əsasən, 60 faiz zənginləşdirilmiş uranın forması “Molybdenum-99” izotopu yaratmaq üçün dəyişdirilib.

Açıqlamada bildirilir ki, bu izotoplar əsasən “Technetium-99” maddəsinin istehsalı üçün nəzərdə tutulub. Bu maddə isə ürəyin əzələləri, bədənin skeleti və daxili orqanların şəklini çəkmək üçün istifadə olunur.

Eyni zamanda, məlumatda qeyd olunur ki, forması dəyişdirilmiş uranın digər ölkələrə göndərilməsinə ehtiyac olmayacaq və Qərb ölkələri İranın bu addımını tənqid edə bilməyəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.